01.05.2014. - ŞOK! “Bank vətəndaşdan 8 faizlə aldığı əmanəti digər vətəndaşa 25 faizlə verir”
Tanınmış iqtisadçı Mərkəzi Bankın siyasətini tənqid etdi
“Vətəndaşlardan əmanətləri orta hesabla illik 8 faizlə alan banklar kreditləri 25 faizlə bölüşdürürlər. Bu isə 3 dəfədən artıq fərq deməkdir. Sadə dillə desək, vətəndaşdan 8 faizlə pulu alan bank həmin vəsaiti digər vətəndaşa 25 faizlə verir. Hətta dividentlərin banklar üçün yeganə maliyyə mənbəyi olmadığını nəzərə aldıqda belə, bu, iqtisadi baxımdan normal hal kimi qiymətləndirilə bilməz”.
"AzerTaym.az" saytı xəbər verir ki, bunu mediaya açıqlamasında tanınmış iqtisadçı Vüqar Bayramov bildirib.
İqtisadçı deyib ki, bu ilin birinci rübündə Mərkəzi Bankın “oyun qaydalarna “ inzibati müdaxiləsi müşahidə olundu. Çünki bankların vəsaitlərin cəlb edilməsi mənbələrində ciddi şaxələnmə yoxdur, təklif edilən kredit faizləri yüksək, cəlb edilən əmanətlər üzrə divident ödənişləri isə aşağı olaraq qalmaqdadır.
İqtisadçının sözlərinə görə, mərkəzləşdirilmiş kredit resursları, bankların cəlb etdiyi bütün mövcud vəsaitlər əhəmiyyətli rəqəmlə ifadə edilmədiyindən uçot stavkasının aşağı salınması nəinki ciddi, hətta hiss edilən faiz endirimlərinə və ya bankların ucuz vəsaitlərlə təmin edilməsinə səbəb ola bilməz: “Mərkəzləşdirilmiş kreditlərdən heç də bütün bankların istifadə imkanları olmadığından Mərkəzi Bankın uçot dərəcələrinin aşağı salınması qərarı bütün bank sektorunu əhatə edə bilmir. Azərbaycanın əksər aparıcı banklarında mərkəzləşdirilmiş kreditlərin payı ya cüzidir və ya ümumiyyətlə yoxdur. Mərkəzi Bankın bu tip kreditləri adətən sağlamlaşdırıcı kreditlər kimi bölüşdürür ki, bu zaman bankların seçim meyarları bəzi hallarda tam aydın olmur. Digər tərəfdən isə, uçot stavkasının aşağı olmasına baxmayaraq mərkəzləşdirilmiş kreditlərin verilməsi şərtlərinin ağır olması (kreditin müddəti, girov şərtləri və s.) bankların bu vəsaitlərdən istifadə meyillərini azaldır. Nəhayət, sonuncusu, bir sıra digər ölkələrdən fərqli olaraq mərkəzləşdirilmiş kreditlərə müraciət açıq pəncərə əsasında formalaşmadığ üçün kommersiya banklarının həmin vəsaitlərdən istifadə imkanlarını məhdudlaşdırır.
Bu ilin birinci rübündə bank sektorunda cəlb edilən vəsaitlərin strukturunda ciddi dəyişiklilər baş vermədiyi üçün kredit bazarında hiss edilən dəyişikliklər müşahidə edilmədi. Kredit faizləri yüksək olaraq qalmaqdadır və bunun aşağı salınması istiqamətində Mərkəzi Bankın təşviqedici fəaliyyətindən daha çox inzibati müdaxiləsi müşahidə olunur. Əksinə, indi bank sektorunda cəlb edilən əmanətlər üzrə dividentlər ilə təklif edilən kreditlər üzrə faiz dərəcələri arasında kəskin uçurum var”.
V.Bayramovun fikrincə, hazırda ölkənin kommersiya bankları MDB-də ən bahalı kredit siyasətlərindən birini yürüdürlər, problemli kreditlərin bank aktivlərindəki payına görə bank sektorunda vəziyyət heç də yaxşı deyil. Bunlar isə bank sektorunda ciddi islahatların aparılmasını qaçılmaz edir.