Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ərzaq məhsullarının qiymətlərində olan artımın səbəblərindən danışarkən deyib. O, əvvəlki ilə nisbətən əhalinin alıcılıq qabiliyyətinin də aşağı düşdüyünü qeyd edib:
"Keçən il Kənd Təsərrüfatı Nazirliyi meyvə və tərəvəz istehsalında artım göstərib. Bu artım özünü nədə göstərməli idi? İndiki halda məhsulun qiymətinin ucuzlaşmasında. Keçən il artım vardısa, məhsullar anbarlara yığılmalı və hissə-hissə bazarlara çıxarılmalı idi. Əgər təklif çoxalıbsa, nisbətən ucuz qiymətə satış həyata keçirilməli idi. Bu niyə baş vermir? Ona görə ki, istehsal azalıb. Soğan Azərbaycana Rusiya və Qazaxstandan gətirilir, kartof İran və digər ölkələrdən. Hətta kök də xarici ölkələrdən gətirilir. Bütün qiymət artımlarının arxasında aşağıdakı səbəblər dayanır.
Birincisi, istehsal azalıb, ikincisi, əhalinin alıcılıq qabiliyyəti azaldıqca sahibkarlar, ticarətlə məşğul olanlar öz gəlir və itkilərini kompensassiya etmək üçün qiymətləri bahalaşdırmağa çalışırlar”.
Ekspert onu da əlavə edib ki, ərzaq və kənd təsərrüfatı məhsullarının daşınma xərci də artıb:
"Dizel yanacağının qiyməti 33% artıb. Bu gün ərzaq məhsulları əsasən dizel yanacağının istifadə edildiyi yük maşınları ilə daşınır. Bundan başqa, bir tərəfdən də suyun qiyməti qaldırılıb. Bu da məhsulların xərcini artırıb. Bəs bu itkilər haradan kompensasiya edilməlidir? Bizneslərindən. Bütün bunların hamısı ümumi qiymətə təsir edən amillərdir”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsi cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma olduğunu açıqlayıb. Komitə bildirib ki, un, manna və qarabaşaq yarması, makaron məmulatları, peçenye, vafli, toyuq əti, təzə və dondurulmuş balıq, süd, yoqurt, xama, kəsmik, pendir, yumurta, kərə və bitki yağları, limon, portağal, naringi, banan, alma, armud, heyva, nar, xurma, fındıq, şabalıd, kələm, xiyar, pomidor, balqabaq, bibər, badımcan, kartof, soğan, sarımsaq, şəkər və şəkər tozu, şokolad məmulatları, çay, kola içkisi, meyvə şirəsi və arağın qiymətində artım baş verib.