BANKLAR BATMAQDA, hökumət baxmaqda...

“Zaminbank” və “Bank Standard”da vəziyyət daha pisdir; iqtisadçı: “Banklar xilas olmazsa, ölkənin maliyyət sektoru məhvə sürüklənə bilər”

Devalvasiyalardan sonra kreditlər verilməsinə qoyulan məhdudiyyətlər, problemli kreditlərin artması, dollarla verilən kreditlərə yasaq qoyulması bankları çətin vəziyyətə salıb. Mətbuata sızan məlumatlara görə, daha iki bank- “Zaminbank” və “Bank Standard”da da vəziyyət pisdir. “Marja” saytı iddia edir ki, “Zaminbank” bir müddətdir işçilərinin əmək haqlarını verə bilmir.


Həmçinin “Zaminbank” təxminən 1 aydır ki, bankomatlarını pulla təmin edə bilmir. Məlumata görə, buna səbəb bankın nağd pul çatışmazlığı ilə üzləşməsidir.

Buna görə də “Zaminbank” rəhbərliyi bankomatlara pul qoyulmamasına, müştərilərin kart hesablarındakı vəsaitlərin yalnız bankın filiallarında məhdud şəkildə nağdlaşdırılmasına qərar verib. “Bank Standard” QSC-nin maliyyə vəziyyətinin kəskin pisləşdiyi barədə xəbərlər gəlir. Əmanət müqavilələrinin müddəti bitmiş əmanətçilər bankdan pullarını geri ala bilmirlər. 
İqtisadçı ekspert Rəşad Həsənov bankların bu vəziyyətə düşməsinin səbəbi gəlirlərinin kredit faizlərindən asılı olması ilə bağlıdır: “Azərbaycan bank sektoru müasir tələblərə cavab vermirdi. Bundan əvvəlki dövrdə bank sektoru daha çox kredit faizləri hesabına öz gəlirlərini təmin edirdi, digər bank funksiyalarının yerinə yetirilməsində çox geri qalırdı. 

Təkcə onu demək kifayətdir ki, bankların gəlirlərinin 74 faizi kredit faizləri hesabına əldə olunurdu. Devalvasiyadan sonra bankların kredit portfelində yaranan ciddi problemlər və bəzi kreditlərin geri qayıtmasında ləngimələr, eyni zamanda reytinqlərinin aşağı düşməsi səbəbindən bankların xarici mənbələrdən kredit cəlb etmək imkanlarının məhdudlaşması və real sektorun vəziyyətinin gündən-günə geriləməsi, bankların biznesə kredit verə bilməməsi bir çox bankın çətin vəziyyətə düşməsi ilə nəticələndi. Hər hansı bank kredit verə bilmirsə, gəlir əldə edə bilmirsə, kiçik bank xidmətləri vasitəsilə xərcləri belə ödəməkdə çətinlik çəkəcəkləri bəllidir. Devalvasiyadan sonra da deyirdik ki, əgər islahatlar keçirilməsə, bir çox bankların birləşməsi və bağlanması qaçılmazdır”. 

İqtisadçının sözlərinə görə, bu gün banklarda yaranmış çətin vəziyyət heç də gözlənilməz deyil:“Hökumət bankların xilas olması istiqamətində heç bir təkliflə çıxış etmədi. Xatırlayırsınızsa, 2008-ci ildə dünya maliyyə böhranının ən qızğın vaxtlarında ABŞ maliyyə sektorunu xilas etmək məqsədilə banklara çox ciddi güzəşt paketləri təklif etdi. Bankları çətin vəziyyətdən xilas etdi. Nəticədə 5-6 ildən sonra bu ölkənin maliyyə sektorundakı problemlər həll olundu. Üstəlik, dünyanın ən inkişaf etmiş iqtisadiyyata malik ölkəsinə çevrildi. Bu baxımdan hökumət nəzərə almalıdır ki, bank sektoru ölkənin əsas maliyyə dayağıdır. Azərbaycan kimi kapital çatışmazlığı olan ölkədə bank sektorunda vəziyyət çətinləşirsə, deməli, sahibkarlığın, biznesin inkişafından danışmaq da doğru deyil. 

Təsadüfi deyil ki, böyük biznes indeksinin kredit əlçatanlığı göstəricisi üzrə də Azərbaycan dünyada ən geri qalan ölkələrdən biri hesab olunur. Hazırda yaranmış situasiya isə vəziyyəti daha da ağırlaşdırır. Bankların xilas edilməsinin birinci yolu nağd vəsait çatışmazlığının təmin edilməsidir. Çünki bankların çox yüksək həcmdə problemli kreditləri var. Rəsmi rəqəmlərdə problemli kreditlərin 6,7 faiz göstərilsə də, bu, real rəqəm deyil. Bizim banklarla apardığımız danışıqlarda isə bəlli olur ki, problemli kreditlərin həcmi 30-40 faizin üzərindədir. Lakin banklar bu göstəricilərin ictimailəşdirilməsində maraqlı deyil”.

R. Həsənovun fikrincə, hazırda xarici valyutada olan kreditlərin qaytarılması ilə bağlı güzəşt paketi təklif olunmalıdır: 

“Azərbaycan vətəndaşlarının kredit qaytarmaq qabiliyyəti, manatla olan kreditlərdə belə minimuma düşüb. Çünki ixtisarlar gedib, biznesin gəlirləri azalıb, bir çox hallarda biznes zərərlə işləyir, xarici valyutada olan kreditləri iki dəfə artıb. Bu səbəblər kreditlərin geri qayıtmasını əngəlləyir. Ona görə də ”Zaminbank" və “Bank Standart” çox ciddi nağd pul qıtlığı ilə üzləşiblər. Bu banklarda likvitlik demək olar ki, yox səviyyəsindədir. Belə bir situasiya növbəti dövrlərdə digər banklara da sıçrayacaq. 2016-cı ilin sonuna kimi bir çox banklar defolt riski ilə üzləşəcəklər. 

Bu isə hökumət üçün bir siqnal olmalıdır və bank sektorunun xilası üçün bir addım atmalıdır. Cəmiyyətdə belə bir fikir var ki, son illərdə banklar daha çox sələmçiliklə məşğul olublar, yüksək kredit faizləri qoyublar, indi isə günahlarının cəzasını çəkirlər. Hətta hökumət rəsmilərinin çıxışında da bu nüans vurğulanır ki, banklar özləri özlərini xilas etsinlər, vətəndaşlara güzəşt etsinlər. Ancaq hələ ki bu deyilənlər arxa plana keçirilməlidir. Çünki banklar xilas olmazsa ölkənin maliyyə sektorunu, biznes sahələrini domino effekti ilə məhvə sürükləyə bilər".(Musavat)






Fikirlər