Arif Əsgərovun kadrı ADY-nin fəaliyyətinə xələl gətirir
İnfrastruktur Departamentinin direktoru Füzuli Quliyev Cavid Qurbanovun təyinatını niyə etirazla qarşılayıb? Dövlət büdcəsindən bu müəssisəyə ayrılan vəsaitlərin böyük hissəsi havaya sovrulur "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərov vəzifədən azad ediləndən sonra ölkəmizin dəmir yolu təsərrüfatında bir sıra müsbət işlər baş verib. Belə ki, QSC-nin yeni rəhbəri Cavid Qurbanov bu sahədə müəyyən islahatlar həyata keçirərək ölkə rəhbərliyinin ona göstərdiyi etimadı doğrultmağa çalışır. Bildiyiniz kimi, Arif Əsgərov QSC-yə rəhbərlik etdiyi vaxtlarda demək olar ki, hər gün qurumun fəaliyyəti və baş verən maliyyə pozuntuları barədə mətbuatda silsilə yazılar dərc olunurdu. Amma indi vəziyyət başqa cürdür. Cavid Qurbanov kemiş rəhbərliyin komandasında yer alan bəzi şəxsləri cəzalandırıb. Buna rəğmən, Arif Əsgərovun kadrlarının bir neçəsi hələ də "Azərbaycan Dəmir Yolları"nda mühüm vəzifələri tuturlar. Məhz onların həyata keçirdikləri özbaşına işlər qurumun fəaliyyətinə mənfi təsir göstərir. Məsələn, QSC-nin İnfrastruktur Departamentinin fəaliyyəti acınacaqlı vəziyyətdədir. Bu barədə etibarlı mənbələrdən məlumat almışıq. Məlumatda qeyd olunur ki, departamentin direktoru Füzuli Quliyev hələ də Arif Əsgərovun rəhbərliyi altında çalışdığını zənn edir və bəzi qanunsuz əməllərə imza atır: "Departament direktoru Arif Əsgərovun ən yaxın kadrlarından biri sayılırdı. Keçmiş sədr bəzi işlərini məhz departament direktorunun vasitəsilə həyata keçirirdi. Sədrin dəyişməsinə baxmayaraq, Quliyev postunu qoruyub saxlamağı bacardı. Onun rəhbərlik etdiyi departament dəmir yollarının bütün elementlərinin daim saz vəziyyətdə saxlanılması və onların təmiri, torpaq yatağının, üst quruluşun, süni qurğuların və yol tikililərinin, avtomatika və telemexanika vasitələrinin, işarəvermə, mərkəzləşdirmə və bloklaşdırma, elektrik təchizatı qurğularının təhlükəsiz və etibarlı işinin, müəssisələrin balansında olan yaşayış və xidməti-texniki binaların, meşə zolağının saxlanılması və təmirinin təşkilini həyata keçirməyə borcludur. Təəssüf ki, Füzuli Quliyevin rəhbərlik etdiyi İnfrastruktur Departamenti fəaliyyətinə daxil olan işləri lazımi səviyyədə yerinə yetirə bilmir. Departamentə ayrılan büdcə vəsaitləri başqa-başqa işlərə sərf edilir. Buna görə də dəmir yollarının infrastrukturu yaman gündədir. Direktorun nəzarəti altında bir neçə çınqıl və qum məhsullarının satışını həyata keçirən müəssisə fəaliyyət göstərir. O bu biznesdən külli miqdarda qazanc götürür. Füzuli Quliyev əvvəllər Yol İstehsalat Birliyinin rəisi işləyirdi. 2010-cu ildə İnfrastruktur Departamentinin direktoru təyin olundu. Elə həmin vaxtdan departament qarşıya qoyulan tapşırıqları istənilən səviyyədə həyata keçirə bilmir. Qurumun son beş ildəki fəaliyyəti araşdırılsa, bəzi qaranlıq məqamlara aydınlıq gətirilə bilər". Məlumatda həmçinin İnfrastruktur Departamentinin 4 saylı İxtisaslaşdırılmış Dəmiryol Müəssisəsinin fəaliyyətində də qanunsuzluqların mövcud olduğu bildirilir: "Füzuli Quliyev müəssisənin rəhbəri Ceyhun Kərimxanovun özbaşına əməllərinə son qoymaq istəmir. Çünki Kərimxanov hər yerdə özünü nəqliyyat naziri Ziya Məmmədovun xalası oğlu kimi təqdim edir. Müəssisəyə ayrılan vəsaitlər nağdlaşdırılaraq göyə sovrulur. Mal-material qiymətlərini, yanacaq və sürtkü materiallarını müxtəlif yollarla yox edib öz bildiyi əməlləri törədir. Deyilənə görə, müəssisənin işçiləri siyahısında xeyli sayda "ölü can" var idi. Onların adına yazılan məvacib rəhbərlik tərəfindən istifadə olunur. Həmin işçilərin plastik maaş kartları mühasibin cibində olurdu. Əgər Beynəlxalq Bankın bankomatlarındakı müşahidə qurğularındakı videoqeydlər araşdırılsaydı, asanlıqla aşkar etmək olardı ki, işçilərin çoxunun maaş hesabından da pulu məhz bu şəxs çıxarırdı. Füzuli Quliyev bütün bunlardan xəbərdar olsa da, heç bir tədbir görmək istəmir. Çünki müəssisə rəhbəri hər ay onun qəbuluna gəlir". Departament direktorunun fəaliyyətindəki neqativ hallar bununla bitmir. Gələn saylarımızda Füzuli Quliyevin Cavid Qurbanovun QSC-yə sədr təyinatını nəyə görə narazılıqla qarşılaması və biznesi haqda ilginc faktları açıqlayacağıq. Bizi izləyin.(gündelikbakı.com) Mövzu ilə bağlı qarşı tərəfin də münasibət bildirmək hüququ var.