GÖMRÜK rüsumu azaldıldı: kərə yağı UCUZLAŞACAQ
Dövlət məmuru “Əhali bunu tez bir zamanda hiss edəcək” deyir, iqtisadçı ekspert isə... Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır. Artıq Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib. Qeyd edək ki, indiyədək Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Qərara əsasən, kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib. Qərar dərc edildiyi gündən - 07 noyabr 2017-ci il tarixindən 30 gün sonra qüvvəyə minir və 2019-cu il dekabrın 31-dək qüvvədədir. Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəisi Mirqasım Vahabov bildirib ki, kərə yağı üçün tətbiq edilən gömrük idxal rüsumlarının azaldılması bu məhsulun pərakəndə satış qiymətinə də təsirsiz ötüşməyəcək (APA). İdarə rəisinin sözlərindən belə məlum olub ki, kərə yağının idxal rüsumunun azaldılması bilavasitə ölkə prezidentinin tapşırığı ilə baş tutub: “Bununla bağlı ölkə başçısının xüsusi tapşırığı var idi və hökumət bununla bağlı dərhal müvafiq addım atdı”. Komitə rəsmisi əlavə edib ki, rüsumların azaldılması pərakəndə satış qiymətlərinə də təsir edəcək: “Əhali bunu tez bir zamanda hiss edəcək”. Onu da qeyd edək ki, sentyabrın əvvəlindən ölkədə kərə yağının qiymətində başlayan kəskin bahalaşma son nəticədə bu məhsulun idxalının 2 dəfəyədək azalmasına səbəb olmuşdu. Belə ki, sentyabrda Azərbaycana kərə yağı və süddən hazırlanmış digər yağların idxalı avqustdakı 1075,05 tondan 553,49 tona düşmüşdü. İdxalçı şirkətlər bunu əhalinin alıcılıq imkanlarının məhdudlaşması ilə izah etmişdilər. Xatırladaq ki, oktyabrın əvvəlində idxalçı şirkətlərin açıqlamasından aydın olmuşdu ki, dünya bazarında yağın bahalaşması prosesi davam etdiyi üçün Azərbaycandakı qiymətlər də sabit qalmayaraq, dünya qiymətinə uyğunlaşacaq. Bu açıqlamadan bir ay keçməmiş kərə yağının qiymətində yenidən hər kiloqramda 1 manat civarında artım qeydə alındı. İdxalın azalması, qiymətin yüksəlməsi son nəticədə hökumətin rüsumları azaltmasına səbəb oldu. Bir məsələni də qeyd edək ki, gömrük rüsumlarının azaldılması nəticəsində kərə yağının hər kiloqramında 10 faiz ucuzlaşma olacağı gözlənilir. Məsələn, hazırda kiloqramı 18 manata satılan yağ yeni rüsumla idxal olunandan sonra 1,8 manat ucuzlaşaraq, 16,2 manata, yaxud 20 manata satılan yağ 18 manata düşə bilər. Bundan əlavə, idxalçı şirkətlərdən aldığımız məlumata görə, hazırda ölkədə sentyabr ayından gətirilən məhsullar satılır, bir çox firmalarda iri həcmdə ehtiyatlar qalır. Yeni qərarın dekabrın 7-dən sonra gətiriləcək məhsula aid olacağını nəzərə alsaq, kərə yağının qiymətində dəyişikliyin dekabrın sonlarından etibarən başlayacağını gözləmək olar. Bu qərarın dövlət büdcəsinə təsirinə gəlincə, ötən il Azərbaycana 28 milyon 377.94 min dollar, cari ilin 9 ayında isə 35 milyon 998149.22 dollar dəyərində yağ idxal edilıb. Orta illik idxalı təxminən 45 milyon dollar götürdükdə, ondan daxil olan idxal rüsumunun 10 faiz azalması büdcə üçün 4,5 milyon dollar itki deməkdir.
İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, məhsullarının bahalaşması ciddi problemlər yaradır: “Bu il ölkədə ən yüksək qiymət artımı kərə yağında qeydə alınıb. Ümumiyyətlə, son məlumata görə, Azərbaycanda 15 faizə yaxın, ərzaq məhsullarında isə 18 faizədək inflyasiya olub. Bu, rəsmi məlumatdır, real inflyasiyanın daha yüksək olduğu hamıya aydındır. Əhalinin gəlirləri qiymətlərdən daha aşağı sürətlə artır. Ərzaq məhsulları üzrə bahalaşmanın daha yüksək olması ondan irəli gəlir ki, əhali qidalanmaq üçün ərzaq almağa məcbur olur. Alıcısı olan məhsulları isə sahibkarlar daha çox bahalaşdırmağa çalışırlar”. Ekspertin sözlərinə görə, kərə yağının kəskin bahalaşması əhalinin maddi vəziyyətini pisləşdirməklə yanaşı, sağlamlığına da mənfi təsir göstərir: “İnsanlar məcburdular ya az alsınlar, ya da daha ucuz və aşağı keyfiyyətli yağlardan istifadə etsinlər. Bu isə sağlamlığa zərbə vurur. Bütün bunlar, əlbəttə, hökumətin əlindəki rıçaqlardan istifadə etməklə kərə yağının qiymətində ucuzlaşmaya nail olması zərurətini yaratmışdı. Bu baxımdan, kərə yağına gömrük rüsumunun azaldılması müsbət addımdır. Lakin hesab edirəm ki, qiymətlərə təsir baxımından yetərli deyil. Daha yaxşı olardı ki, ən azı, müəyyən müddətə rüsumlar tamamən aradan qaldırılaydı, yaxud satışda diferensiallaşmış ƏDV tətbiq olunardı”. R.Həsənova görə, Azərbaycanda yüksək keyfiyyətli kərə yağına olan tələbat əsasən idxal hesabına təmin olunur: “Yerli istehsal daha aşağı keyfiyyətli məhsul buraxır, həm də daxili tələbatı təmin etmək gücündə deyil. Buna görə də yerli istehsalı qorumaq üçün idxal rüsumunu yüksək saxlamaq əlverişli deyil”.