Tarif Şurası sabah bahalaşma qərarı verəcək?!
Sabah - yanvarın 6-sı, yeni ilin ilk iş həftəsi hökumətin gözlənilən bahalaşma qərarı ilə başlaya bilər.
Azertaym.az saytının bundan əvvəl xəbər verdiyi kimi, hökumət iqtisadiyyatın neftdən asılılığını azaltmağa yönəlmiş yeni iqtisadi siyasəti həyata keçirməyə başlayıb və bu siyasətin birinci mərhələsinin əsas prioritetləri enerjidaşıyıcılarının, o cümlədən kommunal xidmətlərin bahalaşdırılmasıdır.
Hökumət bahalaşma siyasətini əslində yeni ilin gəlşini gözləmədən başladıb. Dekabrın əvvəllərində benzin və dizel yanacağının qiyməti əhəmiyyətli ölçülərdə artırılıb və bu, bir növ əhalinin daha genişmiqyaslı bahalaşmağa psixoloji hazırlığına yönəlmiş addım hesab edilə bilərdi.
Tarif Şurasının dekabr qərarı ilə təbii qazın topdansatış qiymətləri də artırılıb. Bu isə o deməkdir ki, təbii qazla işləyən istilik elektrik stansiyalarında istehsal edilən elektrik enerjisinin maya dəyəri yüksəlib. Bu baxımdan hökumət əhaliyə satılan elektrik enerjisinin qiymətini artırılması üçün artıq obyektiv səbəbin yarandığını deyə bilər. O cümlədən əhaliyə satılan təbii qazın, içməli suyun və digər kommunal tariflərin də artırılacağı proqnozlaşdırılır.
Təcrübədən məlumdur ki, rəsmilər, o cümlədən bahalaşma qərarını formal olaraq elan edən Tarif Şurası heç vaxt qiymətlərin artırılacağını artım qərarından əvvəl təsdiqləmir. Ən yaxşı halda bu mövzuda suallara “hələlik gündəlikdə yoxdur” şəklində diplomatik cavablar verirlər. Bahalaşma qərarı isə adətən gecə yarısı elan edilir. Bu səbəbdən Yeni il ərəfəsində rəsmilər təbii qazın, elektrik enerjisinin, içməli suyun və s. bahalaşmasının mümkünlüyü barədə suallara ənənəvi üslubda cavab veriblər.
Doğrudur, daha qəti danışıb “yeni bahalaşma olmayacaq” deyənlər də olub. Ancaq bu da bahalaşmadan sığortalamır. Məsələn, benzinin bahalaşmasından bir neçə gün əvvələ qədər rəsmilər “heç bir bahalaşma olmayacaq” deyirdilər və bu barədə yayılan xəbərləri təkzib edirdilər.
Ona görə də yeni ilin ilk iş həftəsinin birinci iş gününün gözlənilən bahalaşma baxımından olduqca riskli gün olduğunu qətiyyətlə demək olar. Böyük ehtimalla Tarif Şurası növbəti bahalaşma qərarını həmin gün elan edə bilər. Söhbət təbii qazın, elektrik enerjisinin və içməli suyun, habelə kanalizasiya tariflərinin artırılmasından gedir.
Əslində əhali arasında gəzən şayiələrdə benzinin də yenidən bahalaşacağı deyilir. Hətta yanvar başlayan kimi bəzi bölgələrdə yanacaqdoldurma stansiyalarında benzin satışına məhdudiyyət tətbiq edildiyi, bu üzdən ciddi ajiotaj yarandığı barədə xəbərlər də yayıldı. Tarif Şurasından kimsə istirahətini pozub bu xəbəri təkzib etməli oldu.
Ekspertlər hökumətin benzini son iki ayda ikinci dəfə bahalaşdıracağını ağlabatan hesab etmir. Hərçənd ki, biz “analoqu olmayan ölkədə” yaşayırıq və burada hər hansı gözlənilməzlik anlayışı yerinə düşmür. Hər halda benzinin təkrar bahalaşması ağlabatan görünməsə də bu qənaəti qaza, işığa, suya və digərlərinə şamil etmək olmaz.
Beləliklə, yeni ilin ilk iş həftəsinin ilk iş gününü gözləyək...