Mənzil bazarında ucuzlaşma: 50 minə olan evlər 30-35 MİNƏ SATILIR

 

"2013-2014-cü ildə mənzil bazarındakı qiymətlərlə müqayisə etdikdə indi azalmaların olduğunu müşahidə edirik”.

Bu barədə Sherg.az-a əmlak bazarındakı mövcud durumu dəyərləndirərkən Əmlak Ekspert Mərkəzinin direktoru Ramin Osmanlı deyib. 
O bildirib ki, 2014-cü ilin sonunda Bakı şəhərində 50 min manatdan aşağı birotaqlı mənzil tapmaq mümkün deyildisə, bu gün 30-35 min manata 1 otaqlı mənzil tapmaq mümkündür:
"Amma son bir neçə ayın müqayisəsini aparsaq, ciddi qiymət dəyişməsi yoxdur. İlin əvvəlki rübündə ucuz mənzillərdə qiymət artımı müşahidə olundu. Amma indi tədricən sabitlik yarandı və artım ucuzlaşma ilə əvəz olundu. Ciddi qiymət dəyişməsi müşahidə olunmasa da nisbi qiymət azalmaları var. Amma bütövlükdə 2014-cü ilin sonunda qeydə alınmış rəqəmlərlə indiki qiymətlər arasında təxminən 30-35 faizdən çox fərq var”.
Mənzil bazarındakı bu azalmanın səbəblərinə gəldikdə isə R.Osmanlının sözlərinə görə, bu, biləvasitə makroiqtisadi amillərlə bağlıdır:
"Ölkənin mövcud iqtisadi vəziyyətində mövcud azalmalar bütün istehlak bazarlarında olduğu kimi mənzil bazarında da özünü göstərir. Burada bəzi inzibati amillərin də müəyyən rolu var. Bütövlükdə bütün səbəblər biləvasitə ölkənin gəlirlərinin azalması ilə əlaqədardır. Qalan digər səbəblər də buna bağlı şəkildə tədricən bazarda geriləmələrə gətirib çıxarır”.
AzerTaym.az

 






Fikirlər