“Gəlib mənim suallarıma cavab versinlər” - ZEYNALOV

““Gəlib mənim suallarıma cavab versinlər” - Zeynalov

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda Rabitə Nazirliyinin baş mütəxəssisi Mikayıl Babayev ifadə verib.

Hakim digər şahidlərin məhkəməyə gəlmədiyini elan edib. V.Zeynalov buna etiraz edib: "Mən ifadə verməyəcəyimi deyəndə istintaqa ifadəmi elan edib qəbul edəcəyinizi deyirsiniz. Bəs bu adamlar niyə gəlib ifadə vermirlər?"

Hakim deyib ki, şahidlərin məhkəməyə gəlmək imkanı yoxdursa, onun da istintaq ifadəsi qəbul edilir.

Məhkəmə növbəti dəfə Vidadi Zeynalova sərbəst ifadə vermək təklif edib.

V.Zeynalov isə Maliyyə Nazirliyinin istintaqa cəlb olunan mütəxəssislərinin əlavə şahid qismində məhkəməyə gətirilməsini tələb edib: "Əgər o adamlar gəlib ifadə verməsə, mən də danışmayacam. Onlar ittihamdakı rəqəmləri şişirdiblər. Gəlib mənim suallarıma cavab versinlər".

Dövlət ittihamçısı Fərid Nağıyev əsas şahidlərin dindirilməsinin başa çatmadığı üçün əlavə şahidlərin çağırılması barədə vəsatətin baxılmamış saxlanılmasını istəyib. Məhkəmə kollegiyası V.Zeynalovun vəsatətini baxılmamış saxlayıb.

V.Zeynalov buna da etiraz edib: "Bu qədər insanın taleyini necə kənara ata bilərsiz?"

Məhkəmə V.Zeynalova ifadə verməsi üçün vaxt verib.

Məhkəmə prosesi fevralın 17-də davam etdiriləcək.

 






Fikirlər