Bankların bağlanması iş SEKTORUNU sarsıdır

Ekspert: “Bu prosesdən sahibkarlar daha böyük zərər çəkir”

Azərbaycanda bankların bağlanması prosesi davam edəcək. Maliyyə-bank sektoru üzrə mütəxəssislər apardıqları analizlərin nəticəsi olaraq, bu il ərzində daha bir neçə bankın lisenziyasının geri alınacağını proqnozlaşdırırlar.

Xatırladaq ki, son 2 ildə ölkədə 12 bankın lisenziyası geri alınıb. Onların minlərlə işçisinin işsiz qalması ilə yanaşı, sıravi vətəndaşlar, xüsusilə iş adamları böyük zərərlə üzləşiblər: həm bağlanan banklarda hesabı, əmək haqqı, pensiya, kredit kartı olanlar, həm də o banklara əmanət qoyanlar. Gedişatdan görünür ki, yaxın aylarda daha çox sayda insan belə problemlər  yaşamağa məcbur qalacaq.

Maraqlıdır ki, bağlanan bankların rəhbərlərindən, sahiblərindən prosesə etirazını açıq ifadə edib, bağlanma qərarına hüquqi müstəvidə müqavimət göstərməyə qalxanlar, demək olar ki, yoxdur. Bankların bağlanma qərarına bu qədər sakit yanaşması nə ilə bağlıdır? Nədən kimsə dövlət qurumlarının qərarını müzakirə belə etməyə çalışmır? Burada bank sahibləri ilə məmurlar arasında hansısa anlaşma nə qədər rol oynaya bilər?

Əkrəm Həsənov ile ilgili görsel sonucu

Bank sahəsi üzrə mütəxəssis, “Standard Bank” Kreditorlar Şurasının rəhbəri Əkrəm Həsənov deyir ki, Azərbaycanda lisenziyanın ləğvinə görə bir bank Mərkəzi Bankı məhkəməyə verib: “Bu bankın adı ”Universalbank" idi. Mərkəzi Bank onun lisenziyasını ləğv edəndə məhkəməyə müraciət etdi, bərpa olundu. Daha sonra həmin bank “Kövsərbank” adı ilə fəaliyyətini davam etdirdi, Mərkəzi Bank onun lisenziyasını yenə geri aldı. Bank yenidən məhkəmə yolu ilə lisenziyasının bərpasına nail oldu, bu dəfə “Caspian Development Bank” adıyla fəaliyyətini davam etdirməyə başladı. Ötən ilin yaz aylarında həmin bank “Atabank”la birləşdi. 2016-cı ildə Mərkəzi Bank NBC Bankın lisenziyasını ləğv etdi, amma 2 həftədən sonra özü də qaytarıb bərpa etdi. Bu, Azərbaycan tarixində görünməmiş hadisəydi, çünki ölkə qanunvericiliyində belə hal nəzərdə tutulmayıb".

Mütəxəssisin sözlərinə görə, bank sahiblərinin bankın ləğv olunmasına görə narazılığı olur: “Lakin söhbət ondan gedir ki, bu narazılıq nəylə bağlıdır. Belə götürdükdə, əgər bank bağlanıb, sahibinə toxunulmasa, heç bir əlavə öhdəlik yaranmasa, çoxları banklarının bağlanmasını istəyərlər: yetərincə qazanc əldə edib, var-dövlət toplayıblar. Hamısının həm Azərbaycanda, həm xaricdə mal-mülkü var, bəziləri isə hətta xarici vətəndaşlıq da alıb, bank isə çətin, əksər hallarda çıxılmaz duruma düşüb. Bu şəraitdə onlara sakitcə ölkədən çıxıb getməyə imkan verilsə, hamısı deyər ki, gəlin bankımı bağlayın. Lakin məsələ burasındadır ki, bankın bağlanması ilə iş bitmir axı... Bank bağlanandan sonra bütün məlumatları ləğvedici üçün açıq olur. Hansı ki, bankların heç biri fəaliyyət göstərdiyi dövrdə məlumatlarını açıqlamır. Bağlanandan sonra bankın bütün paxırlarının üstü açılır, sahibini, rəhbərini çağırırlar ki, gəl hesabat ver görək, bunlar niyə belədir? Buna görə də bank rəhbərlərinin canında bir bağlanma qorxusu var”.

Ə.Həsənov onu da bildirir ki, ləğvedici bankların problemlərini daha da ağırlaşdırır: “Bankın ləğv olunması prosesi çox gəlirli bir işdir, burada ciddi korrupsiya elementləri var. Elə banklar var ki, ləğv olunanadək tutalım, 100 milyon olan itkisi bağlanandan sonra 200 milyona çatır. Bütün zərər də bank sahibinin ayağına yazılır. Buna görə də bank sahibləri bağlanmaqdansa, bankın çətinliklə də olsa fəaliyyətini davam etdirməsini üstün tuturlar. Bir misal deyim. İndiyədək bağlanan bankların yalnız 4-də kreditorlar şurası yaradılıb. Halbuki qanunvericiliyin tələbi budur ki, bütün banklarda belə şuralar yaradılmalıdır ki, ləğvetmə prosesini tam nəzarətdə saxlasınlar. Bunu yaratmırlar, çünki ortada bizim ”Standard Bank"dakı təcrübəmiz var - biz Əmanətlərin Sığortalanması Fondunun bir addımını da nəzarətdən kənarda qoymuruq. Onlar isə digər banklarda da belə olmasını istəmirlər. Təsəvvür edin ki, məhkəmə tərəfindən hələ 2017-ci ilin aprelində qərar qəbul olunub ki, “Zaminbank”ın kreditorlar şurası yaradılsın, hələ də qərara əməl edilməyib. Mən orada vəsaiti qalan bir xarici şirkəti təmsil edirəm. Yorulmuşam Əmanətlərin Sığortalanması Fonduna yazmaqdan ki, kreditorlar komitəsi ilə bağlı mənə məlumat versinlər. Verməyiblər, üz tutmuşam Apelyasiya Məhkəməsinə, oradan cavab veriblər".

Ekspertin dediyinə görə, bankların bağlanma prosesi bu il də davam edəcək: “2016-cı ilin dekabrında maliyyə xidmətlərinin inkişafı üzrə yol xəritəsi qəbul olunub. Orada qeyd olunub ki, problemli bankların məsələsi 2017-2018-ci illərdə həll olunmalıdır: onlar ya sağlamlaşdırılmalı, ya da bağlanmalıdılar. Belə görünür ki, sağlamlaşdırma mümkün olmadığı üçün əlac yalnız bağlanmaya qalır. Buna görə də mən vətəndaşlara  tövsiyə edirəm ki, sığortalanan məbləğdən artıq əmanət qoymasınlar banka. Banklar bağlanan zaman sadə vətəndaşlarla yanaşı, həm də biznes böyük zərər çəkir: onların hesablarındakı vəsaitlər faktiki olaraq batır. Elə kiçik və orta müəssisələr olur ki, hesabı olan bank bağlandıqda tamamən müflis olur, o da bağlanır. Bu baxımdan, iş adamlarını da ehtiyatlı olmağa, göstəriciləri pis olan banklarda hesab saxlamamağa çağırıram”.

Hüquqşünasın dediyinə görə, bank sahiblərinin bağlanma ilə bağlı hökumət qurumları ilə razılığa gəlməsi mümkün deyil: “Çünki bankların bağlanması bir qurum deyil, bir neçə dövlət qurumuna bağlı olan məsələdir. Ən əsası isə bu məsələdə son sözü prezident deyir: ötən ilin yayında Maliyyə Bazarlarına Nəzarət Palatasının nizamnaməsinə dəyişiklik olunub. Dəyişikliyə əsasən lisenziyaların verilməsi və dayandırılması məsələsini Palata prezidentlə razılaşdırmalıdır”.






Fikirlər