Mahmudov məmurları HACI Məmmədov vasitəsilə şantaj edib?

Keçmiş milli təhlükəsizlik nazirinin əməlləri barədə yeni faktlar

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov məmurları şantaj etmək üçün adam oğurluğu və qətllər törətməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən DIN-in keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovdan yararlanıb.

Redaksiyamıza daxil olan məlumata görə, Hacı Məmmədovda məmurlar barədə qiymətli məlumatlar olub. Eldar Mahmudov da həmin məlumatlar vasitəsilə məmurları şantaj edib.
Bəzi məmurlar Hacı Məmmədova məxsus “Qarabulaq” Istirahət Mərkəzində çəkilmiş videolarla şantaja məruz qalıb. Onlardan xərac alınmaqla yanaşı Eldar Mahmudova işləmək də tələb olunub. Bəzi məmurlara isə Hacı Məmmədovun adından məktublar yazılıb. Bu məktublarda həmin məmurlar haqqında olan kompromatlara işarə edilib. Məlumatda həmçinin bildirilir ki, Hacı Məmmədovun şifrəli rəsmləri də məmurları şantaj etmək məqsədi daşıyıb. Həmin rəsmlər vasitəsilə konkret şəxslərə mesajlar verilib. Iddialara görə, hazırda “MTN işi”nin istintaqında bu məsələ də ciddi şəkildə araşdırılır.
Xatırladaq ki, bir müddət əvvəl Eldar Mahmudovun əlində ölkənin tanınmış şəxsləri və məmurlar barəsində 2800 ədəd intim video olduğu barədə məlumat yayılmışdı. Bu məlumat hakimiyyətdə ciddi narahatlıq yaratdığından Eldar Mahmudovun əlində olan kompromatlarla bağlı araşdırmalara başlanılıb. Hətta Eldar Mahmudov və dəstəsinin nəzarətində olan media qurumları, onların rəhbərləri ciddi nəzarətə götürülüb.






Fikirlər