Mənzili sığorta etməyənlərin cərimə olunacağı xəbərini kim yayır? - FOTOFAKTLAR

Daşınmaz əmlakın icbari sığortası - qaydalar və cərimələr... | Hafta.az

Bir neçə gündür mənzillərini sığortalamayan sakinlərin cərimələnəcəyi ilə bağlı xəbərlər yayılmaqdadır. Hətta bununla bağlı paytaxtda müxtəlif ərazilərdə bir çox sakinlərə xəbərdarlıq bildirişləri gəlməkdədir. Bu bildirişlər gah bələdiyyələrin, gah da ayrı-ayrı sığorta şirkətlərinin adından təqdim olunur. 

Bu, sakinlər arasında narahatlığa səbəb olub. Yəni avtomobillərdə olduğu kimi mənzillərin də icbari sığortasının tələb olunduğu, bunu etməyənləri isə cərimələr gözlədiyi qeyd olunur. 

Hələlik rəsmi qurumlardan bu haqda hər hansı açıqlama yoxdur. Lakin hüquqşünaslar belə bir halın mümkün olmadığını, qanunvericilikdə mənzillərin məcburi olaraq sığortalanmasının nəzərdə tutulmadığını, cərimələnmənin isə mexanizminin olmadığını bildirirlər. Mənzillərin sığortalanması isə könüllülük əsasında olmalıdır.

Yaxşı, rəsmi olaraq belə bir xəbərdarlıq yoxdursa, o zaman bu dezinformasiyanı kimlər yayır? 

Bununla bağlı sosial şəbəkələr üzərindən qısa araşdırma apardıq. Bəlli olur ki, evlərini sığortalamayan sakinlərin cərimələnəcəyi ilə bağlı dezinformasiyanın yayılmasında aktiv iştirakçılar elə məhz sığorta şirkətləridir. 

Məsələn, Atəşgah Sığortanın “Facebook” səhifəsində mayın 17-də paylaşılan postda deyilir:

“24 iyun 2011-ci il tarixli “İcbari sığortalar haqqında” AR-nın qanuna əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir.

Hər an baş verə biləcək risklərə qarşı sığortalı olmaq, həm də cərimələnməmək üçün gec olmadan əmlakını sığortala!”

Və yaxud Meqa Sığorta şirkətinin sosial şəbəkə hesabında mayın 23-də paylaşılan postda bildirilir: 

“1 iyun 2023-cü il tarixindən etibarən, sığortasız əmlaklar cərimələnəcək. Artıq yeni elektron sistemə keçidlə fiziki və hüquqi şəxslərə aid mənzillərin və ya tikililərin sığortası yoxlanılacaq”.

Xalq Sığorta şirkəti də digərlərindən geridə qalmaq istəməyib. Şirkətin sosial şəbəkə hesabında mayın 19-da paylaşılan xəbərdarlığında deyilir:

“Bəzən hər şey bir qığılcımdan başlayır.

Kiçik bir qısa qapanma böyük bir yanğına, sığortasızlıq isə yanğın fəsadlarının qarşısını almaqda böyük bir çətinliyə səbəb olur.

Cərimələnməyi deyil, sığortalanmağı seçin!

Qanuna əsasən, sığortaçı ilə daşınmaz əmlakın icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər 30 manat məbləğində, vəzifəli şəxslər 80 manat məbləğində, hüquqi şəxslər 200 yüz manat məbləğində cərimə edilir”.

“Yeni Sabah”

 






Fikirlər