18.09.2014- Yetimlərin payına şərik çıxan məmur KİMDİR?

18.09.2014- Yetimlərin payına şərik çıxan məmur KİMDİR?Paytaxtın Buzovna qəsəbəsində yerləşən 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəbi, əlil və qocalar üçün internat evində müxtəlif problemlər hökm sürür. Bu barədə etibarlı mənbələrdən məlumat almışıq. İlk növbədə qeyd etmək istəyirik ki, dövlət səviyyəsində ruhi-əsəbi, əlil və qocalara hər cür dəstək göstərilir, onların sosial tələbatları ödənilir.

9 saylı internat evinin direktoru Ədilə Əliyeva isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər heyətinin bu sahədə həyata keçirdiyi işlərə dəstək vermək əvəzinə, qanunsuz əməllərə zəmin yaradır. Etibarlı mənbələrdən əldə etdiyimiz bilgilərə görə, 9 saylı internat evinin sakinləri olan həm qoca, həm də cavan insanlar diqqətsizlikdən əziyyət çəkir: "Burda övlad qayğısından bu və ya digər səbəblər üzündən məhrum olmuş ahıl insanlar, müharibə və əmək veteranları, əlillər, eyni zamanda ruhi-əsəbi olan şəxslər məskunlaşıblar. Buna görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin digər qurumların nümayəndələri internat evini xüsusi diqqətdə saxlayırlar. Müxtəlif bayram tədbirləri zamanı burda məskunlaşan insanların ürəyini şad etməkdən ötrü onlara müxtəlif hədiyyələr, yeməklər və paltarlar gətirilir. Həm yerli, həm də xarici təşkilatların rəsmiləri vaxtaşırı olaraq internat evinə həm maddi, həm də digər yardımlarda bulunur. Amma Ədilə Əliyevanın bəzi maraqları əlillərin, qocaların və ruhi-əsəbi xəstələrin dövlətin göstərdiyi qayğıdan yararlanmalarına imkan vermir. İnternata edilən yardımlar bir çox hallarda buranın sakinlərinə çatmır. İnternat evinin rəhbərliyi həmin yardımlardan başqa məqsədlər üçün istifadə edir. 9 saylı internat evi büdcə vəsaitləri hesabına təmir olunub və burda hər cür şərait yaradılıb. Di gəl ki, Ədilə xanım elə vəziyyət yaradıb ki, qocalar evinin heç bir sakini bu şəraitdən istifadə edə bilmir. Məsələn, qocaların, əlillərin və ruhi-əsəbi xəstələrin yeməyi, yatacağı, eyni zamanda yuyunması istənilən səviyyədə deyil. Burda məskunlaşan insanların qidalanması çox zəifdir. Keyfiyyətsiz yeməklər və qida məhsulları qocaları, əlilləri taqətdən salıb. Bayram günlərində internatın daimi sakinlərinin üzü gülür. Çünki onlar yalnız belə günlərdə normal yemək yeyirlər. Qocalara qarşı göstərilən münasibət çox pisdir. Onların əksəriyyəti baxımsızlıqdan şikayətlənir. İnternata ayrılan yardımların mənimsənilməsi müxtəlif fəsadlar yaradıb ki, bunun təsirini burda yaşayan insanlar əməlli-başlı hiss edir". Qısa araşdırmalar nəticəsində öyrəndik ki, Ədilə Əliyevanın özbaşına əməlləri ilə bağlı mətbuat səhifələrində bir neçə dəfə tənqidi fikirlər səsləndirilib. Onun tabeliyində çalışan işçilərdən biri direktorun barəsində bu sözləri deyib: "Bizə qarşı haqsızlıq var idi. Yaxşı yeməklər verilmirdi. Xəstələrlə, qocalarla yaxşı rəftar olunmurdu. Mən bütün bu narazılıqlarla bağlı direktora şikayət etdim. Bu da onun xoşuna gəlmədi. Kim onun qanunsuz işlərinə etirazını bildirirsə, direktor dərhal onu cəzalandırır. Ədilə xanım hər ay müxtəlif bəhanələr gətirərək işçilərdən nəysə yığır". Onu da qeyd edək ki, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən bu tip müəssisələrin rəhbərlərinə işlərinə vicdanla yanaşmağı tapşırıb. 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəbi, əlil və qocalar üçün internat evində məskunlaşan insanlar övlad, valideyn qayğısından məhrumdurlar. Ədilə xanım onlarla normal rəftar edib ürəklərini açan sözlər deməlidir. Amma xanım direktor qoca və əlillərlə qeyri-normal rəftar edərək onların qəlbini qırır. Biz şəxsən nazir Səlim Müslümovdan xahiş edirik ki, adıçəkilən internat evinə baş çəkib qocaların, əlillərin və ruhi xəstələrin durumu ilə maraqlansın. Digər tərəfdən, nazir xeyli müddətdir direktor vəzifəsində çalışan Ədilə Əliyevanı işdən xaric etməlidir. Çünki o qarşıya qoyulan tapşırıqları lazımi səviyyədə yerinə yetirə bilmir.


Qarşı tərəfo də dinləməyə hazırıq.

(dia.az)






Fikirlər