Azad Rəhimov Qərbi ifşa edən məqalə yazdı

 


 

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun `Azərbaycan` qəzetində `Avropa Oyunları fonunda Qərbin ikili standartları` adlı məqaləsi dərc olunub.

 

AzVision.az nazirin qələmə aldığı məqaləni təqdim edir:

-Müasir dövrümüzdə qloballaşmadan öz məqsədləri üçün istifadə edən bəzi qüvvələr dünyada nüfuz dairələrini genişləndirməyə səy göstərir. Bu zaman onlar bir çox xalqların milli maraqlarına etinasız yanaşır, hətta bu yolda ümumbəşəri dəyərlərə hörmətsizlik edirlər. İkili standartlarla müşayiət olunan bu münasibətlər son nəticədə böhranla nəticələnir, insanlıq adına yaraşmayan faciələrə səbəb olur.

Belə ikili standartlardan əziyyət çəkən Azərbaycan 24 il bundan əvvəl - yenicə müstəqilliyini bərpa etdiyi bir dövrdə ərazilərinin 20 faizinin işğal olunması ilə hərbi münaqişəyə cəlb edilmiş, 1 milyona yaxın vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Özlərini dünyaya demokratik, sülhsevər kimi göstərən həmin qüvvələr bu işğala göz yummaqla öz maraqları naminə ədalətsiz mövqelərini hər zaman davam etdirmişlər. Belə bir çətin vəziyyətdə ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşərək sarsılmaz həmrəylik nümayiş etdirən xalqımız bütün bu çətinlikləri dəf edə bilmişdir. Ulu öndərin ən inkişaf etmiş ölkələrə belə nümunə ola biləcək uzaqgörən siyasəti Azərbaycanı sabit, təhlükəsiz və sürətlə inkişaf edən ölkələr sırasına çıxarmışdır. Məhz onun rəhbərliyi ilə ölkəmiz 1990-cı illərin ortalarından başlayaraq dinamik inkişaf yoluna qədəm qoymuşdur. 

Milli müstəqilliyin ilk illərində digər sahələrdə olduğu kimi, ölkəmizdə bədən tərbiyəsi və idmanın da inkişafı diqqət mərkəzində idi. Beynəlxalq arenalarda Azərbaycan bayrağını qaldıran, himnini səsləndirən idmançıların sayı artdıqca bu, müəyyən dairələrin narahatlığına səbəb olurdu. Çünki idmanın inkişafı dövlətimizin gücünü göstərən vasitələrdən birinə çevrilirdi. 
1996-cı ildən etibarən Azərbaycan dünyanın ən mötəbər yarışı olan Yay Olimpiya Oyunlarında müstəqil dövlət olaraq öz idmançıları ilə təmsil olunmağa başladı. Mütərəqqi qüvvələr bununla qürur duyduqları halda bəzi dairələr hər vəchlə uğurlarımıza kölgə salmağa çalışırdı. Onlar Azərbaycanın müharibə vəziyyətində olmasını bəhanə gətirərək hər hansı beynəlxalq idman tədbirinin ölkəmizdə keçirilməsinə qarşı çıxırdılar. Buna baxmayaraq, uzaqgörən dövlət siyasəti nəticəsində bütün sahələrdə, o cümlədən idmanda mühüm nailiyyətlər əldə edildi, qısa zamanda qazandığımız qızıl medalların sayı 70 illik sovet dövründə əldə etdiyimiz qızıl medalların sayını ötüb keçdi. Sidney Olimpiadasından sonra istifadəyə verilən ilk olimpiya idman kompleksinin açılışında Beynəlxalq Olimpiya Komitəsinin keçmiş prezidenti Jak Roqqun “Məndən bu regionda idmanın inkişafını soruşduqda böyük məmnuniyyətlə sizin ölkənizi nümunə göstərirəm” deməsi çox böyük qiymət idi. Artıq bir sıra dövlətlərin nümayəndələri ən yüksək kürsülərdən ölkəmizin inkişafı ilə bağlı fikirlər səsləndirməyə başlamışdılar.

İdmanın bu cür sürətlə inkişafı getdikcə güclənən Azərbaycanın qüdrətli dövlətə çevrilməsindən xəbər verirdi. Çünki iqtisadi-siyasi-sosial cəhətdən zəif, qeyri-sabit ölkədə idman bu qədər inkişaf edə bilməzdi. Ölkəmiz hərtərəfli inkişaf etdikcə dünyada həm də nüfuzlu söz sahibinə çevrilirdi. Xüsusən də dövlət başçısı cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçildiyi vaxtdan etibarən ölkədə bədən tərbiyəsi və idman sürətli inkişaf yoluna qədəm qoydu. Qısa müddət ərzində paytaxtda və regionlarda beynəlxalq standartlara cavab verən müasir tipli olimpiya idman kompleksləri, stadionlar, idman qurğuları tikilib xalqın istifadəsinə verildi ki, bu da gənc nəslin sağlam ruhda böyüyüb tərbiyə olunmasına, idmanın inkişafına və bədən tərbiyəsinin kütləviliyinin artırılmasına, olimpiya hərəkatının genişlənməsinə zəmin yaratdı.

Bu gün Azərbaycan idman dövləti kimi şöhrət qazanmış müasir Avropa ölkəsidir. Ölkəmizdə, xüsusən Bakıda keçirilən müxtəlif idman tədbirləri paytaxtın gözəlliyini bütün dünyaya göstərir, tarixi və mədəni irsimiz, milli adət-ənənələrimiz xarici qonaqlar tərəfindən yüksək qiymətləndirilir. Bu tədbirlər Azərbaycanın dünyaya tanıtdırılması ilə yanaşı, eyni zamanda idman sahəsində beynəlxalq əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edir, ölkəmizin gücünü və potensialını nümayiş etdirir.

Avropa Olimpiya Komitəsi tərəfindən ilk dəfə qitənin ən böyük idman tədbirinin - ilk Avropa Oyunlarının təşkili hüququnun Azərbaycana verilməsi müstəqillik tariximizin ən qürurverici hadisələrindən olmuşdur. Azərbaycan xalqı dövlətimizin bu məsul vəzifənin öhdəsindən layiqincə gələcəyinə əmin idi. Çünki bütün sahələrdə inkişafı ilə örnək olan ölkəmiz beynəlxalq irimiqyaslı tədbirlərin keçirildiyi məkana çevrilmişdi.

Son illər ölkəmizdə beynəlxalq əhəmiyətli layihələr həyata keçirilir. Həmin layihələrdə müxtəlif xarici ölkələr fəal iştirak edirlər. Bu onu göstərir ki, Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq prinsipini rəhbər tutan, dünya birliyinə fəal inteqrasiya edən dövlətdir. Avropa xalqlarının və Olimpiya ailəsinin böyük dəstəyi ilə qitənin ilk olimpiadasının keçirilməsinin ölkəmizə etibar edilməsi Azərbaycan dövlətinin yürütdüyü idman siyasətinə göstərilən etimadın təzahürü idi.
Birinci Avropa Oyunlarına hazırlıq prosesində ölkəmizdə böyük infrastruktur layihələrin reallaşdırılması, idmanın maddi-texniki bazasının modernləşdirilməsi, bütün müasir standartlara və beynəlxalq tələblərə cavab verən yeni idman obyektlərinin inşası zamanı Avropanın ən tanınmış mütəxəssisləri və şirkətləri Azərbaycanla sıx əməkdaşlıq etmişlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa dəstəyi, diqqət və qayğısı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi xalqımızın, xüsusən də könüllülərin yaxından iştirakı ilə ilk Avropa Oyunlarını böyük uğurla təşkil etdi.

Bu Oyunlar ölkəmizin potensialını, gücünü dünyaya, Avropa ictimaiyyətinə nümayiş etdirdi. Qısa müddət ərzində böyük hazırlıq işlərinin öhdəsindən layiqincə gələn Azərbaycan bu tarixi hadisə ilə növbəti Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi və çox yüksək səviyyəli təşkilatçılıq imkanlarına malik olduğunu bütün dünyaya sübut etdi. Bununla da Azərbaycan Avropanın yeni idman tarixini yazdı.

Oyunlar zamanı ölkəmizə gələn minlərlə idmançı, məşqçi, turist, eləcə də rəsmi şəxslər və digər qonaqlar Azərbaycanda yaradılan şəraiti, əldə olunan inkişafı gözləri ilə gördülər. Onlar xalqımızın qonaqpərvərliyindən, buradakı sabitlikdən, özlərinə qarşı gördükləri diqqətdən nə qədər razı qaldıqlarını Oyunlar zamanı və öz vətənlərinə qayıtdıqdan sonra dəfələrlə bildiriblər.
Amma bütün bunlara baxmayaraq, Azərbaycanın tək qitədə deyil, bütün dünyada Olimpiya ideallarının gerçəkləşməsinə yönələn fəaliyyəti Qərbdə bəzi qüvvələrin məqsədləri ilə üst-üstə düşmədiyi üçün bu, ölkəmizə qarşı qərəzli addımlarla müşayiət olunur. Çox maraqlıdır ki, bu qüvvələr ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan hadisələr zamanı daha da fəallaşırlar. 9 oktyabr 2013-cü ildə keçirilmiş prezident seçkiləri ərəfəsində, ondan əvvəl Milli Məclisə seçkilər dövründə də müxtəlif qurumların, xüsusən “Amnesty International”, “Human Rights Watch”, “Free Press”, “Mercy Corps”, “Beynəlxalq Böhran Qrupu”, “Freedom House” kimi təşkilatların öz himayədarlarının əmrlərinə uyğun hərəkət edərək Azərbaycan üçün əhəmiyyətli tarixləri və tədbirləri hədəf seçib qarışıqlıq yaratmağa cəhd göstərmələri artıq sirr deyil.

“Eurovision” mahnı müsabiqəsi, eləcə də birinci Avropa Oyunları ərəfəsində və yarışlar zamanı qarayaxma kampaniyasının daha da güclənməsi xüsusi təəccüb doğururdu. Oyunların keçirildiyi günlərdə xarici media qurumlarının ölkəmizə qarşı bir-birinin ardınca qərəzli materiallar yayımlanmasının informasiyadan çox siyasi təzyiq vasitəsi olduğu aydın görünürdü. O vaxt Azərbaycanla bağlı ən müxtəlif mövzularda “dinləmələr” keçirməklə Avropa Parlamentinin ölkəmizə nə dərəcədə “diqqət” yetirdiyini bir daha sübut edirdi. Bu “dinləmələr”in əksəriyyətində eyni tezislərin təkrar-təkrar səsləndirilməsi beynəlxalq ictimaiyyət tərəfindən də qeyri-ciddi qarşılanırdı. 

İyunun 11-də Avropa Parlamentində, ertəsi gün isə Almaniya Bundestaqında Azərbaycan barədə qəbul olunmuş qətnamələrdə eyni qərəzin şahidi olduq. Oyunların bitməsinə bir neçə gün qalmış Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı qətnamənin qəbulu da həmin xronologiyanın davamı idi. Sessiyada Azərbaycanda demokratik təsisatların vəziyyəti ilə bağlı məruzənin müzakirəsi zamanı “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi” ifadəsinin mətndən çıxarılması isə bu qərəzin ən ifrat təzahürü idi. Halbuki Avropa Şurasının 2005-ci ildə qəbul olunmuş 1416 saylı qətnaməsində Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi, tarixən Ermənistanda yaşamış azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığı, Dağlıq Qarabağda separatçı rejimin mövcudluğu öz əksini tapmışdı. Ermənistanın Azərbaycana qarşı işğal və təcavüz faktına şübhə salan bu üzdəniraq sənəd xalqımıza qarşı aşkar düşmənçilik idi. Digər dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə münasibətdə qətiyyətli dəstək ifadə edən AŞPA-nın Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına etinasız münasibəti isə başadüşülən deyil. 
Olimpiya Xartiyasına görə, dostluğun və birliyin təcəssümü olan Oyunların məşəlinin alovlandırıldığı ölkədə yarışlar zamanı sülh, əmin-amanlıq bərpa olunmalıdır. Lakin ölkəmizə münasibətdə bu prinsipə nəinki əməl edilmədi, hətta bu və ya digər formada ara qarışdırıldı, təxribatlara rəvac verildi. Avropa Oyunlarının vətəni Azərbaycana qarşı Ermənistanın təcavüzünu sakitcə seyr edən Avropanın “nüfuzlu təşkilatları” Olimpiya sülhünün devizinə biganəlik göstərməklə ayrı-ayrı siyasi dairələrin maraqlarına xidmət göstərdiklərini bir daha sübut etdilər. 
Oyunlara hazırlıq zamanı Azərbaycan cəmiyyətinin sarsılmaz birlik nümayiş etdirməsi bədnam qüvvələrin mənafeyinə zidd idi. Onların təzyiqi gücləndikcə xalq öz liderinin - Prezident İlham Əliyevin ətrafında daha sıx birləşdi. Həmin günlər həm də xalq-hakimiyyət vəhdətinin təcəssümünə çevrildi. Yüksək sürətlə inkişaf edən ölkəmizdə hökm sürən sabitlik, müxtəlif millətlərin sülh, dostluq şəraitində birlik nümayiş etdirməsi Azərbaycanı istəməyənlərin arzularını gözündə qoydu. Oyunlar ərəfəsində və yarışların gedişində xalqımız bu cür qüvvələrin təxribatlarına layiqli cavab verdi: ilk Avropa Oyunlarına yüksək səviyyədə evsahibliyi ölkəmizin bütün insanlara münasibətdə ədalət prinsipinə necə hörmətlə yanaşdığını, yarışlarda qazanılan parlaq qələbə isə dövlətimizin qüdrətini bütün dünyaya göstərdi. 

Təəssüf ki, Avropa Parlamenti bütün dünya xalqlarını birləşdirən nadir fürsətdən istifadə etməkdənsə tətbiq etdiyi ikili standartlarla bu cür humanist dəyərləri məhv etməyə çalışır. Ona görə də Avropada yalnız iqtisadi böhran hökm sürmür. Son vaxtlar aydın oldu ki, qaçqın problemi ilə üzləşən Avropanın ən inkişaf etmiş dövlətləri belə cəmi bir neçə min qaçqına sığınacaq vermək iqtidarında deyil. Bəziləri hətta qaçqınları dinlərini dəyişdirmək şərtilə qəbul edəcəklərini deyiblər. 

Azərbaycanda hüquqi müstəvidə baş verən adi məsələyə siyasi don geydirərək öz “ideya”larını söz azadlığı və insan hüquqları, demokratik dəyərlər adı altında Azərbaycana sırımaq cəhdlərinin boşa çıxması da təbiidir. Xalqımız bədnam dairələrin cəmiyyətdə çaxnaşma yaratmaq və bundan məkrli məqsədləri üçün yararlanmağı əsas hədəf seçdiklərini yaxşı bilir. Bu qüvvələrin əsas məqsədinin Azərbaycanda sabitliyi pozaraq onu təhlükəli yerə çevirmək, vətəndaş qarşıdurması yaratmaq və beləliklə, müstəqil dövlətin rəhbər və idarəetmə strukturunu təzyiq və təsir altına salmaq olduğu gün kimi aydındır. Bu gün Suriyada, Liviyada, İraqda, Ukraynada baş verənlər məhz həmin qüvvələrin “əsər”i deyilmi? Nə qədər ki, dövlətimizin müdrik siyasət yürüdən hakimiyyəti və onun İlham Əliyev kimi rəhbəri var, Qərbin müəyyən dairələrinin Azərbaycanı bu ölkələrin sırasına qoşmaq cəhdi baş tutmayacaq.

Çox təəssüf ki, Avropa Parlamenti ikili standarlarla Avropanın ən humanist dəyərlərinə qarşı çıxır, maraqları naminə hətta onları məhv etməyə belə hazır olduğunu açıq-aşkar nümayiş etdirir. Sentyabrın 10-da, parlament seçkiləri ərəfəsində əvvəldən axıradək ölkəmizə qarşı qərəz, böhtanla dolu növbəti qətnamə də digər böhtanlar kimi Azərbaycan ictimaiyyətinin haqlı hiddətinə səbəb olmuşdur.

Birləşmiş Ştatların Virciniya ştatında iki jurnalistin naməlum şəxs tərəfindən canlı yayım zamanı güllələnməsi heç kimi narahat etmədiyi halda, ölkəmizdə məişət zəminində törədilmiş cinayət nəticəsində jurnalistin həyatını itirməsinin siyasi məsələ kimi qələmə verilməsinin hansı məqsədlərə xidmət etdiyi hər kəsə məlumdur. Bu hadisəyə siyasi rəng vermək Azərbaycan dövlətinə qarşı açıq-aydın qərəzin sadə bir nümunəsidir.

Konkret cinayət hadisəsinə görə həbs olunmuş şəxslərin “siyasi məhbus” adı ilə Avropa Parlamentinin müzakirəsinə çıxarılması və qərəzli hesabata salınmasının əsas məqsədləri heç kəsə gizli deyil. Bir neçə şəxsin guya dərdini çəkən, onların hüquq və azadlığını müdafiə edən bu obyektivlikdən uzaq qurumun nümayəndələri ev-eşiklərindən didərgin düşmüş 1 milyona yaxın qaçqın və köçkünümüzü “görmürlərmiş”. İşğalçı Ermənistan ordusu tərəfindən Xocalıda törədilmiş soyqırımına göz yumurlar. Ferqüsson şəhərində (ABŞ) ötən il və bu il qaradərili gənclərin polislər tərəfindən qətlə yetirilməsinə etiraz əlaməti olaraq keçirilmiş kütləvi aksiyaların zorakılıqla yatırılması, nədənsə, Avropa Parlamentinin qətnamələrində öz əksini tapmır.
Prezident İlham Əliyev çıxışlarının birində demişdir: “İdman Yer üzünün insanlarını birləşdirir. Olimpiya Oyunları zamanı bütün müharibələr dayandırılmalıdır. Bir-biri ilə müharibə şəraitində olan ölkələrin idmançıları yarışlar zamanı ədalətli şəkildə mübarizə aparırlar, əllərini sıxır və qalib gələni təbrik edirlər. Budur idman. Bu, Olimpiya hərəkatını və bütün dünya xalqlarını birləşdirən nadir fürsətdir”.

Azərbaycanın tolerant ölkə olduğunu xatırlatmağa ehtiyac yoxdur. Bunu ölkəmizə münasibətdə qərəzli mövqe tutanlar yaxşı bilirlər. Bu il xristian Avropasının ilk çoxnövlü idman oyunlarını Olimpiya Oyunları səviyyəsində keçirən dövlətimiz 2017-ci ildə müsəlman dünyasının Həmrəylik Oyunlarını da ən azı həmin möhtəşəmliklə keçirəcək. Bu cür iki şərəfli missiyanın daşıyıcısı olan ikinci dövlət nəinki Avropada, ümumiyyətlə, dünyada yoxdur.

 






Fikirlər