Aliment öhdəliyi necə həll ediləcək? (AÇIQLAMA)

Aliment öhdəliyi necə həll ediləcək? (AÇIQLAMA)

"Uşaqlara alimentin verilməsi vacibdir. Söhbət ailədəki uşaqların təminatından gedir".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov Aliment Fondunun yaradılması ilə bağlı təklifə münasibət bildirərkən deyib. 
Vəkil Aliment Fondunun üstün tərəflərinin olduğunu vurğulayıb:
"Aliment borcları çoxdur və ödənilmir. Amma bu borcları digərlərindən ayırmaq  lazım deyil. Borc borcdur və məsələyə də qanuni tərəfdən yanaşmaq lazımdır. Aliment Fondunun yaradılması müsbət haldır. Əgər kimsə uşağının alimentini ödəyə bilmirsə, dövlət həmin fonddan götürüb ona verə bilər. İllərlə məhkəmə qapısında qalmağın mənası yoxdur. Ona kimi uşaq böyüyəcək. Amma pul uşağa bu gün lazımdır. Əgər gələcəkdə uşağın atasının əmlakı olarsa, dövlət ona verdiyi pulu həmin əmlakdan tuta bilər".
 
Əkrəm Həsənov qeyd edib ki, şəxsin gəliri, əmlakı varsa, borcunu ödəyir:
"Yoxdursa, heç kim ödəmir. Bütün dünyada yanaşma budur. Əmlakı, işi, gəliri yoxdursa neynəyəcək? Adam acından ölürsə, ondan hansı pulu və necə almaq olar? Düzdür, bizdə praktikada bəzən aliment ödəməyənləri həbs də edirlər. Ya da ölkədən çıxışına qadağa qoyurlar. Bu, qanunsuzdur. Minlərlə borcunu ödəməyən insan var. Şəxsin əgər aliment ödəmək üçün pulu yoxdursa, ona heç nə edilə bilməz. Amma bəzən də olur ki, pulu, işi, imkanı var, amma alimenti ödəmir".
Qeyd edək ki, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində Aliment Fondunun yaradılması məsələsi əks olunub. 






Fikirlər