Bir sensasion YANGIN iddiasının izi ilə..

 Bir sensasion yanğın iddiasının izi ilə...

Əməkdaşımız Binəqədidə yanan binanın “əkiz”ində təxribat cəhdini araşdırdı; Nərimanovdakı binanın yandırılması cəhdi ilə bağlı məlumatlara bina sakinləri nə dedi?

 

Ötən il mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümü, 56 nəfərin yaralanması ilə nəticələnmiş yanğının qəsdən törədilməsi haqda iddialar ciddiləşməkdədir. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə araşdırmalar davam etdirilir. İttihama görə, binanın üzləndiyi “poliuretan” adlı material keyfiyyətsiz olub, tez alışmasına səbəb də bu amil göstərilir. 
İş üzrə həbsə alınan  “poliuretan” istehsal edən  “Global Construction” MMC-nin təsisçisi Miryusif Mahmudovun vəkili İlhamə Həsənova “Yeni Müsavat”a müsahibəsində ilginc iddia irəli sürüb. Vəkil deyib ki, 2015-ci il mayın 19-na - məşum yanğına qədər də Bakıda “poliuretan”la üzlənmiş binaların qəsdən, silsilə olaraq yandırılmasına cəhdlər olub.
 
İ.Həsənova konkret ünvan da açıqlayıb - Nərimanov rayonu, Koveroçkin küçəsində yerləşən, veteranların binası. Deyib ki, 2015-ci il mayın 7-də prezident həmin binanın yenidən təmir edilməsindən sonra açılış mərasiminə qatılıb. 9 gün sonra, 2015-ci il mayın 16-da naməlum şəxslər binanın damına çıxaraq orada neft məhsuluna  batırılmış kəndiri yandıraraq üzü aşağı buraxıblar. Amma binanın üzləndiyi “poliuretan” alışmayıb və bu səbəbdən geniş sahəni əhatə edən yanğın meydana gəlməyib. Vəkil bu fakta görə Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində əmlakın qəsdən yandırılmasına cəhd maddəsi ilə cinayət işi başlandığını da açıqlayıb.
 
Vəkilin ilginc iddiasında qeyd etdiyi ünvana yollandıq. Koveroçkin küçəsi 70-78 saylı ünvanda 9 mərtəbəli bina Binəqədi rayonundakı yanan binanın sanki “əkiz” tayıdır. Fərq ondadır ki, Nərimanov rayonundakı  binanın 1-ci mərtəbəsində iaşə obyektləri deyil, Respublika Veteranlar Şurası yerləşir. 
Sakinlərdən öyrəndik ki, binanın “poliuretan” üzlükləri Binəqədidəki məşum yanğından sonra sökülüb, digər materialla üzlənib. Amma yaşadıqları binanın həmin yanğından 3 gün əvvəl qəsdən yandırılmasına cəhd olması haqda məlumatsız olduqlarını dedilər. 
Vəkil binanın damına çıxan naməlum şəxslərin orada yanğın törətməyə cəhd etdiyini də demişdi. Heç bir maneəsiz binanın damına qalxıb müşahidə apardıq. Damda diqqətimizi çəkən hərbi sursatların daşınması üçün nəzərdə tutulan qutu oldu. Qutunun içində heç nə yox idi. Ətrafda kəndir, tez alışan maye də gözə dəymirdi. Bina yerinə görə şəhərin dörd bir tərəfindən görünür. Binanın damından da şəhəri ovuc içində olan kimi nəzərdən keçirmək mümkündür. 
Əgər vəkilin iddiaları doğrudursa,  yanğını planlayanlar binanın yerini  xüsusi olaraq nəzərə aldıqları  şübhəsizdir. Əgər təxribat iddiası doğrudursa və Binəqədidəki deyil, Nərimanovdakı veteranlar birliyinin yerləşdiyi bina alışsaydı, yenə də insan tələfatı qaçılmaz olacaqdı. Binanın liftləri sovet dövründən qalmadır, pilləkənləri ensizdir. Üstəlik yanğın çıxışı da yoxdur. Fövqəladə hal yaransaydı, sakinlərin qaçıb canlarını qurtarmağa çox az vaxtları olacaqdı.  Bir məqamı da qeyd edək ki, bina Azərbaycan Müdafiə Nazirliyinin balansında olub və hərbçilər üçün nəzərdə tutulub. Bu gün də binada yaşayanların əksəriyyəti hərbçi ailələridir. Binanın arxa tərəfində Hərbi Prokurorluğun binası yerləşir, ön tərəfində isə həyətdə qazanxana və digər ictimai iaşə obyektləri var.
Binanın damından düşüb 4 bir tərəfinə quraşdırılan kameraların nə vaxt, kim tərəfindən quraşdırıldığı suallarına cavab axtardıq. Öyrəndik ki, kameralar Binəqədidəki məşum yanğından sonra binanın üzlüyü yenilənən zaman Veteranlar Şurası tərəfindən quraşdırılıb. Şuranın giriş-çıxış qapıları binanın əks tərəfindədir. Bu halda veteranlar binanın arxa tərəfində kameraları hansı məqsədlə quraşdıra bilərlər? 
Veteranlar Şurasının sədri keçmiş müdafiə naziri, general-mayor Dadaş Rzayevdir. Deyir ki, vəkil İlhamə Həsənovanın səsləndirdiyi iddiadan xəbərsizdir. Sabiq nazirin köməkçisi Akif Haqverdiyev isə məsələdən xəbərdardır. O, məsələ haqda əlüstü Dadaş Rzayevə məlumat verir və sabiq nazir çiyinlərini çəkib söhbətə başlayır.
“Miryusifin (”Global Construction" MMC-nin təsisçisi Miryusif Mahmudovu nəzərdə tutur- E.M) ofisi bu gün də “poliuretan”la üzlənib, sökməyiblər" deyən D.Rzayev ardından  “niyə sökməyiblər” sualını verib fikrini davam etdirir: “Binəqədidəki o dəhşətli yanğından sonra prezident qəti tapşırıq verdi ki, binalardan ”poliuretan" üzlüklər sökülməldir. Çoxları, baş nazirin müavini Abid Şərifov da təklif etdilər ki, bəlkə üzlükləri Avropa Oyunlarından sonra sökək. Prezident dedi ki, yox, dərhal sökülməlidir. Əgər Binəqədidəki binanı yandırıblarsa, deməli burada da belə cəhd ola bilər".
D.Rzayev bildirir ki, Koveroçkin küçəsindəki ofisə 2015-ci il mayın 7-də köçüblər: “Prezident açılışa gəldi, buranı açdı. Bizim təşkilat binanın 1-ci mərtəbəsində yerləşir, qalan mərtəbələrin bizə aidiyyəti yoxdur. Bizim təşkilata görə bütün binanı üzləmişdilər, abadlaşdırmışdılar. Bu binada təqaüddə olan, ehtiyata buraxılmış və hazırda qulluq edən hərbçilər yaşayır. 9 mərtəbəli binanın sakinləri hərbçilərdir. Bina sakinləri  də müxtəlif millətlərin nümayəndələridir”.
D.Rzayev  fikrini davam etdirir: “Binəqədidəki 9 mərtəbəli binada yanğından sonra bizim təşkilatın yerləşdiyi binanın ”poliuretan" üzlüyü də sökülərək digər materialla əvəzləndi. Yeni materialı Türkiyədən gətiriblər. Yanmayandır".
D.Rzayev binanın nəzarət kameralarının onların təşkilatının sifarişi ilə quraşdırıldığını bildirdi. İstefada olan general israr etdi ki, kameraların quraşdırılması sırf öz təhlükəsizliklərinin təmini məqsədi daşıyır. Amma həm də yanğın məsələsinə görə quraşdırıldığını da dilə gətirdi: “Pojar”, “neşastnı sluçay”, o qədər hadisə ola bilər ki... Sırf bu məsələlərdir".
D.Rzayev bildirdi ki, Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində təşkilatın yerləşdiyi binanın yandırılmasına cəhdlə bağlı onu, təşkilat üzvlərini sorğulamayıblar: “Ola bilər ki, sakinlərdən soruşublar. Digər tərəfdən də düşünəndə necə oldu o bina 27 saniyəyə yandı? İstintaq eksperiment  keçirsinlər. Yoxlasınlar ki, həmin saniyələr ərazində 9 mərtəbəli binanın üzlüyü o cür yana bilərmi? Deməli, burada nə isə var! Bəlkə də bizi istəməyən, milləti istəməyən adamlar bunu etdilər ki, Avropa oyunlarını kölgə düşsün. Hesab edirəm ki, özgə cürə ola da bilməz.”
Qeyd edək ki, Nərimanovdakı binanın yandırılması cəhdi ilə bağlı məlumatlara hüquq-mühafizə orqanları münasibət bildirməyə tələsmirlər. Qeyri-rəsmi mənbələr isə bildirirlər ki, iş üzrə istintaq yerində sayır. Binəqədidəki yanğın hadisəsinə görə binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktorunun müavini Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov istintaqa cəlb olunublar. Təqsirləndrilən şəxslər ittihamla razı olmadıqlarını bildirirlər. İş üzrə zərərçəkənlər də təqsirləndirilən şəxslərdən şikayətçi olmadıqlarını açıqlayıblar.
 
E.MƏMMƏDƏLİYEV
Fotolar müəllifindir







Fikirlər