Bahalaşma sürətlənir: qlobal “qiymət yarışı” necə durdurulacaq? – ARAŞDIRMA...

İnflyasiyanın sürətlənməsi Azərbaycanda yeni sosial proqramın icrası zərurətini artırır.

Ukraynadakı müharibənin qlobal ərzaq qiymətlərini sürətlə bahalaşdırması dünyanın bütün ölkələrində inflyasiya təzyiqini artırıb. Artıq bir sıra məhdud resurslu ölkələrdə əhalinin kütləvi etirazları başlayıb. Belə ölkələrdən biri cənub qonşumuz İrandır. Bu ölkədə aprel ayında illik inflyasiya 35,6 faiz, ərzaq inflyasiyası 43,5 faiz təşkil edib.

Bir neçə gün əvvəl İran hökuməti əhaliyə bitki yağı, toyuq əti, yumurta və südün qiymətinin 300 faiz artacağına dair xəbərdarlıq edib. Bu xəbərdarlıqdan sonra əhali kütləvi şəkildə ərzaq mağazalarına axışıb, oradakı məhsullar tükəndikdən sonra isə geniş etiraz aksiyaları başlayıb. Hazırda İran hakimiyyəti ölkənin demək olar ki, bütün iri əyalətlərində baş verən etirazları sakitləşdirməyə çalışır.

Etirazların  baş qaldırdığı digər ölkə Tacikistandır. Kənara məlumat çıxışına imkan verilməsə də, əhali ilə hüquq-mühafizə orqanları arasında baş verən qarşıdurmaların sosial-iqtisadi problemlərə etirazlar nəticəsində baş verdiyi bildirilir.

Qlobal ərzaq və enerji bazarındakı böyük volatillik inkişaf etmiş ölkələrdə də mənfi təsirlərini göstərir. Aprel ayında onların hamısında inflyasiyanın sürətlənməsi qeydə alınıb. Böyük Britaniyada aprel ayında istehlak qiymətləri keçən ilin eyni dövrü ilə müqayisədə 9 faiz bahalaşıb. Bu, son 40 ildən artıq müddətdə ən yüksək artımdır. Martla müqayisədə isə bahalaşma 2,5 faiz təşkil edib. Pərakəndə qiymətlər illik ifadədə 11,1 faiz artıb.

Apreldə dünyanın birinci iqtisadiyyatına malik ABŞ-da istehlak qiymətləri indeksi illik ifadədə 8,3 faiz artım nümayiş etdirib. Bu zaman enerjidaşıyıcılarının qiyməti 30,3 faiz, ərzaq məhsulları 9,4 faiz bahalaşıb. Apreldə mart ayına nisbətən qiymət artımı 0,3 faiz olub.

Bu qiymətlər qlobal neft şokuna səbəb ola bilər” - ŞƏRH

İkinci dünya iqtisadiyyatına malik Çində illik inflyasiya 2,3 faiz olsa da, koronavirus pandemiyasının yenidən alovlanması nəticəsində tətbiq olunan sərt məhdudiyyətlər istehsalda ciddi azalmalara gətirib çıxarıb. Bundan əlavə, Çin iqtisadiyyatının əsas göstəricilərindən biri olan pərakəndə ticarətin həcmində də ciddi azalma var. Pekin hakimiyyəti iyunun 1-dən pandemiyaya görə tətbiq olunan məhdudiyyətlərin çoxunu aradan qaldırmaq qərarındadır. Ekspertlər bundan sonra iqtisadiyyatda canlanmanın güclənəcəyini gözləyirlər.

Avropa Birliyinin drayveri olan Almaniyada aprelin sonunda illik inflyasiya 7,4 faiz olub. Bu, ölkənin birləşdiyi 1990-cı ildən bəri ən pis nəticədir. İstehlak qiymətləri apreldə martla müqayisədə 0,8 faiz bahalaşıb.

Şimal qonşumuz olan Rusiyada apreldə illik inflyasiya 17,83 faizə çatıb. Aylıq ifadədə isə artım 1,56 faiz olub. Bu zaman ərzaq qiymətləri illik ifadədə 21 faizə yaxın bahalaşıb.

Qardaş Türkiyədə aprel ayında illik inflyasiya 70 faizə yaxın olub. Aylıq inflyasiya martdakı 9,19 faizə qarşı apreldə 7,67 faizə qədər azalıb. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, hökumətin inflyasiyanı sürətini azaltmaq istiqamətindəki tədbirləri may ayından etibarən müsbət təsirini göstərməyə başlayacaq. Buna baxmayaraq, Türkiyə Mərkəzi Bankı aprel ayında inflyasiya proqnozlarını yeniləyərək 2022-ci ildə ölkədə əvvəlcə nəzərdə tutulan 23,2 faizə qarşı 42,8 faiz inflyasiyanın olacağını proqnozlaşdırıb.

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişmədi

Azərbaycanın digər qonşusu və mühüm ticarət tərəfdaşı olan Gürcüstanda da aprel ayında inflyasiyanın sürətlənməsi qeydə alınıb. Ölkənin Milli Statistika Xidmətinin məlumatına əsasən illik inflyasiya apreldə 12,8 faizə, aylıq inflyasiya isə 1,8 faizə çatıb.

Xəzərin o tayında - Qazaxıstanda da qiymət artımı ciddi problemlərdən birinə çevrilib. Apreldə aylıq inflyasiya 2 faiz, illik inflyasiya isə 13,2 faiz təşkil edib. Bu zaman ərzaq inflyasiyası 17,9 faizə çatıb.

Göründüyü kimi, bütün dünyada, o cümlədən Azərbaycanın ən mühüm ticarət tərəfdaşları, qonşuları olan ölkələrdə inflyasiya getdikcə sürətlənir. Bu prosesin Azərbaycana, Azərbaycan bazarına təsirlərini hər bir vətəndaş gündəlik xərcləmələrində açıq hiss etməkdədir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2022-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-aprel aylarına nisbətən 12,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 6,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz bahalaşıb. Cari ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,0 faiz, əvvəlki ilin aprel ayına nisbətən 13,0 faiz artım nümayiş etdirib. Keçən ilin apreli ilə müqayisədə ərzaq məhsulları 19,1 faiz, qeyri-ərzaq məhsulları 7,1 faiz, xidmətlər isə 10,1 faiz bahalaşıb.

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Komitə bildirir ki, cari ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma vaflinin, peçenyenin, unun, makaron məmulatlarının, düyünün, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, pendirin, yoqurtun, süfrə marqarinin, günəbaxan və qarğıdalı yağlarının, heyvanın, narın, naringinin, almanın, armudun, soğanın, kartofun, bibərin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, cola içkisinin, meyvə şirəsinin, mineral suların, arağın, ucuzlaşma isə əsasən yumurtanın, qozun, fındığın, xiyarın, kələmin və çuğundurun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi 2022-ci ilin aprel ayında mart ayı ilə müqayisədə 0,7 faiz, 2022-ci ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 9,4 faiz artıb.

Bu ilin aprel ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə çörək, çörək məmulatları və yarmalar  18,2 faiz, ət və ət məhsulları 10,2 faiz, kərə və bitki yağları 14,2 faiz, meyvələr 10 faiz, , qənd, cem, bal, şokolad və konfetlər 11,4 faiz bahalaşıb. Ölkənin özü-özünü təmin etdiyi azsayda məhsullardan olan tərəvəzlərdə bütün məhsullardan daha çox - 71,5 faiz qiymət artımı qeydə alınıb.

Azərbaycanın ən çox ixrac etdiyi ərzaq məhsulları - Oxu.az

Qeyri-ərzaq məhsullarından parçalar 14,8 faiz, tikinti materialları 15,8 faiz, şüşə məmulatları, yemək qabları və əşyaları 11,8 faiz, evə qulluq etmək üçün lazım olan məhsullar (yuyucu vasitələr və s.) 10,2 faiz, minik avtomobilləri üçün ehtiyat hissələri 12,5 faiz, dəftərxana və şəkil çəkmək üçün ləvazimatlar 43,2 faiz bahalaşıb. Xidmətlərdən isə daha çox bahalaşma dövlət tərəfindən təqdim edilənlərdə qeydə alınıb. Belə ki, elektrik enerjisi təchizatı xidməti 12,5 faiz, təbii qaz təchizatı xidməti 41,7 faiz, hava nəqliyyatı ilə sərnişin daşınması xidmətləri 14,7 faiz, poçt xidmətləri 57,9 faiz bahalaşıb.

Məlumdur ki, istehsalçı və idxalçı qiymət indekslərindəki dəyişiklik 1-2 ay ərzində özünü istehlak bazarında büruzə verir. Bu baxımdan, Azərbaycanda istehsalçı və idxalçı qiymət indekslərindəki dəyişiklik diqqəti cəlb edir. Rəsmi statistikaya əsasən 2022-ci ilin aprel ayında Azərbaycanda əvvəlki ayla müqayisədə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi 6,4 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 11 faiz faiz azalıb, emal sənayesi üzrə 3,2 faiz artıb, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahələri üzrə isə dəyişməz qalıb.

Hesabat dövründə əvvəlki ayla müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 0,8 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 1,2 faiz, heyvandarlıq məhsulları üzrə 0,6 faiz artıb.

2022-ci ilin mart ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 0,9 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 19,8 faiz, 2022-ci ilin yanvar-mart aylarında 2021-ci ilin yanvar-mart aylarına nisbətən isə 20 faiz artıb. Bu dövrdə ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 13,0 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 85,3 faiz, 2022-ci ilin yanvar-mart aylarında 2021-ci ilin yanvar-mart aylarına nisbətən isə 74,3 faiz yüksəlib.

Qlobal səviyyədə inflyasiyanın hərəkətverici qüvvəsi kimi hazırda Ukraynadakı müharibə çıxış edir. Müharibənin uzanması şəraitində bahalaşmanın xüsusilə ərzaq bazarında davam edəcəyi gözlənilir. Hazırda Avropa İttifaqı və ABŞ Ukraynada yığılıb qalan ərzaq məhsullarının, xüsusilə taxılın dünya bazarına çıxarıması üçün tədbirlərə başlayıb. Yaxın həftələrdə bu prosesin qlobal ərzaq bazarındakı bahalaşmanın sürətinin azalmasına gətirəcəyi gözlənilir: buğda çatışmazlığının yaranacağına dair təşvişin bazara mənfi təsirinin qarşısı alınacaq. Bundan əlavə, qlobal qiymətlərə enerji bazarındakı qiymətlərin də təsiri böyükdür. ABŞ-ın Venesuelaya qarşı neft embarqosunun faktiki aradan qaldırılması bu bazarda yaxın 1-2 ay ərzində təklifin artmasına və qiymətlərin enməsinə gətirəcəyi gözləntiləri böyükdür. Digər müsbət məqam Çində iyundan məhdudiyyətlərin götürülməsi və iqtisadi artımın bərpa olunması gözləntiləridir. Bu proseslərin hamısının qlobal qiymətlərə təsirinin ən yaxşı halda 1-2 aydan sonra hiss olunacağı o deməkdir ki, bu müddətdə inflyasiyanın sürətinin kəskin azalması gözlənilən deyil. Bu amili nəzərə aldıqda, Azərbaycanda əhalinin inflyasiyanın mənfi təsirindən qorunması məqsədilə yeni sosial proqramın həyata keçirilməsinin zəruri olduğunu söyləyə bilərik.

Dünya SAKİT,
“Yeni Müsavat”

 






Fikirlər