Avstriya prezidenti azərbaycanlı iqtisadçını QƏBUL EDƏCƏK

Avstriya hökuməti beynəlxalq ekspertlər öz ölkəsinə dəvət edib. 30-a yaxın ölkənin təmsilçiləri 1 həftə ərzində Vyana və Salzburq şəhərlərində görüşlər keçirib, müzakirələr aparacaqlar. Azərbaycanlı alim, tanınmış iqtisadçı Vüqar Bayramov da Avstriya hökumətinin dəvət etdiyi ekspertlər arasındadır. 


Hazırda Vyanada olan Vüqar Bayramov bildirib ki, onun dəvəti Avstriya Avropa, İnteqrasiya və Xarici İşlər Nazirliyinin dəstəyi ilə icra edilən Avstriya Liderlər Proqramı çərçivəsində reallaşıb. Bu proqram çərçivəsində ilk dəfə olaraq dünyanın aparıcı ekspertləri bir araya gəlir. Müxtəlif qlobal, o cümlədən iqtisadi və enerji mövzularında müzakirələr təşkil ediləcək. Beynəlxalq ekspertlərin Avstriyaya səfəri aprelin 24-dək mayın 1-dək davam edəcək.

Vüqar Bayramov bildirib ki, səfər çərçivəsində Avstriyanın bir neçə naziri ilə görüşləri olacaq: “Paytaxtda yerləşən imperial sarayda Avstriyanın Prezidenti cənab Heinz Fişher tərəfindən qəbul ediləcəyik. Avstriya Prezidentinin bizimlə görüşməsi müzakirələrin əhəmiyyətinin yüksək olmasının göstəricisidir. Bununla yanaşı, Neft İxrac edən Ölkələrin Təşkilatı (OPEK), Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) kimi aparıcı təşkilatların rəhbərliyi ilə görüşlər olacaq. Avstriyada fəaliyyət göstərən aparıcı biznes qurumlarının rəhbərləri də beynəlxalq ekspertlər ilə müzakirələr aparacaqlar. Son zamanlar müşahidə edilən qlobal geriləmələr, enerji daşıyıcılarının qiymətindəki dəyişikliklər, müxtəlif ölkələrdən tərəfindən həyata keçirilən iqtisadi islahatlar paketi də müzakirələrin mövzusu olacaq”.

Avstriya prezidenti azərbaycanlı iqtisadçını qəbul edəcək



Azərbaycanlı iqtisadçı əlavə edib ki, bir həftə sürəcək müzakirələr və görüşlər yalnız Avstriya hökumət, biznes elitası və beynəlxalq qurum rəhbərləri ilə deyil, eyni zamanda ekspertlər arasında müzakirələrin təşkil edilməsinə imkan verəcək. Bunu qlobal problemlərin müzakirəsinə yeni yanaşma kimi qiymətləndirmək olar. Beynəlxalq ekspertlər həmçinin Salzburq şəhərinə səfər edərək orada dövlət və biznes nümayəndələri ilə görüşlər keçirəcəklər. (musavat.com)






Fikirlər