143 vəzifəli şəxsin CİNAYƏT işi məhkəmədə
2016-cı ilin I yarısında dövlət və özəl sektorda çalışan 143 vəzifəli şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. APA-nın məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2016-cı ilin I yarımili ərzində görülmüş işlərlə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
O, qeyd edib ki, həmin cinayət işlərindən 48 şəxs barəsində 25 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 30 şəxs barəsində 27 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 25 şəxs barəsində 17 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aşma, 7 şəxs barəsində 7 iş rüşvət alma, 7 şəxs barəsində 4 iş rüşvət vermə, 3 şəxs barəsində 2 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 2 şəxs barəsində 1 iş vəzifə saxtakarlığı, 21 şəxs barəsində 17 iş isə digər faktlarla əlaqədar olub.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 9 milyon 785 min manat ziyandan istintaq müddətində 3 milyon 151 min manat və ya 32,2 % ödənilib, qalan ziyanın ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.