Azərbaycanın bölgələrindən birində baş verən yanğına görə onlarla insan təxliyə edilib.

 ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, yanğın hadisəsi bu gün Mingəçevir şəhərində olub. 

Bildirilir ki, hər mərtəbəsi 600 kvadrat metr olan yeddimərtəbəli binanın dam örtüyününün 80 kvadrat metrlik hissəsi yanıb. Təhlükəsizlik məqsədilə yanğınsöndürənlər yanğın zamanı yuxarı mərtəbələrdə yaşayan 30 nəfər bina sakinini təxliyə edib. 

Binanın dam örtüyünün qalan hissəsi və 7-ci mərtəbədə yerləşən otaqlar yanğından mühafizə olunub. Yanğın səhər saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

ANS PRESS-in bölgə müxbiri hadisə nəticəsində ölən və yaralananların olmadığını bildirib. Eyni zamanda yanğın baş verən binanın tikintisi yarımçıq qalmış mehmanxana olduğu, sonradan həmin binada məcburi köçkünlərin məskunlaşdığı qeyd edilib.

Məlumata görə, bundan əvvəl binadakı məcburi köçkünlər bir dəfə köçürülüb, lakin sonradan orada başqa köçkünlər məskunlaşıb. Hadisə ilə bağlı istintaq aparıldığı, yanğının səbəbinin araşdırıldığı bildirilir.

Azərbaycanda ən dəhşətli yanğın mayın 19-da Bakıda baş vermişdi. Binəqədi rayonundayaşayış binasında baş verən faciə nəticəsində rəsmi məlumatlara görə, 16 nəfər həlak olmuş, 56 nəfər yaralanmışdı.


Yanan binanın yerləşdiyi ünvan


Yanğının baş verməsinə səbəb yaşayış binasının üzləndiyi üzlüklər olmuşdu. Araşdırmalar zamanı həmin üzlüklərin yanğına davamlı olmadığı, əksinə tez alışan material olduğu müəyyən edilmişdi. Hadisədən sonra həmin üzlüklərin istehsalçısı olan "Global Construction" şirkətinin rəhbəri iş üzrə şübhəli şəxs qismində saxlanılmışdı. Həmin yanğından sonra paytaxtdakı bütün üzlənmiş binaların üzlükləri sökülərək dəyişdirilmişdi. 


Mayın 19-da baş verən yanğın


Hazırda isə həmin bina yenidən təmir edilir və sentyabrın sonunadək sakinlərinə təhvil veriləcəyi gözlənilir. Halbuki təmir işləri indiyədək yekunlaşmalı idi. Ərazidəki təmir işlərinə nəzarət edən Tahir Məhəmmədov gecikməyə sakinlərin narazılığının səbəb olduğunu bildirib. Onun sözlərinə görə, bəzi vətəndaşlar öz mənzillərinin dizaynını dəyişmək istədiklərini bildirmişdi.




Binanın və mənzillərinin təmirdən sonrakı görünüşü