Türkiyə mediasından ŞOK İDDİA: "Beşiktaş", "Fənərbağça" və "Qalatasaray" satılır
Türkiyənin üç böyük klubu “Beşiktaş”, “Fənərbağça” və “Qalatasaray” xarici şirkətlərə satılacaq. Publika.az xəbər verir ki, bu iddia Türkiyənin “Aydınlıq” qəzetinin yazarı Sabahddin Önkübar tərəfindən səsləndirilib. Yazar yayımladığı son yazısında türk futbolunda maliyyə məsələləri və klubların satılacağı haqqında faktları dəyərləndirib: “Bu gün futbolumuzun markaları olan dörd böyük klub maliyyə baxımından uçurumun kənarındadır. “Beşiktaş”, “Fənərbağça”, “Qalatasaray” və “Trabzonspor”un borcu toplamda 9 milyard tl-dən də çoxdur. Klublar, nəinki, borclarını, borclarının faizini belə ödəyə bilməyəcək vəziyyətdədir. Bu gedişat klublarımız və dolayısı ilə futbolumuzun Qətər və Malayziyanın iş adamlarına satılması ilə nəticələnəcək. Dörd böyük klubun yayım gəlirləri ilə borclarını ödəyə bilməsi üçün 13 il boyunca kənara bir qəpik də xərcləməməsi lazımdır. 3,5 milyardla “Fənərbağça” ən çox borclu olan klubdur. Onu 2,8 milyardla “Qalatasaray” izləyir. “Beşiktaş”ın 2,1, “Trabzonpor”un 1,2 milyard borcu var. Bu, artıq türk futbolunun batdığının rəsmidir”.