Banklar gündə 1,8 milyon itirir...
Bu ilin may ayının yekununa görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 313,2 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, bu, aprel aylarının yekunu ilə müqayisədə 4,5% və ya 56,6 milyon manat çoxdur. Ilin əvvəlindən bəri problemli kreditlər 34,5%, son 1 ildə isə 45,1% artıb.
Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində çəkisi isə 1 ay ərzində 6,1%-dən 6,4%-ə yüksəlib. Bu nisbət ilin əvvəlində 5,3%, ötən ilin eyni dövründə isə 5,5% olub.
Maraqlıdır ki, problemli kreditlər ölkə üzrə kredit qoyuluşunun azalması fonunda artır. Bu isə onu göstərir ki, banklarda kredit ödənişləri ilə bağlı vəziyyət getdikcə pisləşir.
Hazırda yaşanan tendensiya, problemli kreditlərin durmadan artması bank sektoruna nə vəd edir?
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, bank sektorunda baş verən trendlər onu deməyə əsas verir ki, proses çox sürətlə gedir. M.Talıblının sözlərinə görə, problemli kreditlərin həcminin artması daha çox vətəndaşların və ya fiziki şəxslərin gəlirlərində azalmanın əlamətidir: “Ümumi kredit portfelinin 98,4 faizini istehlak kreditləri, 1,6 faizini isə biznes kreditləri təşkil edir. Problemli kreditlərin artması da istehlak kreditlərində mövcud olan gecikmələrdə özünü göstərir. Əgər problemli kreditlər daha çox biznes kreditlərinin geriyə dönüşündə gecikmələrlə müşahidə olunsaydı, o zaman biz biznes şərtlərini və investisiya mühitini təhlil etməli olacaqdıq. Çünki, problem oradan qaynaqlanır. Istehlak kreditlərində də biznes sferasından qaynaqlanan məqamlar az deyil. Özəl sektorda çalışan vətəndaşlarımızın gəlirlərinin azalması, eyni zamanda biznes sferasında gəlirlərin azalmasının əlaməti sayıldığından krediti olanlarda müəyyən problemlər doğurur”.
M.Talıblı bildirdi ki, amma istehlak kreditlərinin gecikməsi vətəndaşların gəlirlərinin azalması fonunda baş verir. Çünki, yüksək kredit dərəcələri onun qaytarılmasını bir çox hallarda mümkünsüz edir. Bir bank kreditini bağlamamış vətəndaş digər bankdan kredit götürmək məcburiyyətində qalır. Nəticədə o, kredit bataqlığına belə sürətlə yuvarlanır: “Banklar isə hesab edir ki, bahalı kredit götürən müştərilərin tələbatı varsa, elə bu şərtlə də kredit resurslarını satmaq lazımdır. Amma əslində, normal dərəcə ilə kredit alan vətəndaşımız onu asanlıqla da qaytara bilər ki, bu da gecikmiş kreditlərin artmasına səbəb olmaz. Dövriyyədən kənarda qalan həmin resursların özü də banklara əlavə gəlir gətirə bilər ki, bu da davamlı müştəri qazanılması baxımından ən yaxşı yoldur. Hazırda bankların müştəri kontingenti davamlı və sabit əməkdaşlıq etdiyi müştərilər deyil. Hər dəfə banklar müştəriləri, müştərilər də bankları sürətlə dəyişir”.
M.Talıblının fikrincə, banklar arxayın olur ki, yüksək faizlə kredit verdikləri vətəndaşdan sonradan məhkəmələr vasitəsilə pulunu geri ala biləcək. Amma yanılırlar ki, aylarla məhkəmə çəkişməsi və əmlaka yönəlmiş həbslər pula çevrilənədək həmin zaman kəsiyində qalan vəsaitin özü də gəlirdən məhrum qalır: “Əslində isə banklar belə bahalı kredit dərəcələrini saxlamaqda problemli kreditlər və ya tamamilə ”batmış" kreditləri sığortalanması məqsədi ilə bunu edir. Yəni qarşılıqlı təsirlə əlaqəli olan bank-müştəri münasibətləri beləliklə, kritik mərhələyə daxil olur".