“BİNA QƏSDƏN YANDIRILIB” – Şirkət rəhbərinin Mədət Quliyevə müraciəti
215-ci il mayın 19-da Binəqədidə 15 nəfərin öldüyü bina yanğını ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyevə müraciət olunub. Müraciət həmin yanğınla bağlı noyabrın 29-da keçirilən məhkəmə iclasında oxunub. Bəlli olub ki, müraciəti binanı poliuretan örtüklərlə üzləmiş «Global Construction» və həmin üzlükləri buraxmış «Global Stone» şirkətlərinin təsisçisi, bina yanğınına görə həbs olunmuş Miryusif Mahmudov edib. O, müraciətində yazıb ki, bina qəsdən yandırılıb. Məqsəd isə Avropa Oyunları öncəsi Bakıda təxribat törətmək olub.
Məhkəmədə Miryusif Mahmudovun vəkilləri deyib ki, istintaqa şahid Pərvin Kazımovun səs yazısını təqdim ediblər. O danışıqda da binanın yandırılmasının öncədən planlaşdırıldığı aydınlaşır.
Vəkillər həmin səs yazısının elan edilməsini istəyib. Prokuror deyib ki, əvvəlcə istənilən səs yazısının qanuni olub-olmadığı aydınlaşdırılmalı, bundan sonra səs yazısı elan edilməlidir.
Hakim isə məhkəmə iştirakçılarının nəzərinə çatdırıb ki, iş materiallarında adıçəkilən şahidin səs yazısı yoxdur. Bu da vəkilləri əsəbiləşdirib. Müdafiəçilər vacib sənədlərin cinayət işindən çıxarılmasından narazılıq ediblər. Məhkəmə dekabrın 1-də davam edəcək.(azadlıq.info)