ŞAD XƏBƏR - Maaşlar QALXACAQ...

Şad xəbər - Maaşlar qalxacaq

Maliyyə Nazirliyinin təqdim etdiyi sənədə əsasən, gələn ildən etibarən Azərbaycanda orta aylıq əməkhaqqı, eləcə də əhalinin nominal gəlirlərindəki artım tempi davam edəcək.

Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a gələn il əməkhaqlarının artımından danışarkən deyib.

Deputat bildirib ki, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair sənədinə əsasən, Azərbaycanda 2022-ci ildə orta aylıq əməkhaqqı 794 manat 50 qəpik olacaq. 2021-ci ildə orta aylıq əməkhaqqının isə 742 manat 80 qəpik olacağı gözlənilir. Bu, ondan xəbər verir ki, 2022-ci ildə orta aylıq əməkhaqqı 7 faiz artacaq. Eyni zamanda bu artım tempi növbəti dövrlərdə də davam edəcək. Belə ki, 2023-cü ildə orta aylıq əməkhaqqının 838 manata, 2024-cü ildə orta aylıq əməkhaqqının 883 manata, 2025-ci ildə orta aylıq əməkhaqqının 935 manata çatacağı proqnozlaşdırılır. Mövcud artım tempi davam edərsə, artıq 2026-cı ildə orta aylıq əməkhaqqı 1000 manata çata biləcək.

"Eləcə də əhalinin nominal gəlirlərində artım davam edəcək. Əhalinin gəlirləri 2021-ci ildə 58,8 milyard manatdır. Bu rəqəmin 2022-ci ildə 63,4 milyard manata çatacağı gözlənilir. Əhalinin gəlirləri 2025-ci ildə 77 milyard manatdan çox olacaq. Söhbət ölkə üzrə gəlirlərdən gedir", - deyə o bildirib.

Millət vəkili diqqətə çatdırıb ki, eyni zamanda Maliyyə Nazirliyinin sənədinə görə, əməkhaqlarında artımın olmasına baxmayaraq, növbəti ildən başlayaraq rəsmi inflyasiya dərəcəsinin azalacağı proqnozlaşdırılır. İnflyasiya səviyyəsinin növbəti illərdə aşağı düşəcəyi gözlənilir. Xüsusən 2022-ci ildən etibarən inflyasiya səviyyəsində azalmaların olacağı pronozlaşdırılır. Bu da əməkhaqqı artımlarının reallığının qorunub saxlanılması baxımından vacib hesab olunur. Çünki əməkhaqqı artımları inflyasiya nəzərə alınmadan nominal artımlardır. İnflyasiya nəzərə alınanda isə bu, real artım kimi proqnozlaşdırılır. Əgər 2021-ci ildə inflyasiya səviyyəsi 4,9 faiz olacaqsa, 2022-ci ildə bunun 3,6 faiz, 2023-cü ildə 3,3 faiz, 2024 və 2025-ci illərdə isə 3,2 faiz olacağı proqnozlaşdırılır.

"2022-ci ilin dövlət büdcəsində sosial xərclər 3 milyard 584 milyon manat nəzərdə tutulub. Amma bütövlükdə sosial istiqamətə ayrılan vəsaitlər büdcə xərclərinin təxminən 40 faizinə yaxın olacaq. Birbaşa sosial təminat xərclərini nəzərə almaqla sosial istiqamətə 11 milyard manatdan artıq vəsaitin ayrılacağı gözlənilir", - deyə o bildirib.

V.Bayramov əlavə edib ki, sənəddə qeyd edilən əməkhaqlarının əmək məhsuldarlığı ilə uzlaşdırılmaqla artırılması, əməkhaqqının hesablanması sisteminin təkmilləşdirilməsini özündə ehtiva edir. Yəni bu, praktiki olaraq əmək məhsuldarlığının yüksək olduğu sektorlarda daha yüksək əməkhaqqının təklif edilməsini və eyni zamanda əməkhaqqının məbləği ilə əmək məhsuldarlığının səviyyəsi arasında əlaqənin gücləndirməsini nəzərdə tutur.

Xatırladaq ki, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair sənədində qeyd olunub ki, dövlət büdcəsinin əsas xərc istiqamətləri ortamüddətli resurs zərfinə uyğun olaraq milli xərc prioritetləri əsasında müəyyənləşdirilib. 2022-2025-ci illərdə dövlət büdcəsi xərcləri əsasən dövlətin əsas funksiyalarının təmin edilməsinə, o cümlədən müdafiə və təhlükəsizlik, sosial təminat, səhiyyə, təhsil və dövlət borcuna xidmətlə bağlı xərclərin maliyyələşdirilməsinə, eləcə də iqtisadi artımın davamlılığının dəstəklənməsinə yönəldiləcək.

Xərclər üzrə siyasətin əsas istiqamətləri

Ortamüddətli dövr üzrə xərclərin proqnozlaşdırılması zamanı aşağıdakı amillər əsas götürülüb:

1. Əmək haqlarının əmək məhsuldarlığı ilə uzlaşdırılmaqla artırılması;

2. Əhalinin sosial müdafiəsinin təmin edilməsi, sosial ödənişlərin indeksasiyası, əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli ipoteka kreditlərinin verilməsi və sosial mənzillərin tikintisi, müharibə veteranlarının, əlil və şəhid ailələrinin sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşdırılması, insanların sağlamlığının qorunması, pandemiyanın xarakterindən və kollektiv immunitetin səviyyəsindən asılı olaraq vaksinasiya tədbirlərinin davam etdirilməsi;

3. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma, bərpa işləri, Böyük Qayıdış Planına uyğun olaraq iqtisadi reinteqrasiya çağırışları fonunda bölgədə daha müasir və innovativ formatda təşkil olunacaq iqtisadi sahələrin yaradılması, infrastrukturun qurulması, əsas fəaliyyət sahələri kimi, kənd təsərrüfatı, kənd təsərrüfatı emalı və turizmin formalaşdırılması, regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpası.

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədi əsasında hazırlanan "2021-2025-ci illərə dair Sosial-İqtisadi İnkişaf Strategiyası" təsdiq edildikdən sonra xərc prioritetlərində və xərc istiqamətləri üzrə ayrılan həcmlərdə müvafiq dəyişikliklər edilə bilər.






Fikirlər