Hacı Namiqin “məharətli” aşbazları...

Hacı Namiqin “məharətli” aşbazları...Deyilənə görə, bu aşbazlar “Mübarək”də köhnə aşdan xan aşı hazırlayıb, gəlinlə bəyin süfrəsinə gətirirlər.

"AzerTaym.az" bildirir ki,bu barədə "Bizimdövr.az" saytı öz araşdırma yazısında qeyd edir.
Belə ki,yazıda paytaxtın Xətai rayonunda, Xocalı prospekti 15 ünvanında yerləşən “Mübarək” şadlıq sarayının fəaliyyətində müşahidə olunan neqativ hallardan bəhs olunur.Birmənalı olaraq qeyd etmək lazımdır ki, bu gün şadlıq evlərində yol verilən özbaşınalıqlar təəssüflər olsun ki, artıq olduqca təhlükəli tendensiya halını almaqdadır.

Təsadüfi deyildir ki, hələ bir müddət bundan əvvəl sanitariya-epidemioloji xidmət orqanları tərəfindən aparılan yoxlamalar zamanı qida məhsulları istehsal edən 63 müəssisədə ciddi qanun pozuntuları aşkar olunmuşdu. Həmin vaxt Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin mətbuata verdiyi məlumata görə, bu müəssisələrd yeyinti məhsullarının istehsalı, satışı, saxlanması, daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozulduqlarına görə cərimələnmişdilər. O, cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 7 obyektin istismarının dayandırılması barədə qərar da qəbul edilmiş, ciddi qanun pozuntuları qeyd edilən 2 müəssisənin işi isə istintaqa göndərilmişdi. Lakin redaksiyamıza daxil olan məlumatlardan da belə qənaətə gəlmək olur ki, bu tip iaşə müəssisələrinin bir neçəsinə qarşı görülən tədbirlər, heç də həmişə digərləri üçün ibrət olmur. O cümlədən, aldığımız məlumatlarda bildirilir ki, bu gün “Mübarək” şadlıq sarayının mətbəxində demək olar ki, heç bir gigiyenik qaydalara əməl edilmir.

Hacı Namiqin “məharətli” aşbazları...Belə ki, iddialara görə bu müəssisədə dünənki toy süfrəsindən “qənaət” olunmuş ərzaqların, hətta bişmiş yeməklərin belə “təzələnərək” bugünkü məclisin süfrəsinə düzülməsi artıq çoxdan adi bir hal olub. Bəzi mənbələr isə hətta iddia edirlər ki, bu gün “Mübarək” şadlıq sarayı müştərilərə keyfiyyətsiz və hətta sağlamlıq üçün təhlükəli ərzaqlardan hazırlanan qida təklif olunan restoranlar siyahısında ilk yerlərdən birini tutur. Həmçinin bu şadlıq evində olan mənbələr də təsdiq edirlər ki, burada keçirilən toyların birində əl vurulmamış və ya yarımçıq qalmış qidalar növbəti toyda süfrənin bəzəyinə çevrilir. Nəticədə isə toy sahibi pulundan, qonaqlar isə sağlamlıqlarından olurlar. Əldə etdiyimiz digər bir məlumata görə isə, bu şadlıq sarayına gələn ət məhsulları, içkilər və digər qida məhsulları hansısa gizli yerlərdə, çox ucuz qiymətə tədarük olunur. Hətta Rusiya markası altında stola qoyulan araqlar da qeyri-leqal fəaliyyət göstərən sexlərdə kustar üsülla hazırlanır.

Qeyd etməliyik ki, ötən materialın dərcindən sonra, redaksiyamıza məqalədə irəli sürülən ittihamları təsdiqləyən daha bir neçə məlumat daxil olub. Bu məlumatlardan birində deyilir: “Yazdıqlarınız tam həqiqətdir və bəlkə də, hələ olanları tam əks etdirmir. “Mübarək” şadlıq evinin mətbəxində antisanitariya hökm sürür. Xoşagəlməz iydən restoranın mətbəxinə daxil olmaq belə mümkün deyil. Ən səthi yoxlama zamanı da aşkar etmək olar ki, burada yeməklər keyfiyyətsiz və mənşəyi bəlli olmayan ərzaqlardan hazırlanır. Hələ üstəlik bugünkü toyun xörəklərini, salatlarını soyuducuda saxlayıb növbəti toyda verirlər. Hətta aşı soyuducuda saxlayıb növbəti gün isidib süfrəyə də gətirirlər.

Bundan başqa isə, köhnə aşdan böyük “məharətlə” xan aşı hazırlayıb gəlinlə bəyin süfrəsinə gətirirlər. Burada yemək hazırlayan aşbazların da əksəriyyətinin aşbazlıq ixtisası üzrə heç bir təhsilləri yoxdur. Aşbazlıq sənəti ilə bağlı heç bir bilgisi olmayan və özünü aşbaz adlandıran hər kəsi bu şadlıq sarayına işə götürürlər. Təki, şadlıq evinin sahibi Namiq müəllimin “xüsusi” tələblərinə cavab versin...”



P.S. Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.






Fikirlər