“Heç nədən xəbərim olmayıb” - Mahmudov ifadə verdi
Ləğv edilmiş Milli Təhülkəsizlik Nazirliyinin generalı Akif Çovdarovun ittiham olunduğu epiozodlardan biri, dövlət büdcəsinin mənimsənilməsi işi üzrə sabiq nazir Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudov da istintaqa cəlb olunub AzerTaym.az xəbər verir ki, "qafqazinfo”nun əldə etdiyi məlumata görə, A.Çovdarov mənbələrin mükafatlandırılması adı ilə büdcədən 2 milyon 917 min manat pul mənimsəyib.
Çovdarov ifadəsində özünü təqsirli bilmədiyini deyib:"Nazirlikdə müvəqqəti cəlb olunmuş şəxslərə pul mükafatlarının verilməsi məsələsində maddi məsul şəxs idim. Əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün MTN Maliyyə İdarəsinin kassasından pul götürülməsi üçün keçmiş nazirin adına raportla müraciət edirdim, sonradan isə öz idarəmin əməkdaşlarına vəkalətnamə verirdim. Həmin əməkdaşlar da pulları götürüb müvəqqəti cəlb olunmuş şəxslərə verirdilər. Əməliyyat təminatı məqsədilə müvəqqəti cəlb olunmuş şəxslər barədə baş idarədə heç bir məlumat yoxdur. Heç bir rəsmiyyətdə əks olunmayıb. Tam məxfi rejim şəraitində onlarla əməkdaşlıq edilib və mükafatlandırılan şəxslərə pullar verilərkən məxfiçilik qaydalarına görə onlardan heç bir qəbz alınmayıb. Eyni zamanda əməliyyat başa çatdıqdan sonra həmin agentura hissəsi ilə bağlı bütün məlumatlar aktlaşdırılaraq məhv edilib. O pullar nazirə və ya nazirin köməkçisinə verilməyib”.
İş üzrə dindirilən baş idarənin II İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Əliyev bildirib ki, A.Çovdarovun verdiyi vəkalətnamələr əsasında Maliyyə idarəsinin kassasından ümumilikdə 890 000 manat, 405 000 ABŞ dolları və 790 000 avro məbləğində pul götürüb və vəsaitləri nağd şəkildə heç bir sənədləşmə aparmadan ona verib:
"Akif Çovdarov mənə raportlara əsasən alınmalı olan pul vəsaitlərini məlumat mənbələrinə şəxsən özünün təqdim edəcəyini dedi, lakin xəzinədarlıqdan pul götürməyi özünə sığışdırmadığına görə bu işi mənə həvalə etdi. Vəkalətnamələr də bu məqsədlə verilib. Təxminən 1 ay ərzində xəzinədarlıqdan təxminən 1 milyon manat götürüb Akif Çovdarova vermişəm. Bir qədər sonra məni xidməti iş otağına çağıraraq içərisində 1 milyon olan çantanı nazirin köməkçisinə verməyi tapşırdı. Mənə "bunların içində olan pullar mükafatlandırmaya dair alınmış vəsaitdir və mükafatı alacaq şəxslərə təqdim ediləcək” dedi. Mən də çantaları götürüb Eldar Mahmudovun köməkçisinə verdim. 2014-cü ilin əvvəllərində 2013-cü ilə dair maliyyə hesabatları aparılan zaman nazirin köməkçisi Vüqar Mahmudov zəng edərək maliyyə idarəsindən götürülən pullarla ona təqdim edilən pul arasında bir neçə min ABŞ dollar kəsir olduğunu dedi. Sonradan isə Vüqar Mahmudovun səhv hesablama aparması müəyyən edildiyindən həmin narazılıq aradan qalxdı”.
Sabiq nazir Eldar Mahmudovun köməkçisi olmuş, ehtiyatda olan polkovnik-leytenant Vüqar Mahmudov şahid qismində dindirilərkən bildirib ki, 2004-2015-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub:
"Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyininin 6-cı Baş idarəsinin rəisi vəzifəsində işləmiş Akif Çovdarov və həmin baş idarənin 2-ci idarəsinin rəisi vəzifəsində işləmiş Akif Əliyevi nazirlikdə işlədiyi zaman xidməti fəaliyyətimlə bağlı tanımışam”.
V.Mahmudov büdcədən pulun mənimsənilməsi ilə bağlı heç nədən xəbəri olmadığını deyərək məsələdə sabiq nazir Eldar Mahmudovun adının hallanmasına da aydınlıq gətirib: "Akif Çovdarov tərəfindən sabiq nazirə çatdırılması üçün mənə hər hansı pul vəsaiti, o cümlədən ümumilikdə 890.000 manat, 405.000 ABŞ dolları və 790.000 avro məbləğində pul vəsaitlərinin göndərilməsi halları olmayıb”.