01.09.2014- İcra hakimiyyətinin 130 minini kim mənimsəyib?

01.09.2014- İcra hakimiyyətinin 130 minini kim mənimsəyib?Dörd ildir aidiyyəti qurumlara müraciət etsə də, probleminin həll edilməməsindən gileylənən, Yasamal rayonu, N.Hikmət küç 32, mən, 4 ünvanda yaşayan F.N.Məhərrəmovun redaksiyamıza ünvanladığı məktubu olduğu kimi sizlərə təqdim edirik
Adam haqsızlıqla, ədalətsizliklə, insafsızlıqla, vicdansızlıqla rastlaşanda dəhşətə gəlir.

Bir parça ət olan ürək dözmür. Haqlı şikayət ərizəsi yazanı həyat dolanışığı, problemi olanları həyat sıxır, məcburiyyət qarşısında acizləşir, məcbur olub dünyasını dəyişir.

Mənim uzun müddət həyat və istehsalat təcrübəm var. Övladlarımı kirayədə, dolanşıqlarını çətin vəziyyətdə görəndə, mən kövrəlib ağlayıram. Öz xeyrini oğlum Məhərrəmov Yaşarın şərində görən dələduz Mamedov Faiq Bayram oğlu dövlətin 130 000 ABŞ dollarını mənimsəyib.

Dörd ildir ki, tədbir görən yoxdur. İnzibati orqanlarda işləyənlər qanuna istinad edib tədbir görməlidirlər. Ancaq dörd ildir ki, qalmışıq acınacaqlı vəziyyətdə. Belə ki, Yevlax rayon İcra Hakimiyyəti tərəfindən oğlum Məhərrəmov Yaşara etibar edilərək Çin dövlətindən Yevlax şəhərinin abadlaşdırılması məqsədi ilə elektrik avadanlıqları gətirilməsi üçün 2010-cu ilin may-iyun aylarında 130 000 (ekvivalent) ABŞ dolları verilmişdir. Ancaq müqavilə 01 fevral 2011-ci il tarixdə şərtlərə diqqət yetirilmədən tərtib edilmişdirYevlax rayon İcra Hakimiyyətinin Çindən elektrik avadanlıqları gətirməsi üçün Yaşara pul verilməsindən Qasımov Rasim Qasım oğlu, Paşayev Nazim, Məhərrəmov Yaşar bir yerdə olarkən, söhbət əsnasında xəbər tutan Yaşarın “dost” bildiyi, vaxtı ilə Qasımov Ramizin tanış etdiyi Sabirabad rayon sakini, vaxtilə polis sistemindən qovulmuş, həbs edilmiş (sonradan məlum olmuşdur) Paşayev Nazim Yaşara bildirmişdir ki, sən Çinə getmədən, Çinlə daim işləyən dostum var, Çin dilini yaxşı bilir, oranın hər yerinə bələddir, yaxşı tanıyır. Həmin dostu olan Mamedov Faiq Bayram oğlu ilə telefon əlaqəsi yaradım görək nə deyir. Həmin vaxtı Faiq Çində olmuşdur. İşin mahiyyətini Nazim Faiqə deyəndə Faiq bildirmişdir ki, heç bir problem yoxdur. Mənim Bakı şəhərində yaxın adamlarım var. Qardaşım Binə-Sədərək Ticarət Mərkəzində valyuta dəyişir. Şəxsi sürücüm Kərimov İlqar İsa oğlu, yaxın dostum Abbas Yaşar pulu versin, onlar mənə çatdıracaqlar. Mən də Çindən zavodlara gedərəm, tələb edilən avadanlıqları sifariş verib, alıb göndərərəm.

Bununla əlaqədar Yaşar zəhmət çəkib Çinə gəlməsin. Elə də edirlər. Yaşar 130 000 ABŞ dollarını təkbaşına yox, Qasımov Ramizin, Paşayev Nazimin, Məcidov Rövşənin, Məcidov Vəlinin və Baxşəliyev Şahinin iştirakı ilə 2010-cu ilin may-iyun aylarında Bakı şəhərində Faiqin yaxınlarına 130 000 ABŞ dollarını müxtəlif tarixlərdə, müxtəlif miqdarda vermişdir. Bunu Yasamal rayon Polis İdarəsinin müstəntiqi Məşədiyev Tural Natiq oğlu apardığı başdansovdu istintaqın 13.09.2013-cü il tarixli qərarın 5-ci abzasında Yaşarın pulu Faiqin yaxınlarına verməsini qeyd etmişdir. Mamedov Faiq Bayram oğlu barəsində cinayət materialını müstəntiq Məşədiyev Tural Natiq oğlu 13.09.2013-cü il tarixdə icraatına qəbul etmiş, 10 gün saxlamış, 03.09.2013-cü il tarixdə Faiqə qarşı cinayət işi başlanmasını guya Mamedov Faiq istintaqa izahat verməyə gəlmədiyinə görə rədd edib, Yasamal RPİ-nin arxivinə vermişdir. Yasamal rayon prokuroru işə qarışandan sonra yenidən cinayət materialı Yasamal rayon DİŞ-nin istintaq şöbəsinə qaytarır. Material, hələ də, istintaq şöbəsindədir.

Belə güman edirəm ki, müstəntiq Məşədiyev Tural Natiq oğlu Mamedov Faiqlə ya yüz otuz min ABŞ dollarına şərikdir, ya da rüşvət hesabına Faiqi istintaqa cəlb edə bilmir. Belə müstəntiqə “əhsən”. Belə də, məsuliyyətsizlik olar?

Necə ola bilər ki, şəhər sərnişin avtobuslarında cibgirlik edənlər, narkotik maddələrin satışı ilə məşğul olanlar tezliklə yaxalanır, ancaq prezidentin Yevlax şəhərinin abadlaşdırılmasına vermiş 130 000 ABŞ dollarını dələduzluq yolu ilə mənimsəyən Mamedov Faiq barədə ondan qorxaraq 4 ildir inzibati tədbir görülmür. Hətta 4 ildir onu izahat verməsi üçün Yasamal RPİ-nə gətirə bilmirlər. O, kimin ərköyünüdür bilinmir. Bu günə kimi oğlum, Faiqdən nə verdiyi pulu, nə də elektrik avadanlıqlarını ala bilmir. Faiq kimdir? Bizim ailəni ağlar günə qoyan. Bu barədə, yəni dələduzluq yolu ilə dövlətin 130 000 ABŞ dollarını mənimsəyən Mamedov Faiq Bayram oğlunun barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün müstəqil Azərbaycan dövlətinin bütün direktiv orqanlarına dəfələrlə rəsmi müraciət etmişəm. Mən, olduqca təəssüf edirəm. Dövlətin pulunu mənimsəyənin öhdəsindən inzibati orqan gələ bilmir. Mənim müraciətlərimi nəzərə alan da yoxdur. Dörd ildə Mamedov Faiq barədə yazmışam. Bəlkə də, bir tondur. Mənim ərizə və şikayətlərimə baxan yoxdur. Ona görə, Sizə sığınıb, Sizdən imdad diləyirəm. Bilmək istəyirəm ki, Mamedov Faiq Bayram oğlu barəsində cinayət işi nə vaxt başlanacaq və nə vaxt başa çatacaq? Çünki bizlər, dörd ildir ki, əzab-əziyyətdəyik.
(dia.az)






Fikirlər