MTN sayağı humanizm: “Pul hər şey deyil, arada qadın da lazımdır”

Ötən günlərdə sabiq MTN rəhbəliyinin ailəli qadın və kişilərin başqaları ilə yaşadıqları sevgi macəralarından şantaj məqsədi ilə istifadə edərək milyonlar qazandığından bəhs etmişdik.

Vurğulamışdıq ki, bu qəbildən olan cütlüklərin görüş yerini nəzarətə götürən Eldar Mahmudovun yetirmələri onların sevgi səhnələrinin videogörüntülərinə sahib olandan sonra bu şəxslərə qarşı ağır tələblər irəli sürür, onları daim qorxu və səksəkə içində saxlayırdı. 

Həmin yazını bu linkdən oxumaq olar--- (moderator.az/news/143697.html ).
 
MTN tələsi: bir saatlıq zövqdən bir ömürlük əsirliyə... 
Məlum olaylarla bağlı Moderator.az-ı bilgiləndirən özəl mənbə sabiq rəhbərliyin puluna əl qoyduğu bəzi qadınların namusuna da göz dikdiyini, onları şantaj edərək özlərinin və digər şəxslərin cinsi istismarına məruz qoyduğunu bildirib:
“Sabiq MTN rəhbərliyinin evli şəxslərin kənardakı sevgi macəralarını nəzarətə götürməkdə əsas məqsədi şantaj yolu ilə mümkün qədər çox pul qazanmaq olsa da, paqonlu şeytanlar bu imkandan öz şəhvət və ehtiraslarını təmin etmək üçün də yararlanır, bundan yalnızı fiziki deyil, həm də psixoloji zövq alırdılar. Belə ki, şantaj etdikləri, psixoloji şok yaşadaraq pullarına əl qoyduqları bəzi qadınların gözəlliklərindən faydalanmaq istəyən paqonlu quldurlar canını MTN-nin pəncəsindən qurtarmağa çalışan qadınlara başa salırdı ki, “pul heç də hər şey demək deyil”. Yəni məsələnin tam olaraq həll olunması üçün onlar qarşı tərəfi bir qadın kimi də məmnun etməli, cinsi istəklərini təmin etməlidir. İntim videogörüntülərin əsirinə çevrilən qadınlar əksər hallarda bu tələbi də yerinə yetirməyə məcbur olur, hətta aylar sonra belə MTN rəhbərliyinin bir telefon zəngi ilə onlarla növbəti dəfə yatağa girməyə məcbur olurdu. Başqa sözlə desək, MTN-nin təşkil etdiyi bir əməliyyat qadınları bir ömür boyu köləyə çevirirdi”.
Tamaşa haqqı, yaxud canlı seks izləmək üçün ödəniş...
Mənbənin sözlərinə görə, bu cür cütlüklərlə bağlı müntəzəm surətdə həyata keçirilən əməliyyatlar bütün bunları MTN - nin bir sıra əməkdaşları üçün adi, gündəlik əyləncə halına gətiribmiş. Hətta cütlüklərin sevgi səhnələrini idarəyə məxsus xüsusi avtomobildə oturaraq mini kameralar vasitəsi ilə bilavasitə seyr edən əməliyyatçılardan həmin əməliyyat qrupuna rəhbərlik edən MTN yetkilisi “seks tamaşaları” üçün məxsusi pul da yığırmış:
“İnsanların şəxsi hisləri ilə əylənən, onların yataqlarına qədər boylanan MTN rəhbərliyi tabeçiliyindəki şəxslərə zarafatla bildirirdi ki, əslində onlar vaxtaşırı canlı seks izlədikləri üçün rəhbərliyə pul ödəməlidir. Qrup rəhbəri bildirirdi ki, dünyanın heç bir ölkəsinin xüsusi xidmət orqanlarının işi bu qədər “zövqlü və əyləncəli” deyil.  
Rəhbərliyin yarızarafat-yarıciddi “nəsihətindən” sonra avtomobildəki əməliyyat qrupu işi daha əyləncəli vəziyyətə gətirmək üçün pul yığaraq “tamaşaçı haqqı” olaraq rəhbərliyə təqdim edir, uğurla başa çatan hər əməliyyatdan sonra isə bu əməliyyatdan öz “halal” pullarını götürürmüş. MTN rəhbərliyinin təbirincə desək, onlar pulu zövq alaraq, əylənərək əldə edirdi”.
Əməliyyat xərci və ya Amerikada oxuyan “uşaqlar”
Bilgili qaynağın sözlərinə görə, MTN rəhbərliyi bu cür əməliyyatlar üçün gərəkli olan əməliyyat xərcini  də on dəfələrlə artırılmış şəkildə cütlüklərin üzərinə qoyur, bunu qəribə məntiqlə izah edirdi:
“MTN tərəfindən tələyə salnan və şantaj edilən cütlüklərdən tələb olunan pul alınandan sonra rəhbərlik onlardan ayrıca “əməliyyat pulu” da tələb edir, “dövlətin pulunu”yerinə qoymağın vacibliyini vurğulayırdı. İşin ən maraqlı tərəfi isə bu idi ki, rəhbərlik tərəfindən əməliyyat xərci on və ya yüz dəfələrlə şişirdilir, az qala fantastik səviyyəyə çatdırılırdı. Rəhbərlik şantaja məruz qalan şəxsləri inandırırdı ki, onlar bu əməliyyatın təşkilinə on min manatlarla vəsait xərcləyilər. Belə ki, bu əməliyyatın keçirilməsi üçün digər əməliyyatlar təxirə salınıb, avtomobillər ayrılıb, yanacaq, texniki təchizat, agentura şəbəkəsi və s. kimi məqsədlərlə böyük pullar xərclənib. Bundan başqa, MTN rəhbərliyi basqına məruz qalan cütlükləri inandırırdı ki, əməliyyatda iştirak edən uşaqlar “elə-belə uşaqlar” deyil. Onlar Amerika, İngiltərə, Almaniyada təkmilləşdirmə kursları keçən, dövlət tərəfindən oxudulan uşaqlardır. Yəni onlar “hər elə-belə əməliyyata” cəlb edilmir. Odur ki, xaricdə oxuyan bu uşaqların haqqını vermək lazımdır”.
Mənbənin sözlərinə görə, MTN tərəfindən şantaj edilən, ağır psixoloji travmalar alan qadınların bir çoxu baş verənlərdən sonra xarici ölkələrdə bərpaedici psixoloji müalicələr almış, bəziləri isə bu günün özündə də müalicə prosesini davam etdirməkdədir.
Bütün bunlardan sonra MTN adlanın bir qurumun prezident İlham Əliyev tərəfindən yerli-dibli ləğv edilməsinin başqa alternativi qalmadığına şübhə yeri qalmır. Eyni zamanda Milli Qəhrəman Mədət Quliyevin yeni yaradılan DTX-yə rəhbər gətirilməsindən sonra nüfuzu yerlə bir olmuş Azərbaycan çekistlik məktəbində yaşanan saflaşdırma, təmizləmə əməliyyatı da onu iddia etməyə əsas verir ki, adı bu və ya digər formada işgəncə maşınında keçən və insanların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol vermiş heç kəs cəzadan qurtula bilməyəcəık, gec-tez Allah və qanun qarşısında törətdiyi əməllərə görə cavab verəcək. 






Fikirlər