Elxan Məmmədovun AFFA biznesi: Yuyulan və yeyilən milyonlar — — ARAŞDIRMA

 Elxan Məmmədovun AFFA biznesi: Yuyulan və yeyilən milyonlar — ARAŞDIRMAÖlkə.az-ın AFFA-da baş verən son proseslərlə bağlı silsilə araşdırmaları davam edir.

Bu dəfə Elxan Məmmədov-Ramin Musayev cütlüyünün Rövnəq Abdullayevə qarşı yaratdığı ittifaqdan, "dost" cütlüyün bizneslərindən və digər mətləblərdən söhbət açacağıq.

5 milyarda dağıdılan klublarımız

Əvvəla ondan başlayaq ki, daxil olan məlumata görə Rövnəq Abdullayev son ana qədər yenidən namizədliyini irəli sürmək istəmirmiş. Çünki rəhbərlik etdiyi Azərbaycan futbolu son səkkiz ildə nəinki bir addım, hətta səkkiz santimetr də "qabağa" gedə bilməyib. İlk baxışdan pafoslu görünən bu fikirləri real faktlarla əsaslandıraq.

2005-2015-ci illləri əhatə edən dövlət proqramının icrasına 5 milyard manat pul ayrılmışdı ki, həmin vəsaitin acı aqibəti ən sadəlövh və ən optimist futbol azarkeşinə də bəllidir. Məsələn, on illik dövlət proqramı necə icra olundusa, dağılmış klublarımızın sayı yaradılmış klubların sayını ötüb keçdi. Ən pisi odur ki, ölkəmizi Çempionlar Liqasında, Avroliqada təmsil etmiş "Şəmkir", "Viləş", "Xəzri", "Simurq", həmçinin, birinci dəstənin qalibi olmuş "Araz Naxçıvan" tarixə qovuşdular.

SOCAR-dan pul əmən üç klub

İnkişaf adına layiq olanlar isə daha diqqətçəkəndir. Ölkənin köklü klublarından olan "Kəpəz" iki ildən bir yaranır və dağılır, "Turan" illərdir birinci liqada sürünür, yaxud süründürülür. Əvəzində birinci dəstədə AFFA-dan, dolayısıyla SOCAR-dan maliyyələşən səkkiz klub var ki, onların da mövcudiyyəti hər an sual altındadır. Sadəcə, bu klublar "birinci liqamız da var" demək üçün saxlanılır.

Hazırda premyer-liqadakı üç komanda - "Neftçi", "Kəpəz" və "Sumqayıt" eyni mənbədən - SOCAR-dan maliyyələşir. Yəqin ki, hətta Zimbabve çempionatında da belə anormallıq yoxdur.

Ramin Musayevlə Elxan Məmmədovun kabinet söhbətləri

Bu arada PFL prezidenti Ramin Musayev barədə ilginc informasiyalar əldə etmişik. Son aylarda mətbuatdan qaçan, danışanda da bədbin proqnozlar verən, hətta deyilənə görə özünə və AFFA-da işlə təmin etdiyi qohumlarına iş axtaran Musayevin əhval-ruhiyyəsində xeyli irəliləyiş var. Məsələn, o, indi illərlə düşmən münasibətində olduğu Elxan Məmmədovla daha sıx ünsiyyətdədir. Vəziyyət o qədər ilginc xarakter alıb ki, illərin düşməni olan Ramin Musayev və Elxan Məmmədov hazırda bu düşmənçiliyə tamamilə son veriblər. Bir-birinin həndəvərinə yaxın durmayan "dostlar" indi günlərini bir-birinin kabinetində keçirir, çay içir, bir-birinin biznesinə girməmək barədə razılığa gəliblər. Bu arada qeyd etmək yerinə düşər ki, AFFA-nın büdcəsi bu ildən təxminən iki dəfə azaldılacaq.

Ramin Musayevin keçmiş və indiki biznesi və həbsi

İndi isə Ramin Musayevin biznesi barədə bir neçə kəlmə. Keçmiş polis əməkdaşı olan Musayevin əvvəlki biznesi Gürcüstandan ərzaq mallarını gətirib Bakıdakı topdansatış mərkəzlərinə paylamaq olub. Hazırda isə onun əsas biznesi top satmaq, komandalara cəza yağdırmaq, transferlərdən gələn gəlirlər, klublara sırınan oyunçulardan ibarətdir. Yəni bütün bunlar üzdə görünənlərdir. Heç bir klub Musayevin razılığı olmadan oyunçu transfer edə bilməz və o, bu işləri Polad adlı menecer qohumu vasitəsilə edir. Əgər hansı klub bu "qaydalar"a uymasa, onların "müqəddəratı" hakimlərə tapşırılır. Hakim və inspektorlara hədə-qorxu gəlinərək, "qaydalar"dan kənara çıxan komandalar "sındırılır". Bütün bunlar R.Musayevin son illərdə PFL sistemində əldə etdiyi biznes uğurlarıdır. Onun biznesinin böyük hissəsi isə Gürcüstan və Fransadadır. Bu bizneslər də keçmiş polis işçisinin PFL rəhbəri təyin olunmasından sonra "doğulub". Bu arada qeyd edək ki, Ramin Musayev vaxtilə DİN əməkdaşı olub və cinayət törətdiyi üçün mühakimə olunaraq vəzifədən azad edilib. Sonradan Rövnəq Abdullayevin mərhum qardaşı Abbas Abdullayevin köməyi ilə həbsdən azad edilib. Həmçinin "Neftçi"nin vitse prezidenti postuna gətirilib.

Elxan Məmmədovun biznesi? 128 min avro...

Elxan Məmmədov isə Ramin Musayevdən fərqli olaraq AFFA-da həmişə verdiyi əndrəbadi ideyalar hesabına pul qazanıb. Məsələn, hər il 100 min manat büdcəsi olan Top festivalı, Berlində açılan, illik büdcəsi 500 min avro olan futbol məktəbi, "Caspian Cup", xaricdə təşkil olunan lazımsız təlim-məşq toplanışları Məmmədovun əndrəbadi ideyaları silsiləsindəndir. Dediklərimizə dair çox primitiv bir fakt göstərək. Məsələn, İspaniyada milli komanda və bir Azərbaycan klubu (adını özümüz yazmırıq-red.) eyni ildə, eyni oteldə, eyni müddətdə qalıb və təlim-məşq toplantısı keçirib. Bunun üçün klub 68 min avro, milli komanda isə 127 min avro ödəyib. Ölkənin müxtəlif regionlarında mini stadionların tikilməsini də AFFA həyata keçirib. Burada da kifayət qədər maliyyə şişirtmələrinin olduğu heç kimə sirr deyil. Ancaq yaxın günlərdə Elxan Məmmədovun şəxsi biznes imperiyası barədə daha ətraflı yazacağıq.

Susdurulan mətbuat və mətbuat komitəsi

Yəqin hər biriniz üçün maraqlıdır ki, bütün bunlar niyə indiyə kimi mətbuata sızmayıb. Əslində, dəfələrlə bu və ya digər formada yazılar yazılıb. Bütün bu faktlar müəyyən hissələr şəklində zaman-zaman mətbuata sızıb. Amma heç zaman heç kim bu barədə ətraflı yazmayıb. Bunun da bir səbəbi var. Hazırda idman jurnalistikası cüzi istisnalarla iki cəbhəyə bölünüb və onların yarısı Ramin Musayevin, yarısı isə Elxan Məmmədovun tərəfindədir. Elə bu iki şəxs arasındakı "soyuq müharibə" də məhz həmin jurnalistlərin əli ilə baş verir. Ancaq bu yaxınlarda AFFA-nın yaratdığı mətbuat komitəsi isə idman mətbuatının tamamilə susdurulması prosesinin son akkordları idi. İndi əminliklə demək olar ki, bundan sonra Ramin Musayev və Elxan Məmmədov jurnalistlər vasitəsilə bir-birini "vurdurmayacaqlar". Çünki sözügedən qurum birbaşa AFFA-nın tabeçiliyindədir.

İndilikdə Musayevə dəyən ən böyük zərbə ondan ibarətdir ki, klubların idarəçiliyi onun əlindən alınır. Bu isə o deməkdir ki, illərdir davam edən soyuq müharibədən Məmmədov daha qazanclı çıxır. Hər iki tərəfin qazandığı isə Rövnəq Abdullayevin zərərsizləşdirilməsi idi. Ramin Musayev isə transfer və digər məsələlərə nəzarəti əlində saxlayacaq.

Əslində, məsələyə bir qədər başqa prizmadan yanaşsaq görərik ki, R.Abdullayev iki ildir faktiki olaraq AFFA-dakı idarəçiliyini Elxan Məmmədov və Elşad Nəsirova təhvil vermiş və bu reallıqla barışmışdı. Ancaq R.Abdullayevin AFFA-da maliyyə mənbəyi olaraq qalacağı dəqiqdir. Yəni onun səlahiyyətləri əlindən alınır və sadəcə maliyyə mənbəyi kimi qalır.

Elxan Məmmədov Musayevi niyə uzaqlaşdırmır?

Elxan Məmmədovun Ramin Musayevi sistemdən uzaqlaşdırmamasının əsas səbəbi ikincinin klublara təsir imkanlarının daha böyük olması ilə bağlıdır. Yəni, Musayev bu kimi işlərdə yetərincə usta əldir. Ancaq Musayevin özünün də bu sistemdə qoruduğu şəxslər var. Bu siyahıya isə hakimlər komitəsinin sədri Xəqani Məmmədov başçılıq edir. Elxan Məmmədova qalsa, bu postu keçmiş FİFA referisi Tahir Süleymanova həvalə etməliydi. Amma Musayev buna hər vəchlə əngəl olmağı bacardı. Çünki bütün "qara işlər" məhz X.Məmmədovun əli ilə aparılır və onun qurumdan uzaqlaşması xeyli sirlərin üstünü aça bilərdi.

Araşdırmalarımız davam edəcək.






Fikirlər