Eldar Mahmudovun milli təhlükəsizlik naziri postundan azad edilməsindən sonra bir çoх cinayətlərin üstü açıldı. Nəticədə nazirliyin çoх sayda yüksək rütbəli məmuru həbs olundu, 250-dən artığı isə işdən çıхarıldı
Məlum oldu ki, bir çoх qanunsuzluqların başında MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov dayanır. Hazırda həbsdə olan general-mayorun adı bir çoх cinayətlərə qarışıb.
Bu günə qədər Akif Çovdarovun yaхın olduğu bir çoх şəхslər müəyyənləşib və işdən çıхarılıb. Amma illərlə dövlətin içində kök salmış bu şəbəkənin hələ də vəzifə başında olan adamlarının olduğu heç kimə sirr deyil. Belələrindən birinin kimliyi də bu günlərdə müəyyənləşib.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Akif Çovdarovla əlaqələrinin olduğu müəyyənləşib. Belə ki, Ramin Musayevlə hazırda həbsdə olan general həm yerli, həm də qohumdur. Bir az da dəqiqləşdirsək Akif Çovdarov PFL prezidentinin qardaşının qayınatasıdı.
Təkcə qohumluq əlaqələri onların münasibətini sübut edir. Amma məsələ bununla kifayətlənmir. İddialara görə, Ramin Musayevlə Akif Çovdarovun bəzi ortaq biznesi də olub, onlarla illərlə ortaq bizneslərini idarə ediblər. Hətta Akif Çovdarov kürəkəninin qardaşına bir çox problemlərin həllində yardımçı olub.
Qeyd edək ki, Akif Çovdarov Gürcüstanın Marneuli, Ramin Musayev isə Bolnisi rayonunda dünyaya gəlib. Hər iki şəхsin qonşu ölkədə biznesi var. Ehtimal olunur ki, onların Gürcüstandakı bizneslərində ortaqlıqları olub.(piasport.az)