"Prezident qarşımıza ciddi vəzifələr qoyub" - SAMİR ŞƏRİFOV
Maliyyə Nazirliyində Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Kollegiya iclasında Maliyyə Nazirliyinin Apelyasiya Şurasının 2016-cı ilin 1-ci yarım ili üçün hesabatı dinlənilib. Maliyyə nazirinin müavini, Apelyasiya Şurasının sədri Azər Bayramov bildirib ki, cari ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin Apellyasiya Şurasına 6 hal üzrə 9 müraciət daxil olub.
Avropa.info xəbər verir ki, maliyyə naziri, kollegiyanın sədri Samir Şərifov 2016-cı ilin ilk altı ayının sosial-iqtisadi yekunlarından bəhs edib. Nazir qeyd edib ki, hazırda qlobal səviyyədə davam edən mürəkkəb siyasi və iqtisadi proseslər fonunda yaranmış yeni iqtisadi şəraitdə prezident İlham Əliyevin rəhbərliyi ilə əvvəlki illərdə qazanılmış böyük iqtisadi potensial və aparılan iqtisadi islahatlar, o cümlədən iqtisadiyyatın diversifikasiyası, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların, eləcə də ixracın təşviqi, habelə idarəetmənin təkmilləşdirilməsi və digər tədbirlər sayəsində xarici təsirlərin ölkə iqtisadiyyatına mənfi təsirləri minimuma endirilib.
Bütövlükdə 6 ayda dövlət büdcəsinin gəlirləri üzrə 6133,8 milyon manat daxilolma qeydə alınıb, xərclər 6821,5 milyon manat təşkil edib. Yaranmış 687,7 milyon manat kəsir əsasən xəzinə qalığı hesabına örtülüb.
2016-cı ildə Maliyyə Nazirliyinin qarşısında duran vəzifələrindən danışan Kollegiyanın sədri 2017-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkili və büdcə zərfini hazırlanıb aidiyyəti üzrə təqdim edilməsini xüsusiylə qeyd edib.
Ölkənin iqtisadi dayanıqlılığının qorunub saxlanılması, bəzi aparıcı sahələr üzrə inkişafın təmin edilməsi üçün ölkə prezidenti tərəfindən hökumət qarşısında ciddi vəzifələr qoyulduğunu qeyd edən S.Şərifov bu konteksdə qarşıdakı illərdə dövlət büdcəsinin cari xərclərinin qeyri-neft sektorundan gələn gəlirlər hesabına örtülməsinə nail olunması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, büdcə xərclərinin şəffaflığının və səmərəliliyinin daha da artırılması, hər bir xərc maddəsi üzrə ciddi nəzarətin və qənaət rejiminin tətbiq edilməsinin əsas strateji xətt olaraq müəyyənləşdirildiyini bildirib.