Bayram ərəfəsi bazara keyfiyyətsiz ƏRZAQ MALLARI çıxarıla bilər

Əhaliyə xəbərdarlıq: satışda təhlükəli, standartlara uyğun olmayan çoxlu sayda mallar var...

Yeni il bayramının gəlişi həm də bir çox ərzaq məhsullarına tələbatın artması deməkdir. Bu günlərdə xaricdən idxal artdığı kimi, bazarlara çıxarılan məhsulların həcmi və çeşidi də artırılır. Çünki insanlar Yeni il süfrəsinə bəzən özlərinin bir aylıq ərzaq xərcləri qədər pul sərf edirlər.

Bu günlərdə dəbdəbəli süfrələr açılır, kimsə növbəti ili sönük qarşılamaq istəmir. Həmçinin Yeni ili daha fərqli məkanlarda qarşılamaq istəyənlərin sayı artdığı üçün xidmət sektoru da canlanır, tələbat artır. Bütün bunların qiymətlərə təsiri artıq hər kəsə bəlli məsələdir. İstənilən sahədə tələb artırsa, qiymət də ona paralel olaraq yüksəlir.

Lakin keyfiyyət məsələsində tərs mütənasib vəziyyət hökm sürür. Tələbatın artması keyfiyyətsiz məhsulların da bazara ayaq açmasına səbəb olur. Xüsusən də əgər bu məhsullar qiymət məsələsində digərlərinə azca güzəştə gedirsə, bir çox hallarda əhali keyfiyyət məsələsinə ümumiyyətlə, diqqət etmir. Xidmət sektorunda da keyfiyyət məsələsinə problemlər yaşanır. Əsas səbəb isə odur ki, ölkədə qida təhlükəsizliyinə nəzarət elə də güclü deyil. Dövlət başçısının sahibkarlığın inkişafı məqsədi ilə yoxlamaların daha 3 il dayandırılması ilə bağlı qərarı isə ondan sui-istifadələrə də yol açıb. Doğrudur, burada ərzaq təhlükəsizliyinə nəzarətlə bağlı yoxlamaların keçirilməsi istisna hal kimi qeyd olunub. Lakin görünür ki, bu yoxlamalar yetərli deyil.

Belə olan halda ümid qalır əhalinin özünün bu məsələdə diqqətli olmasına və gələn ilin yanvar ayından fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi Agentliyinə...

Mövzu ilə bağlı fikirlərini “Yeni  Müsavat”la bölüşən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bildirdi ki, istehlak bazarında keyfiyyətsiz məhsullar kifayət qədərdir və bayram ərəfəsində onların həcmi daha da arta bilər:“Ölkədə qida təhlükəsizliyi haqqında qanunun olmadığı bir şəraitdə və biznes qurumları üçün toxunulmazlığın yarandığı bir şəraitdə ölkənin əmtəə bazarında kifayət qədər təhlükəli mallar var. Ən çox çirklənmiş sektor spirtli içkilər sektorudur. Daha sonra sərinləşdirici içkilər seqmenti, süd məhsulları seqmentidir. Bu sahələrdə təhlükəli, standartlara uyğun olmayan çoxlu sayda mallar var. Sertifikatlaşdırılmalı olan malların təxminən 80 faizi heç bir sertifikatı olmadan satılır. Ona görə də istehlakçılar diqqətli olmalıdırlar. Spirtli içkilərin istehsal tarixinə, yararlılıq müddətinə baxmalıdırlar ki, əgər bu varsa deməli bunu almaq olar. Əks halda almamalıdırlar. Çörək və bulka kimi un məmulatlarının saxlanma müddət 72 saatdır. Tortların saxlanma müddəti 36 saatdır. Buna da fikir versinlər. Yararlılıq müddəti düzgün yazılmayan, saxlanma şəraiti doğru olmayan malları almasınlar”. 

Image result for Eyyub Hüseynov

Ekspert bildirdi ki, bir çox hallar problem məhsulların yararlılıq müddəti ilə bağlı deyil, saxlanma şəraiti ilə də bağlı olur: “Əgər səhər tezdən dükana girəndə oradan pis qoxu gəldiyini hiss edirlərsə, bu, o deməkdir ki, gecələr enerjiyə qənaət etmək üçün soyuducular şəbəkədən ayrılır, məhsullar da təhlükəli vəziyyətə gəlir. Belə hallarda diqqətli olsunlar. Digər bir məqamla bağlı da valideynlərə xəbərdarlıq etmək istəyirəm. Hər il Yeni ildən sonra zəhərlənmələrlə bağlı bizə zənglər daxil olur. Köhnə malları hədiyyə qablarına yığıb satışa çıxarırlar. İstehlakçılar bu məhsulları alarkən diqqətli olsunlar. Şirniyyatların buraxılma tarixinə baxsınlar, keyfiyyətinə diqqət etsinlər”.

Eyyub Hüseynov onu da vurğuladı ki, əgər məhsul alıcını qane etmirsə, onu qaytarmaq hüququ var: “Bütün hallarda istehsalçıların müdafiəsi haqqında qanuna görə, ərzaq məhsullarını 14 gün ərzində yararlılıq müddəti keçməyibsə, qaytarmaq və ya dəyişdirmək olar. Yaxşı olar ki, istehlakçılar bu hüquqlarından istifadə etsinlər”. 

Ekspertin gözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi normal fəaliyyət göstərərsə, bu sahədə müəyyən irəliləyiş ola bilər: “Dövlət qurumları isə demək olar ki, heç bir iş görmür. Qidanın təhlükəsizliyinin təmin olunmur. Biz gözləyirik ki, yanvar ayından fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi Agentliyi bu durumu qaydaya salacaq. Təəssüflər olsun ki, hazırda aidiyyəti dövlət qurumları problemə seyrçi mövqe tutur - baxmayaraq ki, onların ərzaqların keyfiyyətini yoxlamaq səlahiyyəti var. Lakin bunu etmirlər, hazırda heç bir yoxlama aparılmır”.

Məlumat üçün qeyd edək ki, ölkə prezidentinin Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında imzaladığı fərman böyük əhəmiyyətə malikdir. Ölkədə bu sahədə ayrıca strukturun yaradılmasına çoxdan ehtiyac var idi. Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini təmin edəcək. Baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirəcək.






Fikirlər