Səs-küylü qətl törətmiş 20 yaşlı oğlan məhkəmədə gizlinləri açdı – ŞOK TƏFƏRRÜAT

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qızı -  Aytac Babayevanı qətlə yetirməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1995-ci təvəllüdlü İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. 


Hakimlər salona gəlməmişdən əvvəl məhkəmə zalında gərginlik yaşanıb. Mərhum Aytac Babayevanın anası Gözəl Babayeva ilə təqsirləndirilən şəxs arasında mübahisə düşüb: “Qızım ölüb, hər gün mən də ölürəm. Amma bu (yəni İzzət Hüseynov-red.) burada istədiyi hərəkəti edir. Qızımı öldürüblər, indi məndən polisə şikayət edirlər. Qızım təmiz adı ilə öldü. Sənin burada danışmağa dilin də var? Qızımın arzusunu ürəyində qoyubsan. Evdə otura bilmirəm, gecələr yata bilmirəm. Hər an qızımın səsi qulaqlarıma gəlir. 


İzzətin öldüyü gün qızımın xına yaxdı günü kimi qeyd edəcəm. Günahsız qızımı öldürübsən. Mənim qarşımda cavab verməyə bilərsən, amma Allah qarşısında mütləq cavab verəcəksən. Bu 7 ay ərzində mənim çəkdiyimi sənin də anan çəksin. Sənin ailə qeyrətdən danışmağa haqqın yoxdur. Bu dediklərimi unutma. Sənin evində kişilər qeyrət çəkmir, qeyrətiniz yoxdur”.


Daha sonra hakim Tamella Nəsrullayevanın sədrlik etdiyi heyət zala gəlib. İfadə verməsi üçün şahid Orxan Axundov zala dəvət edilib. 
Orxan Axundov bildirib ki, həm mərhum Aytacı, həm də təqsirləndirilən İzzət Hüseynovu tanıyıb: “Mən hadisənin baş verməsinin şahidi olmamışam. Xətai rayonunda yerləşən 88 saylı orta məktəbdə oxumuşam. Aytac da, İzzət də həmin məktəbdə oxuyub. İzzətlə bir məhəllədə yaşamışıq”.


“İzzət Aytacın telefonun yerə çırpdı”


Şahid daha sonra qeyd edib ki, İzzət və Aytacın aralarında olan münasibətlərdən xəbəri varmış: “Onlar həmişə bir yerdə olublar. Sonradan İzzət Aytacla münasibətlərinin gərginləşməsi barədə mənə danışırdı. Bunu da qısqanclıqla bağlı izah edirdi. İzzətin Aytacı öldürməsini məhəllədən tanıdığım Orxan adlı şəxsdən eşitmişəm. Orxan mənə zəng edərək İzzətin Aytacı bıçaqlayaraq öldürdüyünü dedi. Mən onun sözlərinə inanmadım. Bununla bağlı sinif yoldaşım Solmaza zəng vurdum. O da deyilənlərin doğru olduğunu bildirdi”.


Orxan Axundov daha sonra ifadəsində qeyd edib ki, qətl hadisəsindən əvvəl İzzətlə Aytacın mübahisəsinin şahidi olub: “Həmin gün İzzət mənə zəng etdi və bildirdi ki, vəziyyəti yaxşı deyil, mənimlə görüşmək istəyir. Mən də dostum Rəhimlə birlikdə “Vasmoy”a getdik. Bir qədər sonra Aytac avtobusdan düşdü və ara məhəllə ilə getməyə başladı. 


İzzət də onun arxasınca getdi. Onlar söhbət edəndən sonra İzzət telefonu Aytacın əlindən alaraq yerə çırpdı. Onların belə hərəkətlərinin səbəbini bilməmişəm. İzzət bu barədə mənə heç nə deməyib, mən də ondan heç bir söz soruşmamışam”.


“Bura hazırlaşıb gəlib”


Daha sonra Orxan Axundov prokurorun, prosesdə iştirak edən vəkillərin və Gözəl Babayevanın suallarına cavab verib. Bu zaman təqsirləndirilən şəxs mərhum qızın anasına atmaca atıb: “Bura hazırlaşıb gəlib”.


Təqsirləndirilən şəxsin belə atmaca atmasını Gözəl Babayeva kəskin cavab verib: “Mənim qızım 7 aydır torpaq altındadır. Gecələr yata bilmirəm. Bu oğlana anası tərbiyə verməyib. Elə valideynlərin, belə də övladı olar”.


Prosesin bu hissəsində gərginlik daha da artıb. Mərhum qızın ailə üzvləri İzzət Hüseynovun qohumlarına hücum çəkiblər. Mübahisə zamanı məhkəmə zalında olan İzzət Hüseynovun yaxınlarından birinin səhhəti pisləşib. 


Məhkəmə nəzarətçiləri tərəfləri sakitləşdirəndən sonra şahid Orxan Axundov sualları cavablandırmağa davam edib. O, bildirib ki, İzzətlə Aytacın münasibətlərindəki gərginliyin səbəblərini dəqiq bilməyib: “Aytacın İzzəti sevmədiyini, dayısı oğlu ilə naşanlandığını eşitmişdim. Bunu məhəllədə hamı danışırdı”.


“Dedi ki, qızımı sevmirsən”


Daha sonra hakimlər İzzət Hüseynova ifadə verməyi təklif ediblər. İzzət Hüseynov bildirib ki, Aytacla ilk dəfə iki il əvvəl orta məktəbdə qarşılaşıblar və bir-birilərindən xoşları gəlib: “Valideynlər iclası idi, Aytacın anası da sinif otağına gəlmişdi. Onda mən orda olmamışdım. Sinfə qayıdanda mənə dedilər ki, səninlə bir qadın maraqlanırdı. 


Buna görə də dəhlizə çıxdım, orada Aytacın anası mənə yaxınlaşdı və qızı ilə olan münasibətimiz barədə maraqlandı. Mənə dedi ki, qızımı sevmirsən, sənin məqsədin başqadır. Ona cavab verdim ki, Aytacla münasibətlərimiz çox ciddidir, biz bir-birimizi istəyirik. Bundan sonra Aytacın anası getdi”.


“Aytacla olan SMS-lərimizi göstərdim”


Təqsirləndirilən şəxsin sözlərinə görə, Aytacla münasibətləri həmişə yaxşı olub. Onun sözlərinə görə, Aytac evlərində onu anasına tərifləyib: “Bununla bağlı votsapda yazışmamız da olub. Onları da oxuya bilərsiz, mən yalan danışmıram. Aytac həmişə məni anasına tərifləyib. 

Bizim münasibətlərimizi həm Aytacın ailə üzvləri, həm də mənim valideynlərim bilib. Biz həmişə bir yerdə olmuşuq. Aytacın anası Gözəlin ad günündə də iştirak etmişəm. Biz ailəvi bir yerdə oturaraq çörək yemişik. 


Amma axır vaxtlar münasibətlərimiz pozulmağa başlamışdı. Aytacla boş-boş şeylərin üstündə mübahisə edirdik. Hadisədən bir neçə gün əvvəl Aytac saat 2-də müəllim yanına hazırlığa getməli idi. Mən də saat 2-də həmin yerə getdim. Amma Aytac hazırlığa gəlmədi. Təxminən saat 4-də Aytac bir oğlanın qoluna girmiş vəziyyətdə gəldi. Məni orda görəndə oğlanın qolunu buraxdı. Onun hərəkətləri məni şübhələndirdi. Hazırlığa niyə gec gəlməsinin səbəbini soruşdum. Sonra o, hazırlıq müəlliminin yanına getdi. 


Oğlana dedim ki, gələrsən, söhbət edərik. Aytacı ötürəndən sonra geri qayıtdı. Həmin oğlanın Aytacın dayısı oğlu olduğunu bildim, ona dedim ki, Aytacla mən sevgiliyəm, bizim münasibətlərimiz ciddidir. SMS-lərimizi ona göstərdim. Oğlan cavab verdi ki, biz artıq nişanlıyıq. Ona dedim ki, yaxşı edib nişanlanmısız, amma bizə də bu barədə xəbər edərdiz”.


“Aytacın hərəkətlərindən yorulmuşdum”


İzzət Hüseynov daha sonra deyib ki, Aytacı görməməsi üçün iş yeri olan bərbərxananı dəyişib və yaşadığı məhəlləyə gec gəlib: “Dekabrın 31-də işdən evə gəldim, evdə olduğum vaxt davamlı olaraq gizli nömrədən mənə zəng gəldi. Amma zəng edən susdu, sadədə səsimi dinləyirdi. 


Üçüncü dəfə gələn zəng zamanım bunun Aytac olduğunu bildim. Həmin vaxt bacısı Ayşənin səsi gəlirdi, Aytacı çağırdı. Yanvarın 23-də Aytacın ad günü idi. Məndən xahiş etdi ki, “panda” hədiyyə edim. Buna görə də soraqlaşıb, ona “panda” aldım. Artıq Aytacın hərəkətlərindən yorulmuşdum. Buna görə də arxasınca sürünmək istəmirdim”. 


“Niyə qızımı öldürdün?”


Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə Aytacla hadisə baş verən günü, yəni aprelin 29-da rastlaşıb: “İşdən çıxandan sonra avtobusda Aytacla rastlaşdım. Avtobusdan düşəndən sonra onunla mübahisə etdim. Hər şey bir anlıq oldu. Mən bıçaq gəzdirən deyiləm. Amma həmin gün özümü öldürmək üçün götürdüyüm bıçaqla Aytacı vurdum. Bıçağı vuranda Aytac yerə yıxıldı. Onu öldürmək niyyətim olmayıb. Bıçağı özümə xəsarət yetirmək üçün götürmüşdüm. 


Həmin vaxt Aytac mənə dedi ki, sən öz həyatını, mən də özü həyatımı yaşayım. Onun bu sözlərindən əsəbləşdim. 


Həmin vaxt özümdə olmadığım üçün neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram. Sonra polisə zəng etdim. Ora çoxlu sayda adam toplaşdığı üçün özümü itirdim. Buna görə kənara çəkildim. Sonra polisə təslim oldum. Törətdiyim əməldən peşmançılıq hissi keçirirəm. İstəməzdim ki, belə bir hadisə baş versin”.
Bundan sonra Gözəl Babayeva İzzət Hüseynovu ittiham dolu suallar verib: “Mənim gözəl qızımı niyə öldürdün, onun günahı nəydi? Onu öldürdüyün yerdə özünü də öldürərdin də. Qoşa basdırardılar sizi. Sevirdin qaçırardın da, niyə gül qoxulu qızı qətlə yetirdin?”


İzzət Hüseynov suallara cavab verməkdən imtina edib. Hakim sənədlərin tətbiqi mərhələsinə keçmək istəyib. Bu zaman İzzət Hüseynovun vəkili çıxış edərək bildirib ki, ekspertiza ilə bağlı vəsatət hazırlayıb. Bununla bağlı o, məhkəmədən vaxt istəyib.  


Hakim vəkilin xahişi yerinə yetirib. Məhkəmə prosesi noyabrın 17-də davam edəcək.


Qeyd edək ki, bu ilin aprelin 29-da Nizami rayonun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı, 1998-ci il təvəllüdlü Aytac Babayevanı qətlə yetirib. 
Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib. Cinayəti törədən şəxs həbs edilib.

 






Fikirlər