“Qara polkovnik”in oğlu üçün 13 milyon ödəyən “möcüzə əl” kimindir?
Azərbaycan Beynəlxalq Bankının batan kreditləri üzrə davam etməkdə olan prosesdə qəribə hal yaranıb. AzerTaym.az virtualaz.org-a istinadən xəbər verir ki, bu iş üzrə ittiham edilənlərdən biri, “Qara polkovnik” kimi tanınan mərhum polkovnik Fətulla Hüseynovun oğlu Adil Hüseynovun əvəzindən kimlərsə Beynəlxalq Banka 13 milyon dollar ödəyib. Bu ödəmə banka dəymiş ziyanın ödənilməsinə, yaxud Adil Hüseynovun adına rəsmiləşdirilmiş 318 milyon manat kredit borcunun qaytarılmasına yönəlmiş məbləğdir. Ödəmə 9 ay ərzində hissə-hissə həyata keçirilib. Məlumatı A.Hüseynovun vəkili Kamandar Nəsibov verib. Lakin vəkil deyib ki, nə Adil Hüseynov, nə işi aparan müstəntiqlər bu ödəmənin kimlər tərəfindən həyata keçirildiyini bilmir. “Mən Adil Hüseynovdan bu haqda soruşdum. Bildirdi ki, 9 aydır həbsdədir və heç nədən xəbəri yoxdur, bu səbəbdən pulu kimin ödədiyi haqda anlayışı yoxdur”-vəkil bildirib. Kamandar Nəsibov
Vəkilin sözlərinə görə, A.Hüseynovla bağlı istintaq hərəkətləri aparılmır: “Adil Hüseynov ona verilən göstərişləri yerinə yetirib. 9 aydır ki, əsassız olaraq həbsdə saxlanılır. Yaxşı bilirlər ki, Adil Hüseynov 318 milyon manatı mənimsəməyib. Bu barədə söhbət belə gedə bilməz”. Vəkil bildirir ki, hüquqlarını müdafiə etdiyi şəxs Beynəlxalq Bankın işçisi olub və bir işçi kimi rəhbərliyin göstərişlərini yerinə yetirib. Ona deyilən hesablara pul köçürməsinə görə həbs ediblər. Bütün göstərişləri Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin birinci müavini Emil Mustafayev verib. Vəkil bununla bağlı əllərində kifayət qədər sənədlərin olduğunu, göstərişlərin Adil Hüseynova məxsus elektron poçt ünvanına göndərildiyini deyir: “Hətta Adil Hüseynov həbs olunmamışdan bir müddət əvvəl onun elektron poçtuna Beynəlxalq Bank rəhbərliyi tərəfindən “bundan sonra bütün xərclərə qənaət etməniz sizə tapşırılır, xərclərin mümkün qədər ixtisara salınması tələb olunur” məzmunlu məktub daxil olub. Maraqlıdır ki, bundan az müddət sonra onu həbs ediblər”. Vəkil deyir ki, bütün köçürmələrin təyinatı, hesabların nömrəsinə qədər Adil Hüseynova bank rəhbərliyi özləri verib. Hər bir köçürmə də nəzarət altında həyata keçirilib. Məbləğlər Beynəlxalq Bank rəhbərliyinin göstərişi ilə hesablara köçürülüb və təyinatı üzrə xərclənib. “Maliyyə sənədlərinin araşdırılmasında Adil Hüseynov özü istintaqa köməklik edir. Çünki əksər sənədlər Beynəlxalq Bank tərəfindən gizlədilir. Bu sənədləri istintaqa təqdim etməkdən yayınırlar. Bizim sorğulara cavab vermirlər. Adil Hüseynov tutulandan sonra yay aylarında dəymiş ziyanın ödənilməsi ilə bağlı 13 milyona yaxın pul ödənilib. Qəbzlər istintaqa təhvil verilib. Pulu kim ödəyib bilinmir, bizə məlum deyil. Bu, kredit borclarının bağlanmasına yönəlmiş məbləğdir”- deyə vəkil əlavə edib.
Vəkilin dediyinə görə, Dubayda fəaliyyət göstərən zavodlara-Beynəlxalq Bankın pulu hesabına tikilən “İntertextil” və “İntersteel” zavodlarına hazırda çeçen əsilli Rusiya vətəndaşı, “İntermet” adlı şirkətin rəhbəri Hüseyn Marayevin adamları rəhbərlik edir: “Zənnimcə, Beynəlxalq Bankın göstərişi əsasında Xəqani Bəşirov həmin zavodları Hüseyn Marayevə təhvil verib. Hər iki zavoda bu gün Hüseyn Marayevin adamları rəhbərlik edir. Ortaya sual çıxır: o zavodlar girovda ola-ola hansı əsasla Hüseyn Marayevin adamlarına verilir? O girovun rəsmiləşdirilməsi, girovun həmin obyektlərin üzərində qalmasının əsas səbəbkarı Adil Hüseynov idi. Bununla bağlı neçə il məhkəmə proses getmişdi. Həmin məhkəmələrə 10 milyonlarla pul xərclənmişdi. Beynəlxalq Bank bu zavodları Hüseyn Marayevə elə-belə bağışladı? Bank məsələni həll edibsə, zavodları onlara versin. Amma onda Adil Hüseynovla bağlı məsələ də bitməli idi. Zavodlar verilir “İntermet”ə, Adil Hüseynov isə həbsdə qalır. Niyə? Artıq Adil Hüseynova o zavodlara bağlayan heç nə yoxdur. Axı bir dənə də sübut yoxdur ki, Adil Hüseynov orada nəsə mənimsəyib”. Xatırladaq ki, bu günlərdə Beynəlxalq Bankın əsas səhmdarı olan Maliyyə Nazirliyi adından nazir Samir Şərifov bankın kreditləri hesabına tikilən müəssisələrin bəzilərinin sağlamlaşdırılaraq satılması üzərində iş getdiyini demişdi. Satışa çıxarılan müəssisələr arasında Dubayda tikilən həmin iki zavod da var…