Qarabağda 6.5 milyardlıq iş: Nə tikilir?
Martın 17-də Milli Məclisdə hökumətin hesabatında Baş nazir Əli Əsədov dedi ki, bu ilin sonuna qədər Laçın rayonunda məskunlaşdırılmaya başlanılacaq: "Bu il laçınlıların birinci qrupunun rayonda yerləşdirilməsi planlaşdırılır. Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşacağı nəzərdə tutulur. Qeyd etməliyəm ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına son iki ildə dövlət büdcəsindən ümumilikdə 6.5 milyard manat vəsait yönəldilib". Ötən ildən başlayaraq Qarabağa sakinlərin köçürülməsi başlanılıb. "Böyük Qayıdış" layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə 100-ə yaxın ailə (460 nəfərdən çox sakin) yerləşdirilib. Tərtər rayonunun azad edilmiş Talış kəndinə də artıq 30 ailə köçürülüb. İkinci mərhələdə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur. Hesablama Palatasının 2021-ci il üzrə hesabatında bildirilir ki, həmin ildə işğaldan azad edilmiş ərazilərdəki layihələrə xərclənilən 2 milyard 178 milyon manatın 73 faizi (1 milyard 590 milyon) Avtomobil Yolları Dövlət Agentliyinin payına düşüb. Qalan məbləğdən 12 faiz (261 milyon 360 min) "Azərbaycan Dəmir Yolları" QSC, 4.5 faiz (98 milyon 100 min) Minatəmizləmə Agentliyi, 3.1 faiz (67 milyon 600 min) İqtisadiyyat Nazirliyi, 2.9 faiz (63 milyon 200 min) isə Kənd Təsərrüfatı Nazirliyinə ayrılıb. Qurumun 2023-cü ilin dövlət büdcəsi haqqında rəyində isə vurğulanıb, 2022-ci ildə işğaldan azad edilmiş ərazilərdə 16 sifarişçi təşkilat üzrə 68 layihə həyata keçirilib. Şəhərsalma və Arxitektura Komitəsindən "Turan"a bildirilib ki, 30 il davam edən işğal zamanı 300-dən çox şəhər və kəndlər tamamilə dağıdılıb: "Bundan başqa, ərazilərin minalarla böyük dərəcədə çirklənməsi, dəqiq mina xəritələrinin olmaması şəhərsalma, reabilitasiya və yenidənqurma işlərinin səmərəli aparılmasına, yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtmasına əsas maneə olaraq qalır". Qurumdan deyilib ki, ilkin mərhələdə bərpa olunacaq 100 yaşayış məntəqəsindən 43-nün (7 şəhər, 36 qəsəbə-kənd) ərazi planlaşdırma sənədlərinin hazırlanması başa çatmaq üzrədir: "Həmçinin Ağdam rayonunun Xıdırlı, Kəngərli, Sarıcalı, Qubadlı rayonunun Mahruzlu, Zilanlı, Cəbrayıl rayonunun Horovlu, Şükürbəyli, Zəngilan rayonunun Məmmədbəyli və Şuşanın Daşaltı kəndlərinin şəhərsalma əsaslandırması təsdiqlənib. Həmin kəndlərin bir çoxunun tikinti layihələrinin işlənilməsinə başlanılıb". Komitədən vurğulanıb ki, 2022-2026-cı illərdə 34 min 500 evin tikilməsi və 140 minə yaxın insanın köçürülməsi planlaşdırılır: "Bu illər ərzində Ağdam rayonu üzrə 9 min 690 evin və mənzilin tikilərək istismara buraxılması, bu evlərə 42 min 361 vətəndaşın köçürülməsi planlaşdırılır".