Prezident İLHAM Əliyev: “2016-cı il DƏRİN İQTİSADİ islahatlar ili olacaq”
“Bizim gəlirlərimiz artacaq və artmalıdır, baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşüb və hələ də çox aşağı səviyyədədir. Bu, təbii ki, bizim gəlirlərimizə çox ciddi təsir göstərir. Ancaq hesab edirəm ki, biz qeyri-neft sektorunun inkişafı sayəsində bu vəziyyətdən uğurla çıxa biləcəyik”. “Report”un xəbərinə görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. Dövlət başçısı bildirib ki, 2016-cı il dərin iqtisadi islahatlar ili olacaq. “İlin əvvəlindən biz bu istiqamətdə çox fəal işləyirik. Bir çox sərəncamlar, qanunlar imzalanıb və qəbul edilib. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması – bütün bu istiqamətlər üzrə çox ciddi qərarlar qəbul edilib. Maliyyə nizam-intizamı, şəffaflıq – bundan sonra da bu istiqamətdə əlavə tədbirlər görüləcək”, – deyə o qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda bütün iqtisadi-maliyyə sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf etməlidir. İlk növbədə, idarəetmə mexanizmləri təkmilləşdirilməlidir, şəffaflıq tam şəkildə təmin edilməlidir.