Ölkədə növbəti bahalaşma DALGASI başladı

Ölkədə növbəti bahalaşma dalğası başladı

Sudan sonra daha nələrin qiyməti artacaq; ekspertlər bildirirlər ki, “Azərsu” öz borc problemini həll etməyə çalışır, digər təbii inhisarçılar da bahalaşmaya gedə bilər... 

 

Ölkədə suyun bahalaşmasından sonra işığın, qazın, benzinin qiymətinin artırılması baş verə bilər. Ekspertlər deyirlər ki, suyun qiymətinin artırılmasının heç bir əsası olmadığı kimi, növbəti artımlara səbəb olacağı da gözləniləndir. 
 
Qeyd edək ki, mayın 16-dan Tarif (Qiymət) Şurasının yeni su tarifləri qüvvəyə minir. Artıq açıqlanıb ki, şuranın 13 may tarixli qərarı ilə əlavə dəyər vergisi (ƏDV) daxil, Bakı, Sumqayıt, Xırdalan şəhərlərində və Abşeron rayonunda yaşayan əhali hər kubmetr suya 35 qəpik, digər inzibati ərazi vahidlərinin sakinləri 30 qəpik ödəyəcəklər. Qeyri-əhali üzrə ödənişlər əvvəlki səviyyədə qalıb, yəni hər kubmetrə 1 manat, sudan xammal kimi yararlananlara, suyun istifadə təyinatından asılı olmayaraq (çirkab sularının axıdılması xidmətləri də daxil), hər kubmetrə 8 manat müəyyənləşdirilib. Başqa sözlə, bu gündən başlayaraq 1 milyon 387 min 96 abunəçinin xərcləri artıb.
 
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, suyun qiymətinin artırılması digər sahələrə də mənfi təsir göstərəcək və qiymət artımları müşahidə edilə bilər: “”Azərsu" təbii inhisarçı kimi ən azından qiymət artımının şərtlərini və səbəblərini ictimaiyyət üçün açıq-aşkar deməli idi, borcudur. Təbii inhisarçıdır, dövlət büdcəsi ilə əlaqəsi var, dövlət şirkətidir və vətəndaşları bilgiləndirmək borcudur. Amma ciddi dəyişiklik ondan xəbər verir ki, çox güman ki, “Azərsu”nun çox böyük məbləğdə həm daxili, həm xarici borcu var. Bu, borcun yığılması və ödənilməsi üçün atılmış addımdır. Burada bir-birindən asılılıq var. Çünki elektrik enerjisinin qiyməti öncədən artsaydı, bu zaman “Azərsu”nun bir təbii haqqı da olardı müraciət etsin ki, enerji sərfiyyatı həddindən artıq yüksək səviyyədədir. Yəni enerjinin qiymətindən sonra içməli suyun qiymətinin artması təbii sayıla bilərdi. Amma bunun bağlantısı yoxdur. Suyun qiymətinin artması enerjinin qiymətinə təsir göstərmir. Digər sahələrdə  - mineral suların istehsalı, limonadların, şirələrin istehsalına müəyyən dərəcədə təsir göstərəcək. Çünki onların maya dəyərinə suyun kifayət qədər təsiri var. Bu sahələrdə da qiymət artımını gözləmək olar. Amma digər inhisarçılar da bu vəziyyətdən istifadə edə bilərlər. Əgər Tarif Şurası “Azərsu”nun müraciətini müsbət dəyərləndirdisə və bu, cəmiyyətdə heç bir ciddi reaksiya doğurmadısa, nədən sabah “Azərenerji”,
 
 “Bakıelektrikşəbəkə” və yaxud “Azəriqaz” belə bir müraciət etməsin? 
Bu nöqteyi-nəzərdən təbii ki, suyun qiymətinin qalxması digər təbii inhisarçılara da bir növ yol açdı. Amma bir daha təkrar edirəm, suyun qiymətinin qalxması üçün heç bir ciddi iqtisadi əsas yox idi. Suyun qiymətinin formalaşdırılmasına təsir göstərən amillərin heç birində qiymət dəyişməsi baş verməmişdi ki, su qiymətləri bu dərəcədə, ümumi topladıqda 40 faizə yaxın artsın. Bu qədər artıma ehtiyac yox idi. Məntiqli məsələ ondan ibarətdir ki, “Azərsu”nun ciddi problemi var, borc problemi var. Bu yolla öz borc problemini aradan qaldırmaq istəyir".
Ekspert Qubad İbadoğlu isə bildirib ki, mayın 11-də dövlət başçısı İlham Əliyevlə görüşən Fransa Sahibkarlar Təşkilatı - MEDEF-in bəzi üzvləri “SUEZ”, “Sidem” və “İtron” şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti iki gün sonra “Azərsu” ASC-də görüş keçirərkən suyun qiymətləri də bahalaşıb: “Sayğaclar qiymətləri artıq yüksək tariflərlə hesablamağa başlayıb. Nəticədə mayın 16-dan başlayaraq 1 milyon 387 min 96 abunəçinin xərcləri artmağa başladı. Qiymət ”Azərsu" ASC-nin müraciəti əsasında bahalaşdırıldığından bu qərarın korporativ maraqlar üzərində verildiyi şübhə doğurmur. Lakin indiki həssas sosial durumda “Azərsu” ASC-nin bütün məsuliyyəti öz üzərinə götürüb müstəqil qərar verməsi də inandırıcı görsənmir. Fikrimcə, bu qərarla böyük özəlləşdirmə arasında əlaqə də axtarmaq mümkündür. Çünki hazırkı qiymət səviyyəsi ilə Azərbaycanın su, enerji və digər kommunal xidmətlər bazarına xaricdən investisiyanın cəlb edilməsi çox skeptik görsənir. 
Odur ki, bu yanaşma ilə hökumət suyun və digər kommunal xidmətlərin qiymətlərini mərhələli şəkildə artıra, sonra isə həmin obyektləri özəlləşdirməyə çıxara bilər. Düşünürəm ki, belə olan halda Tarif Şurasından yalnız suyun deyil, digər xidmətlərin və məhsulların bahalaşmasını gözləmək olar. Hesab edirəm ki, milli iqtisadiyyatın kiçildiyi, işləyənlərin gəlirlərinin dəyərsizləşdiyi, işsizliyin kütləvi surətdə çoxaldığı indiki durumda Tarif Şurasının bu tip əsaslandırılmamış qərarları sosial durumu daha da gərginləşdirə bilər. Nəzərə alsaq ki, suyun artması manatın devalvasiyasından sonra ən çox bahalaşmış qablaşdırılmış suların qiymətində yeni bahalaşma dalğası yaradacaq. 
Keyfiyyətində ciddi dəyişiklik müşahidə olunmayan suyun mövcud qiymətindəki artım bir müddət ötdükdən sonra ailə büdcəsində daha əhəmiyyətli yer tutacaq. Beləliklə də qiymət bahalaşmasından sonra ödənişləri tam həcmdə və vaxtında təmin edə bilməyən “Azərsu” ASC-nin qara günləri başlaya bilər".
Ekspertlər bildirirlər ki, Tarif Şurası əvvəlki qərarlarında olduğu kimi, yenə əsasnaməsini pozub. Qurumun əsasnaməsinin “Şuranın vəzifələri” bölümündə yazılır: “Qiymətlərin dövlət tənzimlənməsi üzrə həyata keçirilən işlər barədə kütləvi informasiya vasitələrinə tənzimləmənin zəruriliyi, məqsədi və mümkün nəticələri barədə məlumat verilməlidir”. Ancaq şuranın açıqladığı məlumatda suyun qiymətinin qaldırılmasına dair heç bir əsaslandırma yoxdur.
Bundan başqa, şuranın “qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparmaq” hüququ var. İndi qurumun belə araşdırması olub-olmadığı bilinmir, çünki açıqlanan məlumatda bu barədə hər hansı məlumat verilmir.
Müstəqil iqtisadçıların ortaq fikrinə görə, qiymət artımının real iqtisadi əsası yoxdur. İqtisadiyyat eksperti Nazim Bəydəmirli azadliq.org-a bildirib ki, su tariflərinin artması istehsalçılara da, istehlakçılara da təsir göstərəcək: “Vətəndaşların xərcləri, müəssisələrin istehsal etdikləri malların maya dəyəri artacaq. Qiymət artımı həmişə ancaq qiymət artıran tərəfə sərf edir, digər tərəflər ancaq ziyan çəkir”. Ekspertin sözlərinə görə, “Azərsu” ASC-nin son illər büdcədən aldığı subsidiyalar, investisiya layihələrinə sərf olunan ictimai vəsaitlər, eləcə də istehlakçılardan toplanan xidməthaqqı astronomik olsa da, göstərilən xidmət hələ də əhalini qane etmir: “Bakı və regionların içməli su təminatı tam yerinə yetirilmir, o üzdən heç şübhəmiz yoxdur ki, bu qiymət artımı keyfiyyət dəyişikliyinə görə deyil, izafi idarəetmə xərclərini qarşılamaq üçün həyata keçirilib. İri vergi ödəyiciləri sayılan, ancaq büdcəyə aramsız borclu qalan, 100 milyonlarla büdcə investisiya vəsaitini müxtəlif tenderlərdə səmərəsiz istifadə edən bu tip qurumların menecerləri üzərində ictimai nəzarəti gerçəkləşdirmək üçün müşahidə şuraları yaradılmalıdır. 
Baş menecerin təkbaşına qərar verməsinə son qoyulmalıdır”. Onun sözlərinə görə, müxtəlif jurnalist araşdırmalarında baş menecerlərin qohum-əqrəbasının şirkətlərinə hətta tendersiz layihələr verilib: “Və ya tender qanunu kobud şəkildə pozularaq verilib. Müstəqil audit şirkətlər kommunal xidmət göstərən təbii inhisarçıların təklif etdikləri tariflərin maya dəyərinə nə qədər uyğun olub-olmamasını cəmiyyətə açıqlamalıdır. Bu, qiymətlərin ədalətli və optimal olmasına görə vacibdir. Xərclər və gəlirlər ictimai nəzarətdə saxlanılmayanadək belə əsassız qiymət artımı ilə hər zaman qarşılaşmaq ehtimalımız var”.






Fikirlər