"Atam 5 min manat verərək, anamı videoya çəkməyi tapşırıb" — ŞOK TƏFƏRRÜAT

Sifarişli qətl, quldurluq və narkotik maddələrin satışında təqsirli bilinən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Politika.az-xəbər verir ki, ötən ilin martında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəki şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri və zəruri istintaq hərəkətləri nəticəsində sifarişli qətl, quldurluq, oğurluq və narkotik maddələrin satışında təqsirli bilinən 10 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri yaxalanıb. Dəstə üzvləri Oruc Şirəliyevin qətlini sifariş verməkdə, qətli icra etməkdə və digər ağır cinayətlərdə ittiham ediliblər.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Mustafayev ömürlük, Sevinc Şirəliyeva 15 il, İqbal Cumayev 15 il, Elçin Məmmədov 14 il, Bürhan Şirəliyev 15 il, Ruslan Rəfiyev 8 il 6 ay, Mikayıl Mustafayev 10 il 6 ay, Rüfət Hüseynəliyev 10 il 6 ay, Kamran Qafarov 12 il 6 ay, Rüfət Nurəliyev 2 il müddətinə azadlıqdan məhrum edilib. Teleqraf.com-a bu cinayət işi üzrə materiallar daxil olub. Hadisənin şok təfərrüatlarını təqdim edirik.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bürhan Şirəliyev bildirib ki, 2005-ci ildən Rusiya Federasiyasının Nijnıy Novqorod şəhərində atası Oruc Şirəliyevlə birlikdə yaşayıb: “Sonradan hərbi xidmətə getməmişəm. Atam Nijnıy Novqorod şəhəri, Kanavinsk rayonunun Zelyonaya küçəsində, 40 saylı həyət evinin 2 saylı mənzilini kirayələyib və mınimlə birlikdə yaşayıb. Orada mərkəzi bazarda köynək satışı dükanı işlətməklə ailənin kifayət qədər dolanışıq pulunu qazanmışıq. Həm də 3 ədəd “Qazel” tipli mikroavtobus alaraq Şəkidə marşruta icarəyə vermişik və ondan da anama hər ay pul verilib”.
“Anamı boşamaq niyyəti olub”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2008-ci ildə anası da onların yanına gəlib və 2 ay orada qalandan sonra Rusiyada yaşamaq istəməyib, bu səbəbdən də Şəkiyə qayıdıb: “2013-cü ilin yanvarında anam Şəkiyə qayıdanda Vüsalla tanış olub. Həmin vaxt anam Sevinc və qardaşım Mərdan Bakı şəhərində Montin adlanan ərazidə bina evində kirayədə yaşayıblar. Vüsal da tez-tez həmin kirayə evə gəlib-gedib. Anam Vüsalla birlikdə turizm firmasında işlədiklərini deyib. Mən də Bakıya gələrək həmin evdə qalmışam. Vüsal mənə Bakının gəzməli yerlərini göstərib. Orada bir ay qalandan sonra 2013-cü ilin mart ayında atam da Şəkiyə gəldi. Həmin vaxt anam istifadəmdə olan mobil nömrəyə mesajlar yazdı. Mesajda qeyd edilmişdi ki, atam kiməsə 5 min manat verərək gecə evə soxulub və anamın namusuna sataşmağı tapşırıb. Atam bundan istifadə edərək anamı məhkəmədə boşamaq istəyib. Anam atamın evə basqın hazırlamaq planını Vüsalın dediyini bildirdi. Buna görə də Vüsala zəng vurdum və anamın dedikləri ilə maraqlandım. Vüsal atamın doğrudan da belə bir məsələni planlaşdırdığını, bunu İqbaldan eşitdiyini bildirdi”.
“Atamı öldürəcəyimi dedim”
Bürhan Şirəliyev qeyd edib ki, daha sonra Mərdan ona zəng vurub və Şəkidə evlərinin həyətində işləyən ustaların anasına baxanda atasının qeyrətsizlik eləyərək ustalara bir söz demədiyini bildirib: “Bunları bildikdə hirsləndim və telefonda atamı öldürəcəyimi dedim. Vüsal mənə dedi ki, hər şeyin öz yolu var, mən özüm onu Şəkidə öldürtdürəcəyəm. Lakin sonrakı günlərdə Vüsal mənə zəng vuraraq “sənin yanına Şəkidən bir nəfər gəlib telefonuna zəng vuracaq, sən ona öz evinizin yerini və atanın gəlib-getdiyi marşrutu göstər” deyə tapşırıq verdi. Bir neçə gün sonra Nijnıy Novqorodda işlətdiyim nömrəyə Şəkidən gəlmiş Elçin adlı oğlan zəng vurdu və Vüsal tərəfindən göndərildiyini söylədi. Elçini dəmiryol vağzalında qarşıladım və bir gecə öz evimizdə saxladım. Evə gedən yolu, küçəni və atamın bir qayda olaraq mindiyi tramvay xəttini Elçinə göstərdim”.
Təqsirləndirilən şəxs bildirib ki, bir həftədən sonra Nijnıy Novqoroddan təyyarə ilə Moskvaya, oradan da Bakı şəhərinə gəlib: “Atam isə həmin gün Şəkidən avtobusla Bakıya çıxdı və növbəti gün avtobusla Nijnıy Novqoroda getdi. Bu müddət ərzində atam ilə telefon danışığım olmayıb. Şəkiyə çatandan sonra Vüsalla birlikdə yenə Bakıya gəldim və 20 yanvar deyilən ərazidə avtosalondan VAZ-2107 markalı avtomaşın aldım. Sonra yenidən Şəkiyə qayıtdım”.
 
“Dedi ki, Elçin ona vəd etdiyimiz 10 min manat pulu istəyir”
Bürhan Şirəliyevin sözlərinə görə, həmin gün Şamaxıda olanda anası zəng vurub və Nijnıy Novqorodda atasının bıçaqlandığını deyib: Anam atamın ölmədiyini və xəstəxanaya düşdüyünü söylədi. Hadisədən 4-5 gün əvvəl Vüsalın hər şeyi anamla danışaraq razılaşdırdığını da bilmişəm. Aprelin 17-də atamın meyitini Şəkiyə gətirərək dəfn etdik. Sonrakı vaxtlarda Vüsal evdə anamla mənə dedi ki, Elçin ona vəd etdiyimiz 10 min manat pulu istəyir, İqbal da deyir ki, cəmi 20 min manat verməlisiniz. Elçini bu iş üçün İqbal tapmışdı”.
Bürhan Şirəlyev bildirib ki, 2013-cü ilin yayında anası Şəkidə olan ikinci evi 32 min dollara İlham adlı adama satıb: “Həmin puldan 9 min dollara özümə Bakı şəhərində xatırlamadığı bir şəxsdən baş etibarnamə ilə “Mercedes E-230” markalı avtomaşın aldım. 2013-cü ilin avqust ayında Vüsalın təkidi və anamın razılığı ilə həmin maşını Elçinə verməli oldum. Vüsal həmin vaxt Elçin tərəfindən öldürüləcəyindən qorxdu”. Təqsirləndirilən şəxs qeyd edib ki, 2013-cü ilin yayında İqbal pula görə Vüsalla mübahisə aparıb: “Vüsalla birlikdə oğru aləmində tanınan, 14 il həbsdə yatıb-çıxmış adam kimi tanıdığı Masallı rayon sakini Zaman adlı şəxsin yanına getdik. Zamanın evində bir gecə qaldıq və növbəti gün Zamanla birlikdə Şəkiyə qayıtdıq. Vüsal Zamanla söhbətini mənim iştirakım olmadan edib. Zamanın Şəkidə kimin evində qalmasını, sonra nə baş verməsini bilməsəm də, 2-3 gündən sonra Masallıya getdiyini Vüsaldan eşitdim. Daha 2-3 həftə sonra Vüsal da Masallıya getdi və təxminən 1 aydan sonra Şəkiyə qayıtdı”.
“Anam ehtiyatlı olmağı məsləhət gördü”
Bürhan Şirəliyev daha sonra ifadələrində göstərib ki, 2013-cü ilin oktyabr ayının sonlarında evdə olan söhbətlərdə Kamran ona tanışı Xanların öz evlərindən birini satdığını, azı 200 min manat pulu, çoxlu qızılı olduğunu deyib: “Belə olanda Vüsal, mən və Kamran Xanların evinin yanına getdik. Orada evi müşahidə etdik və sonra da evə basqın etməyi planlaşdırdıq. Bütün bu söhbətlər anamın iştirakı ilə olub. Anam hər dəfə belə söhbətlər olanda bizə ehtiyatlı olmağı, ələ keçməməyi məsləhət görüb”. Bürhan Şıxəliyev daha sonra ifadəsində Xanlar adlı şəxsin evinə basqın etməklərindən danışıb. Onun sözlərinə görə, Xanların evindən cəmi 3600 manat çıxıb. O, qeyd edib ki, həmin pulu Kamranla bərabər bölüşüblər.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2014-cü il yanvar ayının əvvəllərində Kamran topdansatış dükanı işlədən dayısı Rəsulun “Folsvagen Touareq” markalı cip maşınında evinə hər gün 60-70 min manat apardığını danışmağa başlayıb və Vüsala axşam vaxtı Rəsul öz qapısına çatanda silahlı basqın edərək pulunu almağı məsləhət görüb: “Bu məqsədlə Vüsal və Kamran 2-3 dəfə qaranlıq düşən saatlarda Rəsulun evinin yerləşdiyi çaylaq tərəfə getdi, qayıdanda imkan olmadığını, oradan çoxlu maşın keçdiyini, Rəsulun maşınının qapıları avtomatik bağlandığından və şüşəsi qalın olduğundan ona öz maşınının içərisində basqın etməyin mümkün olmadığını dedilər. Vüsal gecə vaxtı Rəsulun evindən pulu oğurlamağı, lakin Rəsulun şübhələnməməsi üçün həmin vaxt Kamranın Bakıya getməsini, orada kameralara düşməsini qərara aldı”.
 
“Nə pul, nə də qiymətli qızıl zinət əşyaları tapa bilmədik”
Bürhan Şıxəliyev qeyd edib ki, növbəti günlərin birində onların evində söhbət zamanı Kamran “sabah “Xançinar” restoranında Rəsulun qardaşının oğlunun nişanı var, evdə heç kim olmayacaq”, deyib: “Bunu eşidəndə Vüsal taksi sürücüsü Rüfətin mənim birlikdə gecə vaxtı Rəsulun evindən azı 200 min manat pul oğurlamağı, Kamranın isə bu vaxt Bakıda olmasını məsləhət gördü. Həmin söhbətlərin hamısı anamın iştirakı ilə olub. Növbəti gün saat 20 radələrində Vüsalın zəngi əsasında Rüfətin idarə etdiyi VAZ-21099 markalı avtomaşınla Rəsulun evinin yanına getdik. Vüsalın göstərişi ilə daş hasardan aşdım və içəri tərəfdən qapının cəftəsini açdım. Vüsal da həyətə girdi və bu zaman həyətdə birmətrəbəli adi evdə işıq yanmırdı. Evə daxil olaraq içərini axtarmağa başladıq. Təxminən yarım saat ərzində ələk-vələk eləsək də, nə pul, nə də qiymətli qızıl zinət əşyaları tapa bildik”.
Bürhan Şirəliyev daha sonra deyib ki, 2014-cü ilin fevral ayının əvvəllərində özünə xarici pasport alanda barmaq izləri götürüldüyü üçün anası onu bir daha Vüsal ilə heç bir oğurluğa buraxmayıb: “Vüsal isə Kamranla birlikdə Baş Zəyzid kəndində bankomatdan pul oğurlamağı planlaşdırıb, bunun üçün yenə çeçenka tipli papaqlar düzəldib, avtogen deyilən qaz qaynaq balonları və qurğu, iri qayka açarı, elektroşok deyilən fonar formalı bir qurğu tapıb. Bunların hamısını bizim evin zirzəmisində saxlayıb. Təkcə tüfəng Kamranda qalıb. Anamın bu işdən və söhbətlərdən məlumatı olub. Vüsal bu işi Mikayıl, Kamran və taksi sürücüsü Rüfətlə etməyi nəzərdə tutub. 2014-cü ilin yanvar və fevral aylarında bir neçə axşam yığışıb getsələr də, qayıdanda seyfi avtogenlə kəsə bilmədiklərini, bir dəfə də polis maşını keçdiyindən işlərin alınmadığını deyiblər. Vüsalın nəşə çəkdiyini bir neçə dəfə görmüşəm. Amma iynə vurmasına təsadüf etməmişəm”.






Fikirlər