İnsan alverinə qarşı Mübarizə İdarəsinin rəisinə qarşı ŞOK İTTİHM!!!

image here

Ağanəzər Kərimov: “İdarənin müstəntiqi Tərlan Zeynalov bizdən külli miqdarda pul aldı ki, guya biz bir sağıcını işlədib pulunu verməmişik... Bunun İnsan alverinə nə aidiyyəti???”

Şamaxı rayon sakini A.Kərimovun “Təzadlar”a müraciətini alandan sonra özünü redaksiyaya dəvət etdik... Onunla geniş müsahibə aparıldı, ərizəsində yazdıqlarını bir daha təsdiq etdi. Aşağıda ixtisarla təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova! 
Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova! 
Şamaxı rayonunun Təklə kənd sakini, 1941- ci ildə anadan olmuş Kərimov Ağanəzər Atan oğlu tərəfindən

Hörmətli cənab Prezident, hörmətli Baş Prokuror, hörmətli cənab nazir! 
Mənim 75 yaşım var, 10 yaşımdan çobanlıq edirəm... Atam Kərimov Atan da çoban olub. Ulu Öndərimiz Heydər Əliyev ona Lenin Ordeni, Şərəf Nişanı Ordeni, hədiyyə kimi “QAZ-24” və “Niva” maşını veribdir. 2 oğlum, 2 qızım var. Oğlanlarım da maldarlıqla məşğuldur, qızlarım da. Hazırda Abşeron rayonunun ərazisində “Xanqulu” qış otlaq sahəsində icarəyə götürdüyüm fermada maldarlıqla məşğuluq. Hər il 65-70 ton ət, 6 tona yaxın yun, 4-5 ton arası süd istehsal edib əhaliyə satırıq. Fermada ailə birliyi yaratmışıq. 18-20 ildir ki, Şabran rayonundan Bəylər Məhərrəmov, qardaşı Bəhlul Məhərrəmov, Quba rayonu Pirvahid kəndindən Teyyub Məmmədov, oğlu Urfan Məmmədov, Qobustan rayonu Ərəbşahverdi kəndindən olan Firidun Mehrəliyev, onun oğlu Cəsarət, əmim oğlu Əlfağa Kərimov, qardaşım Seyidqulu Kərimov ailələri ilə birlikdə bizimlə mal-qoyuna baxırlar. Heyvanlarımız artdığından işçi qüvvəsinə ehtiyac olmuşdur. Soraqlaşmışıq, qohumum Qismət bizə zəng edib ki, Altağac yaylağında maldar Hacı Mübarizin yanında bir ailə var, bir anadır, 2 oğludur, 2 qızıdır. Mübarizin yanından getmək istəyirlər, amma ona 1000 ABŞ dolları borcları var, Mübariz onları buraxmır, 2007-ci ilin sentyabrında oğlum Seyran Kərimov Altağaca gedib, Hacı Mübarizlə görüşüb, ailə ilə görüşüb, onların Hacı Mübarizə olan 1000 ABŞ dolları borclarını ödəyərək ailəni yatağımıza gətirib. Ailəni yataqda yerləşdirmişik, məlum olub ki, anaları Dilarədən başqa uşaqların heç birinin doğum haqqında şəhadətnamələri belə yoxdur. Uşaqlardan Cəmil və Rəfayıl çobanlığa başlayıblar, anaları Dilarə, qızlar Aygün və Aysel də mala baxmışlar. Ailəyə hər ay 300 manat əmək haqqı və 3 kisə un vermişik. Bir müddətdən sonra xahiş etmişlər ki, hər ay 150 manat pul və bir baş qoyun verək. Bu minvalla 2013-cü ilin yayına qədər 55-60 baş qoyunları və 3 baş inəkləri olmuşdur. 2013-cü ilin yayında qızları Aygünə toy etmişik. Qobustan rayonu Bədəlli kəndinə gəlin köçürmüşük. Həmin vaxt qoyunların bir qismini satmışlar və qıza 2500 manata yataq mebeli, 2500 manat məbləğində cehiz almışlar. Ferma əhli kimi ona bir soyuducu hədiyyə etmişik, yun yorgan-döşək vermişik. Həmin toydan sonra Cəmil fermadan çıxıb Müşfiq qəsəbəsinə gəlmiş və daş karxanasında işləməyə başlamışdır. 
2015-ci ilin aprel ayında Rəfail 15-20 baş qoyun satdı ki, pul lazımdır, vəkil tutmuşuq özümüzə doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi düzəltdiririk. Mayın 19-da Rəfayıl icazə aldı ki, Müşfiq qəsəbəsinə qardaşı Cəmilə dəymək istəyir. Mayın 20-də səhər tezdən saat 11 radələrində oğlum Seyrana Vasif adlı vəkil zəng edib ki, bunlar mənim yerlilərimdir, sizin bunlara 20000 manat borcunuz var, onu da verin heyvanlarını da. Bununla bağlı vəkillə oğlum Seyranın mübahisəsi düşüb. 20 may 2015-ci ildə, saat 15 radələrində 7 ədəd “CİP” markalı maşın fermaya gələrək təsərrüfatı mühasirəyə almış, Rəfayılı müxtəlif yerlərdə kameraya çəkmişlər. Fermada olan 30-a yaxın qadın və uşaq həyacan keçirməli olmuşdur. Gələnlər özlərini Daxili İşlər Nazirliyin Baş İnsan alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları olmasını və əməliyyata həmin idarənin rəisi, General Şərif Əsədullayevin göstəriş verməsini bildirmişlər. Məni bir maşına, oğlum Əzizi bir maşına, çoban Bəylər Məhərrəmovu da bir maşına basaraq Bakıya İnsan Alveri ilə Mübarizə İdarəsinə gətirdilər. Məni xeyli sorğu-suala tutdular. 21 mayda saat 01 radələrində buraxdılar, oğlum Əziz və çoban Bəyləri saxladılar. Ora-bura əl atdıq ki, Şərif Əsədullayevə adam tapaq. 

“Mənə, oğlanlarım Seyran və Əzizə qarşı cinayət işi qaldırıblar ki, guya biz bir ailəni məcburi əməyə cəlb etmişik...” 

Məlum oldu ki, mənim yaxın tanışım, maldarlıqla məşğul olan, “Hökməlili Qoç” Ş. Əsədullayevlə yaxındır. Qoçla əlaqə saxladım, dedi ki, sabah saat 12-də ol Bakıda, mən gedib Şəriflə danışaram. 21 mayda gəldim Bakıya, Qoçla görüşdüm, getdik Şərifin yanına, mən gözlədim Qoç girib Şəriflə danışdı, saat 15-16 radələrində oğlum Əzizi və çoban Bəyləri buraxdılar. Qoça minnətdarlıq etdim. Məndən heç nə istəmədilər. İyul ayında eşitdik ki, mənə, oğlanlarım Seyran və Əzizə qarşı cinayət işi qaldırıblar ki, guya biz həmin ailəni məcburi əməyə cəlb etmişik. 
2016-cı ilin yanvarın 18-i olardı ki, bizdən şikayət edən Rəfayıl oğlum Seyranla yatağa gəldi və bir gecə bizdə qaldı. Bizdən üzr istədi ki, səhv etmişəm, məni vəkil Vasiflə müstəntiq Tərlan öyrədir, barışmaq istəyirəm, qoymurlar. 
Bu ilin 26 yanvar tarixində oğlum Seyran, dostu Nəriman Dibirovla idarəyə, müstəntiqin çağırışına getdi. Saat 17-də müstəntiq Tərlan onu həbs etdi. Bu barədə Nəriman Dibirov mənə məlumat verdi, mən də Qoçla əlaqə saxladım, bildirdim ki, oğlum Seyranı müstəntiq saxlayıb. Qoçla görüşüb Bakıya Şərifin yanına gəldik. Mən gözlədim, Qoç girdi Şərifin yanına. Xeyli sonra çxdı ki, “...Şərif 60.000 manat istəyirdi, yalvar-yaxar 40000-ə saldırmışam”, -dedi. Artıq çarəsiz qalmışdım, bildirdim ki, mən o pulu tez düzəldə bilmərəm, sən zamin dur oğlum Seyranı buraxdır və vaxt al, nəyimiz var sataq düzəldək gətirək. Qoç zamin durdu, oğlum Seyranı 30 saatdan sonra 28.01.2016-da saat 00:30 -da buraxaraq bir həftə vaxt verdilər.

“Rəis Ş.Əsədullayev göstəriş verdi ki, pulu qaytar ona, kim zamin durubsa, o gətirsin...”

Hörmətli cənab Prezident!
2014-cü ilin noyabrın 14-də illik 6% olmaqla sahibkarlığa yardım fondundan 40000 manat kredit götürərək 350 baş qoyun almışdıq. Qoyunları 500 başa çatdırmışdıq. Daxili İşlər Nazirliyin Baş İnsan alverinə qarşı Mübarizə İdarəsinin rəisi, general Şərif Əsədullayevə vermək üçün 400 baş qoyun, 25 baş inək satmağa məcbur olduq. Bizi necə qısnadılarsa, hər biri 110-120 manata gedəsi qoyunları orta hesabla 77 manata satdıq, bir az da borc tapdıq. 08 ferval tarixdə 10.000 ABŞ dolları, 24.000 manat pul düzəldib oğlum Seyran, mən və oğlumun dostu Dilbar saat 11:00 radələrində müstəntiq Tərlanın yanına gəldik. Oğlum Seyran pulu apardı Tərlana. Tərlan Şərifə məruzə edib ki, deyilən məbləği gətiriblər. Şərif soruşub ki, Seyran kiminlə gəlib, Tərlan deyib təkdir. Rəis Ş.Əsədullayev göstəriş verdi ki, pulu qaytar ona, kim zamin durubsa, o gətirsin. Seyran pulu gətirdi, biz Qoça zəng etdik ki, pulu götürmürlər, general deyir ki, Qoç özü gətirsin. Qoç dedi ki, yanınızda kim var, dedim oğlumun dostu var. Dedi ki, indi mən Şəriflə danışacam, deyəcəm ki, o mənim adamımdır, pulu gətirəcək, mən uzaqdayam. Bir azdan Qoç zəng etdi, oğlumun dostu Dilbar pulu aparıb Tərlana verdi ki, məni Qoç gondərib. Tərlan pulu alandan sonra oğluna zəng etdi ki, çatdı. 12 fevralda axşam müstəntiq Tərlan oğlum Seyrana zəng etdi ki, təcili gedin zərərcəkənlərlə razılaşın, həm də qərara gəlin ki, məhkəməyə hansınızı verim. Üçünüzü də qutara bilmərəm, biriniz Ağır Cinayətlər Məhkəməsinə getməlisiniz. 16 fevral tarixdə mən, oğlum Seyran, dostları Dilbar və Kamran getdik Bakı Şəhəri “20 yanvar” metrostansiyasının yanında çayxanada vəkil Vasif, şikayətçilər Rəfayıl, Cəlil və anaları Dilarə ilə görüşdük. Vəkil Vasif dedi ki, 20.000 manat verəcəksiniz, məhkəmədə şikayətçi olmayacağıq. Başa saldıq ki, nəyimiz var satmışıq vermişik Şərifə, o pulu verə bilmərik. Son danışıqları belə oldu ki, 15000 manatdan bir qəpik aşağı olmaz. Cənab Prezident, cənab Baş Prakuror, cənab Nazir! İndi biz bu Şərif alan 40.000-dən başqa 15.000 manat da şikayətçilərə verməliyik və birimiz də məhkəmə məsuliyyətinə verilməliyik. İndiyə kimi də müstəntiqdən xahiş edirik ki, fermada bizimlə çalışan çoban ailələrini dindirsin ki, biz onlardan hansını işlədib pulunu verməmişik? 60 başa yaxın qoyun və 3 baş inəyi şikayətçilərə zəhmət haqqı kimi biz verməmişikmi? Hazırda fermada onların 16 baş qoyunu, 3 baş inəkləri var. Müstəntiq və vəkil qoymurlar ki, gəlib heyvanlarını aparsınlar. Deyirlər 15.000 manatı alandan sonra gedib gətirərsiniz. Bu minvalla Şərif bizi və çobanları zəlil gününə qoyub. Bu ilin mayından aldığımız 40.000 manat kreditin hər ay 2200 manatını ödəməliyik. 
İndi Allahı, İmanı, İnsafı, haqqı, ədaləti, qanunu, nəhayət, vicdanı nəzərə alaraq bizə yol göstərin ki, biz neyləyək! 
Hörmətlə,
A.A.Kərimov

Redaksiyadan: Dünən gün ərzində dəfələrlə Daxili İşlər Nazirliyi Baş İnsan alverinə qarşı Mübarizə İdarəsinin rəisi, general Ş.Əsədullayevlə əlaqə saxlamağa çalışdıq. Həmçinin müstəntiq Tərlan Zeynalovla danışıb məsələyə aydınlıq gətirməsini istədik. O, bu barədə DİN-nin mətbuat xidmətinə müraciət etməyimizi məsləhət gördü, general Ş.Əsədullayevlə əlaqə yaradılacağına söz versə də günün sonunadək bu baş vermədi...
Qarşı tərəfin də mövqeyini təqdim etməyə hazırıq...


(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu
 






Fikirlər