“Bankların yarım MİLYARD dollarlıq sifarişi olubsa…”
Manatın məzənnəsinin yaxın zamanlarda necə dəyişəcəyi ilə bağlı gedən müzakirələrə iqtisadçı ekspert Vüqar Bayramov münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert mənzərə tamamilə sadə olduğunu diqqətə çatdırıb: “Əgər dünən hərracda kommersiya banklarının yarım milyard dollarlıq sifarişi olubsa və yalnız onun 10 faizi ödənilibsə, deməli, ən azı banklar istədikləri pulu alanadək manat ucuzlaşmalıdır. Yəni, hətta Mərkəzi Bankın indiki mövcud müdaxilə səviyyəsində də dolların manata nisbətən bahalaşmasının qarşısını almaq mümkün deyil. Çünki bunu bazar tələb edir. Dollara bankların tələbi varsa, deməli, onlar manatlarını satıb xarici valyuta almaq istəyirlər. Ən sadə iqtisadi qanuna uyğun olaraq milli valyuta da nə qədər çox təklif olunursa, onun dəyəri o qədər düşür. Əgər bütün bu iqtisadi qanunauyğunluqlara rəğmən manatın az da olsa güclənməsi müşahidə olunarsa bu bazardakı tarazlıq deyil, süni şəkildə inzibati müdaxilə nəticəsində mümkün ola bilər. Xarici valyutaya olan mövcud tələb heç bir halda manatın möhkəmlənməsinə zəmin yaratmır. Və ya Mərkəzi Bank rezervlərini bazara çıxarıb dollara olan tələbi ödəməlidir ki, manata təzyiq azalsın. Baş bank hələlik ehtiyatlarını qorumağa çalışdığı üçün mövcud şərtlər manatın dollara qarşı dəyər itirməsini diqtə edir”.