21.05.2014. - “Ölkədə sosial vəziyyət və biznes şəraiti pisləşir”-Q.İbadoğlu
Banklarda problemli, yəni qaytarılma vaxtı keçmiş, amma geri ödənməyən kreditlərin həcmi artıb. Rəsmi məlumata görə, əgər ötən ilin ilk rübündə problemli kreditlərin həcmi 760 mln AZN idisə, bu ilin eyni dövrü ilə müqayisədə bu 93 mln AZN artaraq, 853 mln AZN-ə çatıb. Vaxtı ötmüş kreditlərin böyük bir hissəsini istehlak kreditləri təşkil edir.
İqtisadç-ekspertlər isə hesab edir ki, problemli kreditlərin həcminin bu qədər artması Azərbaycanda insanların sosial durumun faciəvi vəziyyətinin göstəricisidir.
Bununla bağlı açıqlama verən İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Qubad İbadoğlu da hesab edir ki, problemli kreditlərin bu qədər artması həm sosial sahədəki vəziyyətin, həm də biznes şəraitinin ürəkaçan olmadığını təsdiqləyir:
“Məsələ bundadır ki, burada söhbət yalnız istehlak kreditlərindən getmir. Həm də biznes kreditlərindən gedir. Bu, yalnız sosial vəziyyətin deyil, həm də biznes şəraitinin pis olduğunu təsdiq edən bir göstəricidir. Problemli kreditlərin artması, həm biznes şəraitinin, həm də sosial sahədəki ağır vəziyyətin göstəricisi kimi xarakterizə edilə bilər. Baş verənlərdən çıxan əsas nəticə budur”.