Bakıda REKTORUN xanımına hücum edən maskalılar kimdir?
Azərbaycan Dillər Universitetinin rektoru Dünyamin Yunusovun evində oğurluq hadisəsi baş verib. Bu barədə ANS PRESS-ə rektorun oğlu Aqşin Yunusov məlumat verib. Onun sözlərinə görə, oğurluq Xətai rayonu Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında baş verib. "Anam Zəridə Yunusova ingilis dili müəlliməsidir. Məktəbdən evə qayıdanda üzərində qızıl görüblər deyə onu izləyiblər. Anam binanın girişindən daxil olanda 4 oğrudan ikisi onun ardınca binaya daxil olub. Zəridə müəllimə qapını açanda isə iki maskalı şəxs ona hücum edib, itələyib mənzilə soxulublar. Pul tələb ediblər, lakin anamın "pulumuz yoxdur, biz müəllim ailəsiyik" deməsindən sonra evdə olan qızıl əşyalarını götürərək qaçıblar". Aqşin Yunusov deyir ki, oğrular qaçandan sonra anası Zəridə Yunusova ilk olaraq ona zəng vurub. Evə gələn Aqşin dərhal Xətai rayon polis şöbəsinə xəbər verib. "Xoşbəxtlikdən binanın yanında olan internet klubda kamera olduğu üçün oğruların qaçdığı maşın qeydə alınıb. Həmin maşının izi ilə polislər iki oğrunu saxlamışdılar. Saxlanılan iki nəfər isə digər iki nəfərin yerini bildirib. Beləliklə, 4 oğrunun hər biri polis şöbəsində saxlanılır". Rektorun oğlu hadisəni törədənlərdən birinin qadın olduğunu dedi. Saxlanılanlar Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadədir. Aqşinin sözlərinə görə, saxlanılanlar əvvəl də cinayət törədiblər. "Onlar qızıl əşyalarını dəyər-dəyməz qiymətinə satıb Moskvaya qaçmağa hazırlaşıblar, lakin polis onları vaxtında tuta bilib. Qızıllar da hazırda polis bölməsindədir. Ekspertizadan sonra onlar anama qaytarılacaq", - deyə hadisədən zərər çəkmişin oğlu danışdı. Hadisə hazırda Azərbaycan Dillər Universitetində müvəqqəti rektor vəzifəsini icra edən Dünyamin Yunusovun evində baş verib. O, bu vəzifəni 2015-ci ilin noyabr ayının 25-dən icra edir. Dünyamin Nurqələm oğlu Yunusov - 1951-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu 1973-cü ildə fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə İngilis dilinin qrammatikası kafedrasında müəllim saxlanılıb. Uzun müddət ADU-nun prorektoru vəzifəsində çalışıb. Evlidir, iki övladı və iki nəvəsi var.