Hansı məmur Mahmudova HAQQ ödəyib?
“MTN işi”nin istintaqında keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və dəstəsinin xeyli sayda məmurdan xərac alması ilə bağlı məlumatlar yayılmaqdadır. AzerTaym.az xəbər verir ki, azadliq.info-nun yaydığı xəbərə görə, indi həmin məmurların hansı səbəbdən Eldar Mahmudova külli miqdarda xərac verməsi araşdırılır. Xərac verən məmurların bir çoxu hazırda bu faktları danmaq yolunu tutub. “Onlar Eldar Mahmudov və dəstəsindən ehtiyat edirlər. Ehtimal olunur ki, şəbəkədə bu məmurlar haqqında ciddi kompromatlar var. Məmurlar da həmin kompromatların şəbəkə tərəfindən hansısa formada mediaya ötürülə biləcəyindən ehtiyat edirlər. Hər halda Eldar Mahmudov həbsdə deyil və onun kənarda əlaqələri hələ də var. Onun həbs olunmamasının səbəbi də elə budur”. Qeyd edək ki, mediada Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovla Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadədən MTN rəhbərliyi tərəfindən külli miqdarda pul alındığı barədə məlumat yayılmışdı. Tağı Əhmədov bu məlumatı təkzib etsə də, sonradan bu məsələnin istintaqda üzə çıxdığı barədə xəbər yayıldı. Bundan sonra Tağı Əhmədov susmağa üstünlük verdi. Əhməd Əhmədzadə isə ümumiyyətlə barəsində yayılan məlumata münasibət bildirməyib.