Nazir müavini: “2003-2016-cı illər ərzində 1,6 milyon iş yeri açılıb”

“Hazırda iqtisadiyyatda baş verən dəyişikliklər insan resurslarının idarə edilməsi funksiyasının əhəmiyyətini daha da artırıb. Deyərdim ki, bu istiqamət strateji səviyyəyə yüksəlib. Şirkətlər rəqabət qabiliyyətinin yüksəlməsi üçün hər hansı texnoloji yeniliklərin və ya iqtisadiyyatın ümumi inkişaf tempinin deyil, işçilərin bilik və bacarıqlarının əsas amil olacağını nəzərə alaraq  insan kapitalına verilən dəyəri artırıblar”. 

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev növbəti Milli İnsan Resursları Forumundakı çıxışı zamanı deyib. Forumda müxtəlif  xarici və yerli şirkətlərin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Ölkə əhalisinin artımı fonunda 1990-cı illə müqayisədə əmək qabiliyyətli yaşda olan əhalinin sayının da əhəmiyyətli şəkildə artdığını qeyd edən İ.İsayev diqqətə çatdırıb ki, qeyd olunan dövrdə 15-64 yaş qrupunda olan əhalinin sayında 56 % artım müşahidə olunub və əhalinin ümumi strukturunda 15-64 yaş qrupundan olanların payı 62,3 %-dən 2016-cı ildə 71,3 %-ə qədər artıb: 
“Son 5 ildə isə ölkədə iqtisadi fəal əhalinin sayında  6,2%, məşğul əhalinin sayında 6,8%, muzdla işləyənlərin sayında 8,3% artım özünü göstərib. Əhalinin, xüsusilə də əmək qabiliyyətli əhalinin artımı məşğulluq sahəsində növbəti onilliklər ərzində əlavə tədbirlərin görülməsini tələb edəcəkdir”.

Nazir müavini bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən iqtisadi fəal əhalinin artımına uyğun olaraq iş yerlərinin artmasının zəruri olduğu ifadə edilməklə, bununla əlaqədar uzunmüddətli konkret plan tərtib edilməsi barədə tapşırıqlar verilib: “2003-2016-cı illər ərzində 1,6 milyon iş yeri açılıb ki, onların 1 milyonu daimi olub. Yeni yaradılmış iş yerlərinin əsas hissəsi, yəni 76 faizi regionların, 88%-i iqtisadiyyatın qeyri-dövlət sektorlarının payına düşür. Yeni iş yerlərinin yaradılması əhalinin məşğulluğunun artmasına təsir göstərib və 2015-ci ildə məşğulluq səviyyəsi 62,1 % təşkil edib”.

İqtisadi struktur transformasiyasının ardınca məşğulluğun strukturunun dəyişdiyini qeyd edən İ.İsayev bunun həm də insan resurslarının sektorlararası yenidən paylanmasının göstəricisi olduğunu diqqətə çatdırıb: “Dövlət sektoru işçilərinin payı 1995-ci ildəki 56%-dən 2015-ci ildə 25,2%-dək azalıb, qeyri-dövlət sektorunda çalışan işçilərin və fərdi sahibkarların payı isə artıb. 2015-ci ildə yeni iş yerlərinin 76%-i fərdi sahibkarlar və özünüməşğul şəxslər tərəfindən yaradılıb”. 
Bunun sabit iqtisadiyyatın göstəricisi olduğunu bildirən nazir müavini digər tərəfdən belə halların qeyri-rəsmi iqtisadiyyatın yaranma riskini törətdiyini də vurğulayıb. O, iş yerlərinin yaranmasında özəl sektorun əsas rol oynadığını bildirməklə,  bu sahədə dövlət sektorunun da əhəmiyyətini vurğulayıb.

Nazir müavini əlavə edib ki, tam, məhsuldar, sərbəst seçimli və layiqli məşğulluq istiqamətində edilən ən təqdirəlayiq dəyişikliklərdən biri gender bərabərliyi və imkanlar yaradan diversifikasiya olub: “Məşğulluq strukturunda qadınların iqtisadi fəallığının və payının artımı müşahidə olunub. Kişilər və qadınların iqtisadi fəaliyyəti arasında olan fərq (cinsə görə əmək qüvvəsində iştirak fərqi) 2003-cü ildə 4%-dən 2016-cı ildə 2,2%-ə enib. Hazırda iqtisadi fəal əhalinin tərkibində kişilərin payı 51,1%, qadınların payı isə 48,9% təşkil edir”. O nəzərə çatdırıb ki, Azərbaycan son 10 il ərzində işsizlik səviyyəsinin azalmasına müvəffəq olub. 2015-ci ilin sonunda Dövlət Statistika Komitəsi işsizliyin 5%  (4,1% kişilər və 5,9% qadınlar arasında) olduğunu bildirib. Gənclər (15-24 yaş qrupu) arasında işsizlik 2000-ci ildəki 22%-dən 2015-ci ildə 13,4% -dək azalıb”.

İ.İsayev qlobal miqyasda iqtisadi sahədə baş verənlərin, maliyyə böhranlarının, xüsusən neftin qiymətinin düşməsi fonunda ölkənin əmək bazarında sabitliyin qorunub saxlanması, cari il yanvarın 26-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının ikinci ildönümünə həsr olunmuş iclasda Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq sosial məsuliyyətin bölüşdürülməsi yönündə  görülən tədbirləri qeyd edib: 
“Dövlət şirkətləri tərəfindən qısa müddətdə Nazirliyin  Məşğulluq Xidməti orqanlarına 18 minə yaxın yeni vakansiyalar barədə məlumatlar təqdim edilib və bu orqanlarda işaxtaran kimi qeydiyyata alınmış şəxslər müvafiq göndərişlə həmin iş yerlərində münasib işlərlə təmin olunublar. Bundan əlavə hesabat dövründə Nazirliyin Məşğulluq Xidməti orqanlarına təqdim edilmiş vakansiyalar üzrə 16,5 minə yaxın işaxtaran şəxs əmək müqavilələri əsasında abadlıq və təmir-tikinti işlərinə cəlb edilib. Nəticədə cari ilin mart-iyun aylarından işçi qüvvəsinin hərəkətində müsbət saldo yaranıb, yəni bağlanan əmək müqavilələrinin sayı xitam verilmiş əmək müqavilələrinin sayından artıq olub. Əmək müqaviləsi üzrə elektron informasiya sisteminin məlumatına əsasən 2016-cı ilin 1 noyabr tarixinə muzdla işləyənlərin sayı 26,6 min nəfər artaraq 1276,7 min nəfər (Naxçıvan MR istisna olmaqla) təşkil edib”.

Nazir müavini bildirib ki, ümumilikdə isə 2016-cı ilin 10 ayında Məşğulluq Xidməti orqanları tərəfindən 53,3 min nəfər münasib işlə təmin olunub: “Həmçinin cari ilin yanvar-oktyabr aylarında Xidmətin xətti ilə 3 min nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 865 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib”.

İnsan resurslarının iqtisadiyyatın sektorları üzrə bölgüsünə toxunan İ.İsayev çıxışında işçilərin sosial müdafiəsi və əməyin təhlükəsizliyi sahələrində görülən işlərdən,  sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sisteminin yaradılmasından da bəhs edib. 






Fikirlər