Millət vəkilindən mühüm dəyişiklik – ANONSU

Millət vəkilindən mühüm dəyişiklik – Anonsu

Daha öncə də bu qədər bankın Azərbaycanın maliyyə bazarı üçün çoxluq təşkil etdiyini və onların konsolidasiyasının aparılması ilə daha iri bankların yaradılması təklifini irəli sürmüşdük. Belə olduqda həm nizamnamə kapitalı böyük, həm də kredit portfelinin likvidliyi normal səviyyədə olan iri banklar aşağı faizlərlə kredit verə biləcəklər.

 
Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili Mərkəzi Bank, Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının 4 bankın bağlanması ilə bağlı birgə qərarını şərh edib:
 
“MBNP faktiki bankların monitorinqini aparmaqla onların real vəziyyətini müəyyən etdi. Nəticədə bir sıra bankların likvidliyi, kapitalları və kredit portfeli ilə bağlı problemlər üzə çıxdı və ölkədə daha 4 bank bağlandı. Depozitlərin əksəriyyəti sığortalansa da, bankların bağlanması əmanətçilər üçün problemlər yarada bilər. Bu qədər bank Azərbaycanın maliyyə bazarı üçün çoxluq təşkil etdiyindən, biz dəfələrlə onların konsolidasiyasının aparılması ilə daha iri bankların yaradılması təklifini irəli sürmüşdük. Belə olduqda həm nizamnamə kapitalı böyük, həm də kredit portfelinin likvidliyi normal səviyyədə olan iri banklar aşağı faizlərlə kredit verə biləcəklər”.
 
Millət vəkili Azərbaycanda bank sektoru üzrə aparılan islahatlar prosesinin davamlı olacağını bildirib:
 
“Bir sıra banklarda da hazırda yoxlamalar gedir, görək, MBNP və hökumət orqanları hansı qərarları verəcəklər? Ümumiyyətlə, bank sistemində sağlamlaşdırmaya ehtiyac böyükdür, bankların vəziyyətində müəyyən problemlər var. Hazırda kreditlərin verilməsində məhdudiyyətlər var. Halbuki kreditlərin verilməsi ölkədə real sektorun inkişafında ciddi rol oynayır”.
 
V.Əhmədov, bir müddət öncə bağlanan banklarda kredit faizlərinin hesablanması ilə bağlı işıqlandırdığımız mövzuya bir daha qayıdaraq çox önəmli mesajlar verib:
 
“Bildiyiniz kimi, banklar bağlandıqda kredit faizləri davam edir, ancaq depozitlər üzrə faizlər saxlanılır. Bu, indiki qanunvericiliyə görə düzgün olsa və əmanətləri qaytarmaqdan ötrü edilsə də, hesab edirəm ki, bu məsələ ilə əlaqədar gələcəkdə qanunda müəyyən dəyişiklik edilə bilər. Çünki lisenziyası ləğv edilən banklar əmanətlərə verilən faizləri dərhal dayandırır, ancaq kreditə görə faiz hesablamağa davam edirlər. Bu problem hazırda diqqət mərkəzindədir və bununla bağlı çoxlu müraciətlər daxil olur”.
 
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurası ötən həftə Dekabank ASC, Kredobank ASC, Parabank ASC və Zaminbank ASC-nin bank lisenziyalarının ləğv edilməsi ilə bağlı qərar qəbul edib.
 
MBNP ötən gün Dekabank ASC-nin bundan sonra bank olmayan kredit təşkilatı (BOKT) kimi maliyyə sektorunda fəaliyyətini davam etdirməsinə qərar verib.

 






Fikirlər