Neymar: "Futbolla nə vaxt vidalaşacağımı bilmirəm" - MÜSAHİBƏ

Ümid edirəm ki, qol vurmağa və rekordlar qırmağa davam edə biləcəyəm

"Barselona" klubunun və Braziliya milli komandasının futbolçusu Neymar "Neymar Jr’s Five" turnirinin mətbuat xidmətinin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir... 

- Siz Braziliya milli komandasının hesabına 50 qol yazmısınız və bu göstəricidə yalnız Romario, Ronaldo və Peledən geri qalırsınız. Pelenin 77 qolluq göstəricisini keçmək sizin üçün hansı əhəmiyyəti kəsb edir?

- Bu, mənim üçün böyük şərəf olar. Pelenin rekordunu keçmək mənim arzumdur. Braziliya yığmasında oynamaq, qollar vurmaq və komandaya yardım etməklə istəyimə nail ola bilərəm. Bundan başqa. ümid edirəm ki, qol vurmağa və rekordlar qırmağa davam edə biləcəyəm. Bu, məni çox xoşbəxt edəcək. Heç kimdən yaxşı olmaq istəmirəm, yeganə istəyim özümdən yaxşı olmaqdır. Fikrimcə, əsas vacib olan budur.

- Karyeranızın qalan hissəsində hansı nailiyyətləri əldə etməyi planlaşdırırsınız?

- Planlarım çoxdur. Məni hələ xeyli görüləcək iş, əldə ediləcək uğur gözləyir. Futbolla nə vaxt vidalaşacağımı bilmirəm, bu barədə heç fikirləşməmişəm. Lakin nə qədər ki, futboldan həzz alıram, oyun günü yaxınlaşdıqca həyəcanım daha da artır, oynamağa davam edəcəyəm.

 

- 2018-ci il dünya çempionatından nə gözləyirsiniz?

- Dünya çempionatı haqqında daim fikirləşirəm. Mən xəyalpərəst adamam. Kuboku almaq, çempionatın qalibi olmaq haqqında daim fikirləşirəm, həmin anları xəyal edirəm. Bununla bərabər 2018-ci ilə ciddi hazırlaşıram.

 

- "Barselona" və Braziliyadan başqa özünüzü o komanda üçün qol vuran təsəvvür etdiyiniz bir komanda varmı?

- Uşaq olanda başqa klublar, Avropa və hətta Braziliya klublarında oynadığımı çox xəyal edirdim. Lakin həmişə "Barselona"da oynamağı arzu etmişəm. Sevinirəm ki, bu arzuma çatdım.

- "Neymar Jr’s Five" turnirini növbəti dəfə 2017-ci ildə keçirmək necə hissdir?

- "Neymar Jr’s Five" turnirinin ikinci dəfə keçirilməsinə görə çox sevinirəm, yarışa bütün dünyada marağın olması məni çox şad edir. Budəfəki yarışda 50-dən artıq ölkəni təmsil edən komandalar iştirak edəcəklər, buna görə də çox sevinirəm. "Neymar Jr’s Five" turnirinin onlara zövq bəxş edəcəyinə ümid edirəm. Çünki ən əsası, xoşbəxt olmaq və zövq almaqdır.

- "Neymar Jr’s Five 2016"da ən yaddaqalan an hansı idi?

- Ən yaddaqalan an... Mənə elə gəlir ki, həmin an ümumilikdə sonuncu gün idi - orada onların arasında olmaq, hər kəsin yanında, oyunçuların yanında olmaq, onların oynadığını, sevindiyini görmək və hər şeyin bir parçası olmaq. Məncə, həmin gün ən gözəl gün idi.

- Oyunda iştirak üçün 65 000 nəfərin qeydiyyatdan keçməsi faktı sizi heyrətləndirdi?

- Bəli, təbii. Məncə, heç kim birinci yarışda bu qədər oyunçu gözləmirdi. Ona görə də biz doğrudan da həm çox məmnun idik, həm də çox sevinirdik. Ümid edirəm ki, bu say getdikcə artacaq.

- Bu il oyunçulara vermək istədiyiniz ən vacib məsləhət hansıdır?

- Nəticə nə olursa olsun, kədərlənməsinlər, məsləhətim budur. Hansı ölkədən olmağınızdan asılı olmayaraq "Neymar Jr’s Five"da zövq almalı və sevinməlisiniz. Bu tədbirdə bacardığınız qədər yaxşı çıxış etməyinizi və burada görüşməyimizi gözləyirəm. 






Fikirlər