Əkrəm Həsənova Standard Bankda vəzifə verilib? - AÇIQLAMA

Əkrəm Həsənova Standard Bankda vəzifə verilib?

Bank üzrə ekspert Əkrəm Həsənovun ləğvetmə prosesində olan Standart Bankda problemli kreditlər şöbəsinə rəhbər getməsi barədə Qaynarinfo.Az-ın redaksiyasına məlumat daxil olub.

Devalvasiyadan sonra bankların məhz problemli kreditləri ilə məşğul olan kollektorlarla mübarizə aparan, "Antikollektor" adlı şirkət təsis edib bank müştərilərinin hüuqularını müdafiə edən mütəxəssisin belə bir vəzifəyə getməsi qəribə göründü. İnformasiyanı dəqiqləşdirmək üçün Əkrəm Həsənovun özü ilə əlaqə saxladıq.
"Qaynarinfo"ya açıqlama verən ekspert bildirdi ki, informasiya tam dəqiq deyil: "Standart Bankın kreditorlar komitəsi var. Bu komitə o bankda kimin pulu batıbsa, onların ictimai qurumudu. Məni də bu ictimai quruma sədr seçiblər. Bu qurum Standart Bankın rəhbərliyini yox, orada əmanətləri olan müştəriləri təmsil edir. Standart Bank ləğvetmə prosesindədir. Onun ləğvedicisi isə Əmanətlərin Sığortalanması Fondudur. Fondun işi ondan ibarətdir ki, bankın əmlakını satıb, kreditlərini qaytarsın. Biz isə ictimai qurum kimi bu fondun işinə nəzarət edirik ki, korrupsiya hallarına yol verilməsin, satışlar qanun çərçivəsində həyata keçrilsin". 
Ekspert əlavə etdi ki, belə bir qurum ləğvetmə prosesində olan bir neçə bankda var: "Qurum heç yerdə qeydiyyatdan keçməyib. Sadəcə bankda pulu olanlar toplaşıb, ictimai qurum yaradıb. Əmanətlərin Sığortalanması Fondu müştərilərə deyir ki, "narahat olmayın, problemlərlə məşğuluq". Biz isə deyirik ki, "sənə etibar etmirik. Sən orda nə iş görürsənsə, bizə də məlumat verməlisən". Bu sadəcə, ictimai bir qurumdur. Kredit qaytarmaqla məşğul deyil. Bu işləri fond edir. Mən ötən həftə komitənin qərarı əsasında fonda məktub yazmışam ki, bizə  bankın sənədləri verilsin. Bu bankın bu vəziyyətə düşməsinin səbəbkarları bilinsin. O cümlədən, Mərkəzi Bankın burda apardığı yoxlamalar barədə məlumat verilməsini istəmişik. Mərkəzi Banka qarşı məhkəmə iddiası qaldırmaq fikrimiz var. Çünki Mərkəzi Bankın bərbad nəzarəti nəticəsində bu bankda müştərilərin pulu batıb. Bu qurumun heç bir səlahiyyəti yoxdur, sadəcə ictimai nəzarətdir. Yalnız 1 saylı İnzibati İctimai Məhkəmə bu komitələrin necə fəaliyyət göstərməsi ilə bağlı əsasnamə təsdiqləyib. Burda da səlahiyyətlər göstərilib. Ancaq biz məsələ qaldırmışıq ki, bu komitələrin səlahiyyəti genişləndirilsin. Bu komitə ləğvetmə prossesində olan bütün banklarda yaradılacaq. Hazırda 3 bankda var. Hər qurumun da öz sədri var".






Fikirlər