Azərbaycanlı cüdoçu Qran Pri yarışında bürünc medal uğrunda görüşə VƏSİQƏ QAZANIB

Hidayət Heydərov kosovalı Akil Qjakova ilə güləşəcək

Türkiyənin Antalya şəhərində cüdo üzrə Qran Pri yarışı davam edir.

“Report”un məlumatına görə, 100 min dollar mükafat fonduna malik turnirin ikinci günündə Azərbaycan milli komandasının daha 3 üzvü mübarizəyə qoşulub.

Onlardan Gülsədəf Kərimova (63 kq) ilk görüşdə uduzub. Hüseyn Rəhimli (73) isə Hyunsu Parka (Cənubi Koreya) qalib gəlsə də, 1/8 finalda Rok Draksiçə (Slovakiya) yenilərək, medal əldə etmək şansını itirib.

Hidayət Heydərov (73 kq) isə bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. İlk görüşdə Laşa Lomidzeyə (Rusiya) qalib gəlib, 1/4 finalda Hasan Vanlıoğluna (Türkiyə) uduzan cüdoçu, təsəlliverici görüşdə Xadbatar Naranxunu (Monqolustan) üstələyib. H.Heydərov “bürünc” uğrunda kosovalı Akil Qjakova ilə güləşəcək.

Qeyd edək ki, ilk yarış günündə tatami üzərinə çıxan 7 cüdoçudan yalnız biri mükafatçılar sırasına düşməyi bacarıb. 52 kq çəki dərəcəsində yer alan Nəzakət Əzizova bürünc medala sahib olub.

AzerTaym.az






Fikirlər