AFFA-da "Üçbucaq müharibə" — Elxan Məmmədovun komandası çat verdi
AFFA-da qeyri müəyyənlik davam edir. Təşkilatdaxili çəkişmələrin mətbuata sızması Rövnəq Abdullayev-Elxan Məmmədov-Elşad Nəsirovdan ibarət "Üçbucaq müharibə"sini bir qədər də alovlandırıb. Ancaq indilikdə mətbuata bu kimi məlumatların sızması daha çox Abdullayevin işinə yarayır. O, hesabat verəcəyi yerlərə nümayiş etdirir ki, əslində, təşkilatın fəaliyyətini məhz Elşad Nəsirovla Elxan Məmmədov kölgə altına salır. Əldə etdiyimiz digər məlumata görə, Ölkə.az-ın dərc etdiyi materiallardan sonra Elxan Məmmədovun AFFA-dakı komandasında ciddi narazılıq yaranıb. Bir qədər bədiiləşdirsək, münasibətlərdə böyük çatlar əmələ gəlib. Baş katib hesab edir ki, mətbuata informasiyalar komandanın daxilindəki hansısa "satqın" tərəfindən ötürülür və həmin şəxs baş katibliyə iddialıdır. Etiraf etmək lazımdır ki, Məmmədov müəyyən mənada haqlıdır. Belə ki, ad çəkməsək də, məlumatların redaksiyamıza məhz komandanın daxilindən ötürüldüyünü deyə bilərik. Əbəs deyil ki, dünən AFFA-da dərc olunan materiallarla bağlı toplantı keçirilib və qeyri-rəsmi də olsa, ayrı-ayrı şəxslərə xəbərdarlıq edilib. Həmçinin hakimlərə narazılıqlarını açıq şəkildə ifadə etməmək tapşırığı verilib. Qısaca desək, hansısa hakim dörd aydır qonorar almadıqları barədə bir cümlə danışarsa, nüfuzundan, təcrübəsindən. ad-sanından asılı olmayaraq, üstündən xətt çəkilə bilər. Daha bir informasiyada deyilir ki, Elxan Məmmədov komandasında ciddi islahatlar həyata keçirməkdə israrlıdır. Vəziyyət o həddə çatıb ki, baş katib təşkilatdakı ən yaxın adamlarından belə şübhələnməyə başlayıb. Artıq AFFA-nın bir zamanlar iki-üç cəbhəyə ayırdığı idman saytları da qurumu müdafiə etməkdə acizdir. Devalvasiyaya qədər qurumdan "aylıq"larını alıb, ona "toxunmayan", əksinə digər mətbu orqanlarda AFFA əleyhinə dərc olunmuş materialları çıxartdıran idman mətbuatı bu dəfə məsuliyyətin altına girməkdən boyun qaçırıb... Əlimizdə təşkilatın daxilində baş verənlərlə bağlı daha maraqlı informasiyalar var. Müəyyən dəqiqləşdirmələrdən sonra əldə etdiyimiz məlumatları və sənədləri təqdim edəcəyik. AzezrTaym.a