27.05.2014.- 13 internat lisey oldu

27.05.2014.- 13 internat lisey olduİH uşaqların vəziyyəti barədə Təhsil Nazirliyinə məlumat verəcək
Təhsil Nazirliyindən de-institutlaşma sisteminin tətbiqi ilə bağlı açıqlama veriblər.


"AzerTaym.az" ANS-ə istinadən bildirir ki, de-institutlaşma prosesi ölkədə uşaqların müdafiəsi sahəsində həyata keçiçilən yeni bir islahatdır və dövlət uşaq müəssisələri sisteminin alternativ qayğı sistemi ilə əvəz edilməsi prosesini nəzərdə tutur: “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində dövlət uşaq müəssisələrində keçirilmiş sorğuların nəticələrinə əsasən hazırlanıb. Hökumət tərəfindən təsdiq edilmiş dövlət uşaq müəssisələrinin transformasiya üzrə Baş Planın icrası olaraq 13 internat məktəbi transformasiya olunaraq ümumtəhsil məktəblərinə, lisey və gimnaziyalara çevrilib”.

Nazirlikdən bildiriblər ki, bununla yanaşı, dövlət uşaq müəssisələrinin nəzdində günərzi və reabilitasiya-inkişaf mərkəzləri yaradılıb və hazırda fəaliyyət göstərir: “10 nəfər uşaq üçün tikilib istifadəyə verilmiş 1 nömrəli Ailə tipli kiçik qrup evi Azərbaycan Respublikası Nazilər Kabinetinin 2013-cü il 06 sentyabr tarixli 250 nömrəli qərarı ilə Təhsil Nazirliyinin tabeliyinə verilib. Bununla yanaşı “Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi” Nazirlər Kabinetinin 2013-cü il 13 avqust tarixli 207 nömrəli qərarı ilə təsdiq edilib”.

Həmçinin Təhsil Nazirliyi tərəfindən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaları ilə birlikdə övladlığa, himayəyə və öz bioloji ailələrinə verilmiş uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövri monitorinqinin aparılması həyata keçirilir.

Ölkə üzrə ümumilikdə 589 nəfər uşağın, 2013-cü ildə isə 34 nəfər uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Bu, uşaqlara qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması, uşaqların müəssisələrə düşməsinin qarşısının alınması məqsədi ilə yerlərdə uşaqlar və ailələrə dəstək xidmətlərinin yaradılması, risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi, qarşıya çıxan problemlərin həllinə kompleks yanaşma ilə onların operativ aradan qaldırılması, habelə uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarətin təmin edilməsinin nəticəsi olaraq mümkün olub.

Dövlət Proqramının icrası olaraq 309 nəfər uşağın və onların bioloji ailələrinin fərdi qiymətləndirilməsi həyata keçirilib. 309 nəfər uşaqdan öz bioloji ailəsinin və ya yaxın qohumlarının himayəsinə qaytarılması mümkün olan 150 nəfər uşağa fərdi plan hazırlanıb: “Aparılan məqsədyönlü işlərin nəticəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 149 nəfər uşaq rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə bu müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Həmin uşaqların vəziyyətinin mütəmadi monitorinqi və Təhsil Nazirliyinə məlumatın verilməsi ilə bağlı rayon icra hakimiyyətlərinə məktub ünvanlanıb. 2008-ci ildə 4055 nəfər uşaq dövlət müəssisələrində gecələyirdisə, onların sayı azalaraq hazırda 3470 nəfər təşkil edir”.






Fikirlər