“Hər şey Hacıyevin göstərişi ilə olub” - “Qara polkovnik”in həyat yoldaşı
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu ilin mart ayında həbs edilən Azərbaycan Beynəlxalq Bankının Birləşmiş Ərəb Əmirlikləri üzrə nümayəndəsi Adil Hüseynovun anası Eleonora Hüseynova və həyat yoldaşı Aygün Hüseynova tərəfindən ünvanlanan müraciətdə qeyd olunur ki, A.Hüseynov bütün əməliyyatları sabiq bankir Cahangir Hacıyevin tapşırığı ilə edib: “Mən uzun illər daxili işlər orqanlarında işləmiş, Azərbaycanın bütövlüyü uğrunda döyüşmüş, ermənilərin başına pul qoyduğu "Qara polkovnik" kimi tanınan mərhum Fətulla Hüseynovun həyat yoldaşıyam. Sizə etdiyim bu müraciət “Azərbaycan Beynəlxalq Bankı”nın Birləşmiş Ərəb Əmirlikləri üzrə nümayəndəsi olan oğlum Adil Hüseynovun üzləşdiyi haqsızlıqla bağlıdır. Nəzərinizə çatdırım ki, oğlum 2015-ci ilin may ayının 12-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılıb və orada həbs olunub. Onun həbsinin səbəbləri hələ də bizə bəlli deyil. Çünki bizim görüşünə icazə verilmir. Yalnız onu bilirəm ki, oğlum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə ittiham olunur. Onun barəsində ilk öncə 3 aylıq həbs-qətimkan tədbiri seçilib, daha sonra isə Nərimanov Rayon Məhkəməsinin qərarları ilə 02 mart 2016-cı il tarixədək uzadılmışdır. Oğlum hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. Oğluma qarşı irəli sürülən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində külli miqdarda ziyan vurmaqla dələduzluğu nəzərdə tutur. İddia edirlər ki, guya oğlum dövlətin 318 milyon manatını mənimsəyib. Mən oğluma qarşı bu ittihamdan xəbər tutanda çox sarsıldım. Çünki mərhum Fətulla Hüseynovun ailəsində dələduz ola bilməz. Mən Adil Hüseynovun anası kimi oğluma qarşı irəli sürülən ittihamın əsassız olduğuna əminəm. Adil atası ilə birgə Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. O heç zaman xalqın, dövlətin pulunu mənimsəməz. Oğlum “Azərbaycan Beynəlxalq Bankı”nın Birləşmiş Ərəb Əmirlikləri üzrə nümayəndəsi olsa da, maliyyə əməliyyatları həyata keçirməyə səlahiyyəti olmayıb. Onun vəzifəsi yalnız və yalnız Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə əmirliyində Tekstil fabrikinin və Poladtökmə zavodunun inşasına nəzarət etmək olub. Hər iki tikintiyə şəxsən Cahangir Hacıyev və onun müavini Emil Mustafayev nəzarət edib. Bütün ödəmələr də məhz Emil Mustafayevin göstərişinə əsasən olunub. Həmin göstərişlər elektron poçt vasitəsi ilə olduğuna görə oğlumun Dubaydakı iş kompyuterində bu gündə qalmaqdadır. Lakin oğlum 7 aydır ki, əsassız yerə həbsdə saxlanıldığından bu faktları heç cür istintaqa təqdim edə bilmir. Nəticədə tikinti işlərinə krediti ayıran və onun onun xərclənməsinə nəzarət edən Emil Mustafayev bayırda azad şəkildə yaşayır, ancaq oğlum isə heç bir səlahiyyəti olmayan şəxs olduğu halda 7 aydır ki, həbsdə saxlanılır”. Müraciət qeyd olunur ki, Adil telefon danışığı zamanı ailə üzvlərinə bildirib ki, o, dəfələrlə istintaq aparan əməkdaşlara onu həbsdən azad edərək birlikdə Birləşmiş Ərəb Əmirliklərinə getməsini, orada onlara götürülən kreditlərin rəhbərliyin göstərişinə əsasən hansı istiqamətlərə xərclənməsi barədə müfəssəl məlumat verməsini və bununla bağlı lazımı sənədləri onlara təqdim etməyi təklif edib: “Lakin ibtidai istintaq tərəfindən onun müraciətinə heç bir cavab verilməyib. Həmin fabrik və zavodlar Azərbaycan dövləti tərəfindən inşa olunub. Fabrikin açılışında Azərbaycandan yüksək səlahiyyətli şəxslər, o cümlədən Beynəlxalq Bankın o zamanki rəhbəri Cahangir Hacıyev, Azərbaycanın Abu Dabidəki səfiri iştirak edib. Bu fabrik barədə yerli və beynəlxalq mətbuatda da məqalələr dərc olunub. Adil işinin öhdəsindən yüksək səviyyədə gəlib. Artıq 3 ildir ki, həmin fabrik fəaliyyət göstərir və dövlətə gəlir gətirir. Adil Hüseynovdan tələb olunan həmin pullar da məhz bu fabrik və zavodun tikintisinə sərf olunub. Lakin Adil maliyyə məsələlərinə cavabdeh olmayıb. Əgər bu məsələlərdə hər hansı nöqsan, qanunsuzluq olsaydı Adili çoxdan həbs edərdilər. Axı Vergilər Nazirliyi bir neçə il əvvəl həmin fabrik və zavodla bağlı yoxlamalar aparıb. Yoxlamaların nəticəsi ilə bağlı aktlar, sənədlər var. Amma indi Adilə qarşı ittiham irəli sürənlər bu aktlara, sənədlərə baxmaq istəmir. Açıq-aydın görünür ki, kimlərsə oğluma qarşı qərəz aparır. Bütün bunlar da bir ana kimi mənə təsir edir. Sizdən bir ana kimi xahiş edirəm ki, oğlumla bağlı məsələni nəzarətə götürəsiniz və baş verənlərin obyektiv araşdırımasını təmin edəsiniz”.